Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəvilə kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.
ETSN-dən Teleqraf.com-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı Lənkəran rayonu Separadi-Tükəvilə avtomobil yolunun sağ tərəfində, tarlaqoruyucu zolaqda yaş kök üstə 20-44 sm diametri olan 30 ağacın (ağcaqayın və küknar) kəsildiyi məlum olub.
Araşdırma zamanı sözügedən ərazinin Separadi bələdiyyəsinin mülkiyyətindəki torpaq sahəsi olduğu və təbiətə 8100 manat məbləğində ziyan vurulduğu müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran şəhər Prokurorluğuna göndərilib.