
BAKI, 10 fevral.TELEQRAF
2024-2025-ci tədris ilində fəaliyyətə başlayan Qarabağ Universitetində ilk imtahan sessiyası başa çatıb.
Bunu Teleqraf-a Qarabağ Universitetinin mətbuat katibi Aytən Quliyeva təsdiqləyib. O, sessiyanın uğurla başa çatdığını əlavə edib.
Universitetin Hüquqşünaslıq fakültəsində təhsil alan Fidan İbişova imtahanla bağlı təəssüratlarını Teleqraf-la bölüşüb: “İmtahanlarımız şəffaf keçdi. Belə ki, imtahanlarda üç və daha çox nəzarətçi iştirak edirdi. Bir imtahanımızı elektron, digər dördünü isə yazılı formada verdik. Sevinirəm ki, mən də, qrup yoldaşlarım da imtahanı uğurla, kəsirsiz başa vurduq. Müəllimlərimiz dərs zamanı mövzuları əhatəli izah etdikləri üçün imtahanda çox çətinlik çəkmədik".
Qarabağ Universitetinin ilk tələbələrindən olan Fidan yeni semestri səbirsizliklə gözlədiyini deyib: "Hazırda tətil üçün rayonda, ailəmin yanındayam. Fürsətdən istifadə edib, universitetin kitabxanasından götürdüyüm kitabları oxuyuram. Dərslərimiz fevralın 17-si başlayacaq. O günü səbirsizliklə gözləyirəm. Xankəndiyə gedəndə ilk vaxtlar çətinlik çəkirdim, amma sonra şəhərə çox öyrəşdim, ora çox təmiz və səliqəlidir".
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb.