BAKI, 24 mart. TELEQRAF

Bu ilin iki ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azalaraq, 338 min 600 nəfər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 3,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Çindən - 1,8 dəfə, İspaniyadan - 1,7 dəfə, İordaniyadan - 44,6 faiz, Hindistandan - 44,0 faiz, Qırğızıstandan - 25,7 faiz, Qazaxıstandan - 21,0 faiz, Pakistandan - 19,6 faiz, Misirdən - 18,9 faiz, ABŞ-dan - 17,4 faiz, Niderlanddan - 16,5 faiz artsa da, Avropa İttifaqından gələnlərin sayı 1,6 faiz, körfəz ölkələrindən gələnlərin sayı 9,9 faiz, MDB dövlətlərindən gələnlərin sayı 9,2 faiz azalıb.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O, 3 əsas istiqamət üzrə ölkəmizə gələn tursitlərin sayında azalmanın qeydə alındığını bildirib: “Azərbaycan üçün əsas regionlardan olan körfəz ölkələrindən və eləcə də MDB dövlətlərindən gələnlərin sayının ayrı-ayrılıqda 10 faizə yaxın azalması ümumi turistlərin sayına mənfi təsir göstərib. Nəticədə, bu ilin ilk ayını gəlmə turizm azalma ilə başa vurub”.

O qeyd edib ki, son statistika göstərir ki, gəlmə turizmdə yeni regionların payının artırılması, dayanıqlı turizm məhsullarından istifadə olunması və davamlılığın gücləndirilməsi üçün bu sahədə islahatların dərinləşdirilməsi daha da aktuallaşıb.

Qeyd edək ki, Azərbaycana gələnlərin 23,4 faizi Rusiya, 18,6 faizi Türkiyə, 9,9 faizi Hindistan, 9,3 faizi İran, 5,0 faizi Gürcüstan, 3,3 faizi Qazaxıstan, 3,2 faizi Pakistan, hər birindən 2,9 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı, 1,8 faizi Küveyt, 1,7 faizi Özbəkistan, 1,6 faizi Çin, hər birindən 1,4 faiz olmaqla Türkmənistan və Ukrayna, 1,2 faizi İsrail, 1,1 faizi Oman, 11,3 faizi digər ölkələrin vətəndaşları olub.