
BAKI, 29 mart. TELEQRAF
"Ağcabədidə 13 yaşlı bir qız uşağının cinsi istismara məruz qalması və 24 yaşlı pedofildən uşaq dünyaya gətirəcəyi faciədir. Əfsuslar olsun ki, biz müasir dövrdə belə cinayət hallarına rast gəlirik. Əlbəttə baş vermiş hadisə özü-özlüyündə bir neçə vacib məsələni qabardır. Birincici, 13 yaşında qızın fiziologiyasında, davranışlarında dəyişiklik baş verir və ailə üzvləri bunu hiss etmir, narahat olmur. Adətən analar övladında hər hansı dəyişikliyi, problemi hər kəsdən əvvəl görməli, duymalıdır. Ancaq baş vermiş hadisədə biz bunun əksini görürük".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.
O bildirib ki, Ailə Məcəlləsində, "Uşaq hüquqları haqqında" Qanunda bir mənalı olaraq valideynin vəzifə və öhdəlikləri qeyd olunub: "Ailə Məcəlləsində" göstərilir ki, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (58.2 maddə). Həmin məcəllənin 60.2-ci maddəsində isə qeyd olunur ki, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Müvafiq olaraq valideyn məsuliyyəti ilə bağlı digər qanunvericilik aktları mövcuddur. Lakin baş vermiş bu hadisə bir daha valideyn məsuliyyətinin artırılması və tətbiq olunan sanksiyaların sərtləşdirməsi məsələsini aktuallaşdırır. Digər tərəfdən 13 yaşlı uşaq həm də məktəblidir. Uşağın dərsə davamiyyəti, hazırlıq səviyyəsi, psixoloji durumu müəllim, məktəb psixoloqunun diqqətini cəlb edə bilməməsidir. Ona görə də biz dəfələrlə bu məsələni səsləndiririk ki, məktəb psixoloqlarının sayının artırılmasına, onların bilik və bacarıqlarının yüksəldilməsinə ehtiyac vardır. Bu məsələ məişət zorakılığı hallarının kriminallaşdırılması məsələsini aktuallaşdırır”.
Komitə sədri vurğulayıb ki, “Ailə Məcəlləsinə, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisin 28 iyun 2024-cü il tarixində keçirilən iclasın III oxunuşunda bu kimi halların qarşısının alınması üçün bir sıra dəyişikliklər qəbul edilib: “Beləliklə nikah yaşının azaldılması ilə bağlı istisna ləğv edilib, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyət müəyyən olunur. Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir”.
Deputat təcrübədə bir çox hallarda yetkinlik yaşına çatmayanlar barəsində keçirilən elçilik, nişan mərasimlərinin qarşısının alınması məsul dövlət orqanları üçün çətinliklər yaratdığını söyləyib: “Bu cür sövdələşmələr və mərasimlər faktiki ailənin qurulması halı olmasa da, uşaq hüquqlarının məhdudlaşdırılmasına, təhsildən yayınmasına, uşaq psixologiyasında ciddi fəsadlara səbəb olur. Bu əməllərin qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddə daxil edilib. Həmçinin ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutan 189-2 və 189-3-cü maddələrin məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaqdır. Bu dəyişikliklər bu ilin iyul ayında qüvvəyə minəcək və güman edirik ki, bu həm valideynləri, həm də erkən yaşda qız uşaqları ilə evlənməyə cəhd edən insanları və buna rəvac verən digər strukturları bir daha məsuliyyətə cəlb olunması üçün çox yaxşı bir dəyişiklikdir”.
Hicran Hüseynova 13 yaşında çox böyük mənəvi, psixoloji, fiziki və fizioloji zorakılığa məruz qalan uşağın sonrakı taleyi, aldığı travmaların müalicəsi, onun reabilitasiyasının uzun sürən bir proses olduğunu diqqətə çatdırıb: “Əlbəttə ki, hamımız düşünməliyik ki, bu halların qarşısını almaq üçün hər birimiz məsuliyyət daşıyırıq. Bu hadisə, əlbəttə, həm zorakılıq, həm də cinayət hadisəsidir. Hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlar məsələ ilə bağlı lazımi tədbirlər görürlər. Bu mövzuda çoxlu suallar var. 13 yaşlı qız uşağı nə zaman cinsi istismara məruz qalıb? Çünki əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, nişan olub və bundan sonra qızın hamilə olduğu məlum olub. Mümkündür ki, bu qız uşağı əvvəlcədən cinsi zorakılığa məruz qalıb. Həmçinin, ailələr arasında məsələni ört-basdır etmək üçün razılığa gəlinərək nişan mərasimi təşkil edilib. Daha sonra, qızın hamiləliyi irəlilədikcə həkimə müraciət edilib. Əgər həkim polisə müraciət etməsəydi, bəlkə də bu cinayətin üstü açılmayacaqdı. Yəni burada çoxlu suallar mövcuddur. Hüquq-mühafizə orqanları cinayəti törədən şəxslə bağlı müəyyən qərarlar qəbul etsələr də, mən əminəm ki, ciddi araşdırmalar aparılacaq. Həm valideynlər, həm də bu uşağı cinsi istismara məruz qoyan şəxslə bağlı ciddi araşdırmalar həyata keçirilərək ədalətli qərarlar qəbul olunacaq. Mən bir qadın, ana, nənə və millət vəkili olaraq, uzun illər erkən nikahlara, məişət zorakılığına və zorakılıq hallarına qarşı mübarizə aparan bir şəxs kimi, bu hadisəni qətiyyətlə pisləyirəm. Bir daha valideynləri, təhsil müəssisələrini məsuliyyətli olmağa çağırıram”.
Qeyd edək ki, Ağcabədi rayonu Hindarx qəsəbə sakini ilə azyaşlı qız arasında rəsmi nikah münasibətləri olmadan yaxın əlaqə olub. Bu əlaqə nəticəsində azyaşlı hamilə qalıb. Nəticədə kişi cinsinə mənsub körpə dünyaya gəlib. Azyaşlının hamilə olması faktı Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən aşkar olunub və nəzarətə götürülüb. Doğuşa qədər azyaşlı rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi həkim yoxlanışına aparılması təmin edilmiş və riskli hamilə olaraq qeydiyyata alınıb.
Bundan əlavə, hadisə ilə bağlı azyaşlının təhsil aldığı Etibar İsmayılov adına Hindarx 1 saylı məktəbin direktoru Qarayev Qaryağdı Kərəm oğlu nəzarətsizlik səbəbilə işdən azad olunub. Azyaşlı ilə münasibətdə olan şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 152.4.1 maddəsinə uyğun olaraq 6 il azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 il sınaq müddəti ilə şərti hesab edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad edilib.