BAKI, 20 fevral. TELEQRAF

Hazırda BDU-da 25 minə yaxın bakalavr və magistr təhsil alır.

Teleqraf xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BDU-nun əməkdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, onlardan 16641 nəfəri qızdır.

"Bu il BDU-ya 5414 tələbə qəbul olunub. Onlardan 3803 nəfəri, başqa sözlə, 70 faizi qızlardır. Son imtahan sessiyasında qız tələbələrin oğlan tələbələrlə müqayisədə müvəffəqiyyət göstəricisi təxminən 20% çox olub. Qız tələbələrimiz təhsillərini uğurla davam etdirməklə yanaşı, həm də universitetimizin ictimai həyatında da fəal iştirak edirlər", - rektor əlavə edib.