BAKI, 8 may. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 8-də 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edib.

Bu barədə Teleqraf-a idarədən məlumat verilib.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə Türkiyə Cümhuriyyətində səfərdə olan QMİ sədri zirvədə fəxri qonaq olaraq çıxış edib.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin mənəvi dəyərlərimizi, milli kimliyimizi, tarixi nailiyyətlərimizi özündə ehtiva edən, sosial-iqtisadi münasibətlərdə türk dünyasının maraqlarını təmsil edən, dünya miqyasında geniş ictimai və mədəni fəaliyyətini yüksək dəyərləndirən A.Paşazadə Vəqfin 40 il ərzində həyata keçirdiyi humanitar layihələrə dünyanın hər yerində olduğu kimi Azərbaycanda da böyük rəğbət bəsləndiyini vurğulayıb, Vəqfin rəhbəri Akkan Suveri Azərbaycanın sadiq dostu adlandırıb.

Bildirilib ki, görüşlərimizin əsas məqsədi – dünyada baş verən qlobal fəlakətlərə və ictimai təhlükələrə qarşı birgə mövqeyimizi və həmrəyliyimizi nümayiş etdirməkdir: “Bu gün müasir dünyada meydana gəlmiş yeni təhlükəli meyllər, əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış dini-mədəni dəyərlərin təhrif və təhqir olunması, təəssüf ki, davam etməkdədir və bu da hər birimizin ümdə arzusu olan sülhün, barışın yaradılmasına ən böyük zərbəni vurmaqdadır. Biz dünyanın sabitliyinə təhlükə törədən bütün münaqişələrin, o cümlədən, Ukrayna, Yaxın Şərq, özəlliklə Qəzzada, Fələstində, habelə Afrikada müharibələrin tezliklə dayandırılmasının, ümumbəşəri mənafelər naminə sülh yolu ilə, beynəlxalq hüquq müstəvisində ədalətli həllinin tərəfdarıyıq”.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin 40-cı ildönümü ərəfəsində keçirilən toplantıda QMİ sədri A. Paşazadəyə qurumun ildönümü münasibətilə xatirə mükafatı təqdim olunub.

Tədbir çərçivəsində Şeyxülislam A. Paşazadə bir sıra tanınmış dövlət, din və ictimai xadimlərlə səmimi görüşlər keçirib.