.jpg)
ZƏNGİLAN, 27 fevral. TELEQRAF
İşğaldan öncə Cəbrayıl rayonunda 100-dən çox kəhriz mövcud olub.
Teleqraf-ın Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin monitorinqi və bərpası ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, kəhriz bizim mədəni irsimizin bir hissəsidir.
O deyib ki, dünyada iqlim dəyişikliyi kəhrizlərin qorunması məsələsini aktuallaşdırır.
"Biz Cəbrayılda kəhrizlərin monitorinqini aparırıq. Məlum olub ki, bir sıra kəhrizlər dağıdılmış kəndlərin ərazisindədir. Bu bir daha təsdiq edir ki, əvvəllər kəndlər məhz su mənbəyi olan yerlərdə salınıb.
2024-cü ildə Horovlu kəndində 5 kəhriz bərpa edilib. Bu həmin kəndin su ehtiyaclarını ödəyəcək. Kəhrizlərin bərpası olduqca böyük əhəmiyyət daşıyır. Onların hansı qurum tərəfindən bərpa ediləcəyi qrafiki, ardıcıllığı, həll yollarının tapılması məsələsi zəruridir. Ümumilikdə isə quruculuq layihələri zamanı kəhrizlər nəzərə alınmalıdır, bu, çox vacibdir" - deyə o əlavə edib.