Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında müzakirə keçirilib.

Teleqraf.com-un xəbərinə görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov hesabatı millət vəkillərinə təqdim edib. O, bildirib ki, beynəlxalq aləmdə öz yerini tutan ölkəmiz 2014-cü ildə də böyük uğurlar əldə edib, iqtisadi inkişafın sürətinə görə, bir çox ölkələri geridə qoyub. 2014-cü il Azərbaycan Avropa Şurası Nazirər Komitəsinin sədri olub, bir sıra mühüm tədbirlər həyata keçirib.


Nazir müavini söyləyib ki, Azərbaycan mələdiyyələrinin milli portalının ilkin versiyası yaradılıb: “Yerlərdə 21 tədris kursu seçilib. Bələdiyyə sədrləri üçün ixtisasartırma kursu keçirilib. Kurslarla yanaşı il ərzində 82 seminar keçirilib və burada 5 min bələdiyyə üzvü iştirak edib. Bələdiyyələr üçün strateji planlaşdırma kitabı hazırlanıb. İl ərzində 13 metodik vəsait hazırlanaraq bələdiyyələrə təqdim edilib”.

“Bələdiyyələrin internet resursları yaradılmalıdır”

Deputat Fazil Mustafa isə bildirib ki, bələdiyyələrin statusu aşağıdır və onların yerli özünüidarə orqanına çevrilməsi üfüqdə belə görünmür: “Bakıda böyük şəhər bələdiyyəsinin olmaması, maliyyə resursu problemi ciddi olaraq qalır. Bu gün ki, məruzə fərqli və yeni formatda təqdim edilir. Fikrimcə, bu müsbət haldır. Ancaq bəzi təkliflərin nəzərə alınması vacibdir. Azərbaycanda Elektron Hökumət layihəsi tətbiq olunur. Əksər bələdiyyələrin isə internet resursu yoxdur. Fikrimcə, bələdiyyələrin elektron saytının yaradılması vacibdir. Hesab edirəm ki, nazirliyin bələdiyyələrlə iş üzrə strukturu bu məsələyə diqqət etməlidir. Bildiyiniz kimi bələdiyyə seçkiləri keçirildi və biz də bu prosesdə iştirak etdik. Ancaq bələdiyyələrin komissiyası formalaşanda YAP-dan və bitərəflərdən olan sədr seçilir, digər partiyalar bu prosesdən kənarda qalır. Nədir ki, orada 3-4 nəfər maaş alacaq. Niyə əmək haqqı alan ancaq icra başçısına yaxın olmalıdır? Digər partiyalar da burada iştirak etsin, əmək haqqı alsın. Biz demokratik cəmiyyət qururuqsa, bu prosesləri həyata keçirməliyik. Məncə, bu məsələni diqqətə almaq lazımdır”.

Əli Məsimli: “Mənzil İstismar Birlikləri bələdiyyələrə verilə bilər”

Millət vəkili Əli Məsimli deyib ki, bələdiyyələrin nəzarətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatı çox dəqiqdir: “Burada nöqsanlar açıq şəkildə göstərilib. Perspektivlər də qeyd olunub. Bu baxımdan mən hesabatı müsbət qiymətləndirirəm. Eyni zamanda nəzərə almaq lazımdır ki, sonuncu bələdiyyə seçkiləri ilə bələdiyyələrin fəaliyyətinin yeni mərhələsi başlayıb. Fikrimcə, bələdiyyələrin imkanlarını genişləndirmək üçün xeyli şanslar var. Mən bələdiyyələrin qarşısında duran vəzifəni üç hissəyə bölərdim: Qanun pozuntularının aradan qaldırılması, Bələdiyyələrin hüquqları və Bələdiyyələrin səmərəliyini artıqmaq üçün zəriri olan işlər. Hesab edirəm ki, 2015-2020-ci il üçün bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün proqram qəbul edilə bilər”.

Əli Məsimli deyib ki, bələdiyyələr əlavə maliyyə resursu əldə etməli, beynəlxalq əlaqələrini genişləndiməli, maraqlı layihələr təqdim etməklə investisiya cəlb edərək yerli problemlərin həllinə nail olmalıdır: “Qanuna əsasən Mənzil İstismar Birliyi havadadır. Məncə, bu strukturda bələdiyyələrə verilə bilər. Bu da, bələdiyyələrlə yerli əhali arasında təması bir qədər də artırardı”.

“Bizdə bələdiyyələrin sayı Türkiyədə olduğundan 200 dəfə çoxdur”

Deputat Elmira Axundova deyib ki, əsas problem torpaqların vətəndaşlara qanunsuz şəkildə və heç bir səbəb olmadan satılmasıdır: “Bir neçə ildən sonra bəlli olur ki, torpaq qanunsuz satılıb. Bəzən yeni sədr torpağı ikinci dəfə satır. Nəticədə minlərlə şikayətçi yaranır. Bununla bağlı mənə çoxlu şikayətlər gəlir. Bilmirəm, seçicilərə nə cavab verim. Məncə, Ədliyyə Nazirliyi müvafiq orqanlarla birlikdə bu problemin həllinə səy göstərməlidir”.

Deputat bildirib ki, 2012-ci ildə Türkiyədə 3225 bələdiyyə strukturu olub: “İndi cəmi 1395 bələdiyyə var. Bizdə bələdiyyələrin sayı Türkiyədən 200 dəfə çoxdur. Türkiyə isə ərazisinə və əhalisinə görə, bizdən böyük ölkədir. Bələdiyyələrin sayı 500-600 olmalıdır”.

“Bəzən bələdiyyələrlə icra strukturunu dəyişik salırsınız”

Deputat Siyavuş Novruzov isə deyib ki, Türkiyədə sistem fərqlidir: “Orada daha çox böyük şəhər bələdiyyəsi var. Kəndlərdə isə muxtarlar deyilən şəxs var və o da bələdiyyə üzvüdür. Bunu hesablasaq, Türkiyədə bələdiyyələrin sayı bizdən bir neçə dəfə çox olar. Bizdə bəzən bələdiyyələrlə icra orqanları dəyişik salınır. Bələdiyyələrin statusu var, genişdir. Bəzən deyirlər ki, bələdiyyə torpaq satır. Torpaq bölünübsə, necə sata bilərlər? Ola bilsin ki, kimsə dələduzluq edir. Ancaq bu bəlli olanda cəzalandırılır. Bəli, elə bələdiyyə sədri var ki, səlahiyyətinin əksinə fəaliyyət göstərir. Məncə, hesabat ətraflı hazırlanıb, deputatları buna səs verməyə dəvət edirəm”.

Nemət