BAKI, 10 fevral, TELEQRAF

“İldə 50-dən çox qaraciyər gözləyən xəstə həyatını itirir. Çünki qohumlarında ona uyğun donor olmur. Üç aylıq körpə və 15 yaşlı uşaqlarla gözü yaşlı qalan analar, atalar var. Gözləyə-gözləyə qalıblar...”

Bunu Teleqraf-a müsahibəsində Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova deyib.

Onun sözlərinə görə, Azərbaycanın şəhər və rayonlarında süni tənəffüs aparatı olan reanimasiyalar donor mənbəyi xəstəxanasıdır.

“Beyin ölümü baş verəndə şəxs süni tənəffüs aparatına qoşulu haldadırsa, onun orqanlarından istifadə etmək mümkündür. Meyit orqanlarımız olarsa, biz çox sayda insanı xilas etmiş olarıq.

Digər tərəfdən meyit orqanlarının olması iqtisadi cəhətdən də çox əhəmiyyətlidir. Böyrək əməliyyatının ortalama qiyməti 12-16 min manatdır.

Süni böyrək olan dializ dövlət tərəfindən qarşılanır və il ərzində bir xəstəyə 15 minə, amma transplantasiya əməliyyatından sonra verilən immonusuppressiv dərmanlar 3 min manata başa gəlir. Hazırda dörd min Azərbaycan vətəndaşı dializ alır. Rəqəmləri hesablayanda hansının daha sərfəli olduğunu aydın görmək mümkündür”,- Yeganə Abbasova vurğulayıb.

Qeyd edək ki, Teleqraf müsahibənin tam mətnini fevralın 11-də oxucularla bölüşəcək.