Cəmiyyətin inkişafı, gələcəyi onun yetişdirdiyi gənc nəsildən asılıdır. Atalar məsəlində deyildiyi kimi, uşaq evin güzgüsüdür. Uşaq hansı mühitdə böyüyürsə, o mühitin xarakteri, üslubu birbaşa onun tərbiyəsinə təsir göstərir. Maraqlıdır, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı hansı səviyyədədir? Yeni nəsil hansı istiqamətdə, necə formalaşır?

Teleqaf.com mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.

“Uşağı diplom almağa hazırlaşan obraz kimi görürük”

Millət vəkili Fazil Mustafa hesab edir ki, ölkəmizdə gənclərin inkişafı istiqamətdə xeyli boşluqlar var. Onun fikrincə, uşaqların gələcəyi ilə bağlı hər hansı şəkildə doğru-dürüst siyasət yerinə yetirilmir: “Bu, gənclər üçün də keçərlidir. Səbəbi nədir? Konkret bu sahəyə baxan müvafiq icra hakimiyyətlərinin səyləri kifayət qədərdir. Amma bütövlükdə cəmiyyətimizin bu sahəyə yanaşması aşağı səviyyədədir.

Biz uşağı hansısa karyera əldə etmək, ali təhsil diplomunu almağa hazırlaşan obraz kimi görürük. Bütün istiqamətimizi ona yönəldirik. Amma əslində belə olmamalıdır. Uşaqda təfəkkür, dünyagörüşü, sağlamlıq tamamilə fərqli olmalıdır. Uşaqların məcburi dispanserizasiyası (uşaqların sağlamlığının yoxlanılması) məsələsi gündəmə gəlmişdi. Biz isə bunu həll edə bilmədik, qeyri-ciddi proses kimi tənzimləməyə çalışdıq.

Amma bu, sonradan hərbdə, başqa sahələrdə sağlamlığı məhdud uşaqların sayının artmasına gətirib çıxardı. Eləcə də ana olacaq qızların hələ uşaq dövründən düzgün qidalanması, yaxud müalicəsi kimi məsələlər vaxtında həll olunmur. Bu da ailə qurduqdan sonra müəyyən problemlərə gətirib çıxarır. Təkcə qida yox, bir çox məqamlar burada vacib rol oynayır. Hesab edirəm ki, burada problemlər kifayət qədərdir”.

“Bunu necə istismar etmək olar?!”

Millət vəkili uşaqların şəxsiyyət kimi formalaşmasına diqqət çəkib: “Yollarda dilənən, istismar olunan uşaqları görürsünüz, gənclər işsizlikdən əziyyət çəkirlər, böyük əksəriyyəti ixtisassız insanlardır. Bunların hər biri öz təsirini göstərməkdədir.

Ümumiyyətlə, bizdəki insana münasibət dünya standartlarına uyğun münasibət sayılmır. Nələrsə edirik, amma imitasiya üçün edirik. Daha fərqli olmalıdır. Hər bir uşağa doğulandan şəxsiyyət kimi baxılmalıdır. Bizdə uşağa şəxsiyyət kimi yanaşılmır. Autizm, daun sindromlu uşaqların sayının çoxalması... Məsuliyyətsizlik həddindən artıq çoxdur, qohum evliliyinin nəticələrini görürsünüz.

İnsanların şüur səviyyəsində müəyyən problemlər var. Bunların hamısı bizdə feodal təfəkkürə sahib çoxluğun üstünlük təşkil etməsidir. İnsana şəxsiyyət yox, alət kimi baxırıq. Ailənin aləti, tayfanın aləti kimi görürük. "Bunu necə istismar etmək olar?" fikri ilə yanaşılır, varlanırsa, onun pulundan necə istifadə etmək olar düşüncəsi formalaşır. Biri yoxsuldursa, hamı ona nökər kimi baxır ki, bunu necə işlədim... Baxış dəyişməlidir. Bizdə təəssüf ki, insana şəxsiyyət kimi yanaşma tendensiyası yoxdur. Bu bizim dini etiqadımızdan da irəli gəlir”.

“Yeni nəslin arzuolunan şəkildə yetişməsi üçün bu şərtlər ödənməlidir”

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, yeni nəslin daha arzu olunan şəkildə formalaşmasına kömək etmək imkanlarımız genişdir: “2 il əvvəl "Ömrün uğurlu bünövrəsi" adlı kitabım çap olunub. Kitabda 6 yaşadək uşaqların necə tərbiyə olunması barədə yazılıb. Hazırda da üzərində işlədiyim yeni kitabın mövzusu da “Yeni nəslin keyfiyyəti arzu olunan şəkildədir, yoxsa yox” sualına cavab axtarışıdır. Bunun üçün üç şərt ödənməlidir.

İlk şərt odur ki, yeniyetmə və gənclərimiz fiziki cəhətdən sağlam olmalıdır. Təəssüf ki, bununla bağlı çoxlu problemlər var. Bu problemlərin bir qismi maddi vəziyyətdən, digər qismi gənclərin davranışından, sağlamlıq mədəniyyətindən, öz sağlamlıqlarını necə qorumasından, bu sahədəki təcrübələrindən asılıdır.

Təəssüf ki, bu sahədə nə valideynlər övladlarını lazımi şəkildə maarifləndirə, öyrədə bilir, nə də təhsil sistemi buna önəm verir. Avropa, şərq ölkələrində buna daha çox önəm verirlər. Məktəblərində aşağı sinifdən sağlamlıq, qida mədəniyyəti ilə bağlı kifayət qədər bilik və təcrübələr verilir. Amma bizim gənclərdə bu barədə təsəvvür yoxdur. Məsələn, nəyi yemək olar, hansı yemək fiziki sağlamlığa ziyandır... Bu sahədə iş getmir.

İkincisi, bizim gənclərin mənəvi zənginliyinə diqqət ayrılmır. Mənəvi zənginliyin olması üçün insan savadlı olmalıdır. Savad mənəvi zənginlik baxımından çox böyük rol oynayır. Bu gün bu məsələyə diqqət etmirik. İnsanlarımız öz tarixini yaxşı bilmir. Mən Türkiyədə 10-15 yaşlı məktəbli ilə söhbət zamanı görürəm ki, öz tarixlərini nə qədər dərindən bilirlər. Amma bizdə məktəbliyə orta əsr tariximizdən sual versək, heç bir çox tarixi qəhrəmanlarımızı tanımırlar.

Üçüncü şərt də odur ki, bizim yeni nəsildə əməyə yaradıcı münasibət tələbatı üzərində çalışmalıyıq. İnsanlar nə qədər əmək sərf edirlərsə, harada iş görürlərsə, bu işi daha gözəl icra etmək tələbatı yaranmalıdır. Biz bu istiqamətdə də heç bir iş aparmırıq. Mənim bu məsələrə münasibətim tənqididir”.

“Elmə əsaslanan fəaliyyət proqramı hazırlanmalıdır”

Ekspertin sözlərinə görə, yeni nəslin inkişafında təkcə təhsil sistemi, valideyn yox, həm də gənclər özləri çalışmalıdırlar:

“Çox istəyirəm ki, böyüyən yeni nəsil fiziki sağlam olsun. Bu istiqamətdə həm müəyyən strukturların üzərinə vəzifə düşür, həm də həmin nəslin özünün davranışından asılıdır. Bu sahədə ciddi düşünülməli, addımlar atılmalıdır.

Elmə əsaslanan fəaliyyət proqramı hazırlanmalı, proqramda valideynlərə necə işləmək lazım olması qeyd olunmalıdır. Təhsil sistemi, qanunvericilikdə hansı dəyişikliklərin edilməsi, uyğun qurumların üzərinə düşən öhdəliklər qeyd olunmalıdır. Bütün bunları bir proqramda toplayaraq həyata keçirmək olar. Təəssüf ki, bu işlər görülmür”.

“Fiziki tərbiyə dərsindənsə, riyazi biliklər daha önəmlidir”

Pedoqoq Leyla Nəzirzadənin fikrincə, gənclərin inkişafında fiziki aktivlik böyük rol oynayır. Onun sözlərinə görə, bu aktivliyə məktəb illərində kifayət qədər vaxt ayrılmır:

“Yanlışlıqlar var, bizdən asılı olan və olmayan səbəblər müşahidə olunur. İnsan təbiətin bir parçasıdır, digər tərəfdən də sosial varlıqıdr, cəmiyyətin nüvəsini təşkil edir. Nəticə etibarilə, əgər biz fiziki və mənəvi baxımdan sağlam şəxsiyyətlər yetişdirmək istəyiriksə, istənilən halda bunu təkcə sosial, ictimai faktlarla deyil, həm də təbiətin özü ilə razılaşdırılmalıyıq.

İnsanın fiziki və mənəvi yetkinliyi bir az da onun bioloji və fizioloji qabiliyyətləri ilə bağlıdır. Bir şeyi nəzərə almaq lazımdır ki, insanın yaşı ilə onun inkişafı, formalaşması arasında müəyyən bir əlaqə var. İnsan yaşa dolduqca onun fiziki qabiliyyətləri nisbətən zəifləməyə başlayır. Bu baxımdan biz yetişməkdə olan nəslin tərbiyəsində müəyyən məqamları nəzərə almalıyıq.

Xüsusilə də orta məktəb dövründə yeniyetmələrin, uşaqların, gənclərin fiziki və mənəvi inkişafının təməli qoyulur. Sözün açığı, etiraf edək ki, bizdə bu iş düzgün qurulmur. Fiziki tərbiyə dərslərinin yükü kifayət qədər olsa da, amma müşahidə etsəniz, yaxud monitorinq aparsanız görəcəksiniz ki, orta məktəblərin böyük əksəriyyətində idman dərsləri lazımi səviyyədə qurulmur, bəzən ümumiyyətlə bu dərslər keçirilmir.

Yanlış düşüncə var ki, fiziki tərbiyə dərsindənsə, riyazi biliklər daha önəmlidir. İbtidai sinif müəllimləri fiziki tərbiyə dərslərinin əvəzinə, riyaziyyat dərslərini keçməyi daha məqbul hesab edirlər. Bizim ilkin yanlışımız buradan başlayır. Gəlin baxaq, orta məktəblərdə, universitetlərdə fiziki tərbiyə dərslərinin, idman yarışlarının səviyyəsi hansı vəziyyətdədir? Qətiyyən qənaətbəxş deyil. Valideynlər də burada məsuliyyət daşıyır.

Çox vaxt orta məktəb müəllimlərindən idman dərslərinin axırıncı saatlara salınması, yaxud onun əvəzinə dəqiq elmlərin tədrisi tələb kimi qoyulur. Nəticə etibarilə, bu gün çılpaq gözlə müşahidə apardıqda, yetişməkdə olan nəslin yenə cılızlaşdığının fərqindəyik. Bundan əlavə, beynəlxalq idman yarışlarında komandalarımızın ürək açmayan biabırçı nəticələri də bu məsələyə kifayət qədər diqqət ayırmadığımızın göstəricisidir. Problemlər çoxdur, onların həlli təkcə ayrı-ayrı şəxslərdən asılı deyil”.

“Mənəviyyat və fiziki sağlamlıq bir-biri ilə qarşılıqlı vəhdətdə olmalıdır”

Ekspert bildirib ki, istər paytaxtda, istəsə də bölgələrdə kifayət qədər idman mərkəzlərinin yaradılsa da, onlar insanlar üçün əlçatan deyil: “Məni qane etmir. Mənəviyyat və fiziki sağlamlıq bir-biri ilə qarşılıqlı vəhdətdə olmalıdır. “Sağlam bədəndə sağlam ruh olar" sloqanını unutmamalıyıq.

Valideyn fərdi imkanları hesabına övladlarını hansısa idman mərkəzlərinə aparırsa da, bu, ailənin büdcəsindən asılı olmayaraq uzun müddət davam etməyə bilir.

Məsələn, üzgüçülük hovuzları nə dərəcədə bütün cəmiyyət üçün əlçatandır. Bunun mərkəzləşdirilmiş şəkildə həll yolu tapılmalıdır. Ən azından bir neçə məktəbi özündə birləşdirən müəyyən idman arenaları olmalıdır ki, gənclər orada idmanla məşğul ola bilsin. Burada məsuliyyət təkcə pedaqoq və valideynlərin üzərinə deyil, bütövlükdə bu işə məsul olan dövlət orqanlarına aiddir.

Orta məktəblərdə, yaxud universitetlərdə fiziki tərbiyə dərslərini tədris edən müəllimlərin özləri nə dərəcədə aktiv idmanla məşğul olurlar? İdman sahəsində hansı uğurları var? Bu, nümunə olmaq üçün çox önəmlidir. Məktəblərdə keçirilən sosial tədbirlər çoxalmalıdır. Düşərgələrə gedilməsi, birlikdə həm sosial, həm də fiziki qabiliyyətlərin, görüşlərin təşkil olunması daha müsbət nəticələr verə bilər”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.