.jpg)
MİNGƏÇEVİR, 15 mart. TELEQRAF
Mingəçevir şəhərində sahibsiz itlər uşaq və yaşlıların kabusuna çevrilib, sonuncu dəfə 3-cü sinif şagirdi olan qız uşağı sahibsiz itlərin hücumuna məruz qalıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, arzuolunmaz hadisələr daha çox 17 saylı Mingəçevir şəhər orta məktəbinin həyətyanı sahəsində və ona yaxın küçələrdə baş verir.
Dünən dərsdən çıxan 17 saylı orta məktəbin 3-cü sinif şagirdi Aydan Qasımova sahibsiz itlərin hücumundan ətrafdakı insanların köməyilə qurtulub. Həyəcan və təşvişdən huşunu itirən azyaşlının ailəsində bu hadisə ikinci dəfədir.
Bir ay öncə Aydanın birinci sinifdə oxuyan qardaşı Aqşin Qasımov da itlərin hücumuna məruz qalıb. Ərazi sakinləri, digər şagird və valideynlər də gündəlik bu kimi hadisələrin həyəcanı içində olduqlarını deyirlər. Onların etirafına görə, məktəbin həyətində və çevrəsində məskunlaşan sahibsiz itlər nəinki dərsə gedən uşaqlara, hətta böyüklərə də hücum edir. Dəfələrlə belə hadisələr olub.
Valideyn və uşaqlar aidiyyəti qurumlardan ərazinin sahibsiz itlərdən təmizləyib təhlükəsiz vəziyyətə gətirilməsini istəyirlər.
Qeyd edək ki, hazırda Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi xətti ilə şəhər kənarında sahibsiz itlərin toplanış və sığınacaq məntəqəsi inşa olunur.
Məntəqə fəaliyyətə başladıqdan sonra sahibsiz heyvanların sivil metodlarla küçələrdən yığışdırılıb kompleks təminatla sığınacağa yerləşdirilməsi nəzərdə tutulur.