BAKI, 25 aprel. TELEQRAF

Masallıda fəaliyyət göstərən “Qartal” restoranının qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, rayonun Binə Xocavar-Təzə Alvadı yolunda fəaliyyət göstərən restoran fiziki şəxs Əliyeva Nuranə İmran qızına məxsusdur.

Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı restoranda sanitar-gigiyenik tələblərin pozulduğu, mətbəxdə döşəmə və divar səthlərinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, restoranda mətbəxin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.