“Prezident İlham Əliyevin Daxili İşlər Nazirliyi qarşısında qoyduğu bütün tapşırıqlar və vəzifələr yüksək səviyyədə icra olunur. Polisimiz ölkədə ictimai asayişin keşiyində, insanların hüquq və azadlıqların qorunmasında, cinayətkarlığa qarşı mübarizədə gecə-gündüz iş başındadır. Həm də insanların sağlamlıqlarının qorunması üçün pandemiyaya qarşı mübarizə tədbirlərinin effektiv təşkilində polisimiz fəal iştirak edir”.
Bunu Teleqraf.com-a Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan polisi xüsusi fədakarlıq göstərib və qələbənin əldə edilməsi üçün bütün gücü ilə səfərbər olmuşdu: “Əldə etdiyimiz qələbədən sonra da işğaldan azad olunmuş ərazilərdə tətbiq olunmuş qaydaların icrası və təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları çətin şəraitdə gecə-gündüz çalışırlar. İşğaldan azad olunmuş ərazilərdə xidmətin çətinliyini nəzərə alaraq, həmin ərazilərdə xidmət edən polis əməkdaşlarının əmək haqları hərbi qulluqçularda olduğu kimi artırılsa, yaxşı olardı. Çünki işğaldan azad olunmuş ərazilərdə xidmət aparan güc strukturlarının əməkdaşlarının sosial müdafiəsinin artırılmasını vacib hesab edirəm”.