BAKI, 9 aprel. TELEQRAF
Yardımlı rayonunda orta məktəb şagirdi olan qıza qarşı cinsi zorakılıq törədilib.
Teleqraf xəbər verir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.
O bildirib ki, hadisəyə görə 4 nəfər həbs olunub:
“Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. Onlar arasında qızın anası da var. Azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci (Yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə) maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq aparılır”.
K.Ağazadənin sözlərinə görə, azyaşlı qız sığınacağa yerləşdiriləcək, reabilitasiyaya cəlb ediləcək.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf-ın sorğusuna cavab olaraq hadisəni təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.