BAKI, 29 oktyabr. TELEQRAF

Prezident İlham Əliyev 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərək Azərbaycanın multikulturalizm ənənələrindən, beynəlxalq münasibətlərdə ədalət və ikili standartlar məsələsindən, Ermənistanla sülh prosesindən, eləcə də ölkəmizin beynəlxalq nüfuzunun artmasından bəıhs edib. Dövlət başçısı vurğulayıb ki, mədəniyyətlərarası dialoq, qarşılıqlı hörmət və anlaşma qlobal problemlərin həlli, davamlı sülhün təmin olunması və xalqlar arasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.

O qeyd edib ki, Bakı qlobal dialoqun mühüm platforması kimi çıxış edir:
“Prezident İlham Əliyev də çıxışında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ötən 15 il ərzində beynəlxalq səviyyədə səmərəli və əhatəli platformaya çevrildiyini qeyd edib. Forumda 2000-dən artıq iştirakçının qeydiyyatdan keçməsi və 100-dən çox ölkədən 500-dən artıq qonağın iştirakı tədbirin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirir.

2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan Forum bu gün mədəniyyətlərarası və dinlərarası münasibətlərin müzakirəsi, qlobal çağırışlara dair fikir mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm məkana çevrilib. Bu prosesdə BMT-nin Sivilizasiyalar Alyansı və digər tərəfdaşların dəstəyi xüsusi əhəmiyyət daşıyıb.

Azərbaycanın bu təşəbbüslə çıxış etməsi ölkəmizin coğrafi mövqeyi ilə yanaşı, tarixi-mədəni irsi və müxtəlif sivilizasiyalar arasında körpü rolundan irəli gəlir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu fərqli mədəniyyətlərin, dinlərin və ənənələrin qarşılıqlı əlaqədə olduğu məkan kimi tanınıb.

Azərbaycanın tarixən çoxmillətli və çoxkonfessiyalı cəmiyyətə malikdir. Dini və etnik dözümlülük, qarşılıqlı hörmət və birgəyaşayış ənənələri xalqımızın əsrlər boyu qoruyub saxladığı mühüm dəyərlərdir.

Azərbaycanda müxtəlif etnik qrupların və dini icmaların nümayəndələri Konstitusiya ilə müəyyən edilmiş bərabər hüquqlara malikdirlər. Cəmiyyətdəki qarşılıqlı anlaşma və həmrəylik ölkənin sabitliyinin, inkişafının və milli birliyinin əsas amillərindən biri kimi qiymətləndirilir.

Sözsüz ki, milli birliyin formalaşmasında azərbaycançılıq ideyasının xüsusi rolu var. Bu ideya ölkədə yaşayan bütün xalqları ümumi məqsədlər və milli maraqlar ətrafında birləşdirir. Azərbaycan xalqının birliyi xüsusilə ölkəmizin müstəqillik tarixinin çətin mərhələlərində, Ermənistanın hərbi təcavüzü və işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı özünü aydın şəkildə göstərib.

Müxtəlif etnik və dini qrupların nümayəndələrinin Vətən uğrunda birgə mübarizəsi milli həmrəyliyin və ümumi dövlətçilik düşüncəsinin təzahürü olub. Bu baxımdan, multikulturalizm Azərbaycan üçün yalnız mədəni müxtəlifliyin qorunması deyil, həm də cəmiyyətin bütövlüyünü möhkəmləndirən strateji dəyərdir.

Azərbaycan müxtəlif tarixi dövrlərdə dövlətçilik ənənələrindən məhrum olsa da, milli dəyərlərini, dilini, adət-ənənələrini və həyat tərzini qoruyub saxlamağı bacarıb. Müxtəlif siyasi sistemlərdə yaşamaq xalqın milli kimliyini və müstəqillik arzusunu aradan qaldıra bilməyib”.

Deputat bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü bu gün tarixi zəfər fonunda qeyd edir:

“Azərbaycan bu müddət ərzində yalnız öz ənənələrini qorumaqla kifayətlənməyib, eyni zamanda, onları daha da möhkəmləndirib və müstəqil dövlət kimi öz potensialını dünyaya nümayiş etdirib.

Bununla yanaşı, cənab Prezident İlham Əliyev də milli kimliyin və dövlətçiliyin qorunmasının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edib. Müasir dünyada ideoloji risklərin də fiziki təhlükələr qədər ciddi ola biləcəyini bildirən dövlət başçısı müstəqilliyin, milli özünəməxsusluğun və cəmiyyətin birliyinin qorunmasını mühüm vəzifə kimi səciyyələndirib.

2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyi tam bərpa edildi. Prezident İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələr uzun illər icra olunmayıb.

Dövlət başçısı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən təsirli mexanizmlərin yaradılmasının vacibliyini qeyd edib. Onun fikrincə, beynəlxalq hüququn səmərəliliyi yalnız qərarların qəbul edilməsindən deyil, onların ardıcıl və qərəzsiz şəkildə həyata keçirilməsindən asılıdır.

Azərbaycanın münaqişədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi də Prezidentin diqqətə çatdırdığı əsas məqamlardan olub. O bildirib ki, Azərbaycan sonsuz müharibə və qisas siyasəti deyil, davamlı sülh və regional əməkdaşlıq istəyir. Dövlət başçısının fikrincə, müharibənin başa çatdırılması onun başlanmasından daha çətin prosesdir və bu baxımdan Azərbaycanın təcrübəsi münaqişələrin həlli yollarını axtaran tərəflər üçün əhəmiyyətli ola bilər.

Ermənistanla sülh sazişinin mətninin 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanması bu istiqamətdə mühüm hadisə kimi təqdim olunub. Prezident İlham Əliyev sənədin Ağ Evdə, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanmasını və üçtərəfli Bəyannamənin imzalanmasını Cənubi Qafqazda yeni siyasi vəziyyətin formalaşmasının göstəricisi kimi qiymətləndirib”.

Eldar Quliyev vurğulayıb ki, ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycanın uzun illər ərzində işğal, məcburi köçkünlük və mədəni irsin dağıdılması kimi ağır problemlərlə üzləşdiyini, buna baxmayaraq, Ermənistana qarşı beynəlxalq səviyyədə sanksiyaların tətbiq edilmədiyini qeyd edib. Dövlət başçısı bunu ikili standartların nümunəsi kimi səciyyələndirib.

Ölkəmizin başçısının çıxışında dövlətlərin daxili işlərinə qarışmamaq, xalqların öz gələcəklərini müəyyənləşdirmək hüququna hörmət etmək və müstəqil dövlətlərə təzyiq göstərmək cəhdlərindən çəkinmək prinsipləri də ön plana çəkilib.

Sözsüz ki, beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, bərabərlik və suverenliyə hörmət prinsiplərinin möhkəmləndirilməsi münaqişələrin sayının azalmasına və əməkdaşlığın genişlənməsinə şərait yarada bilər.

Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinin əsas göstəriciləri sırasında fəal xarici siyasət, iqtisadi inkişaf, enerji təhlükəsizliyinə töhfə, nəqliyyat və logistika imkanlarının genişlənməsi, eləcə də müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri qeyd olunub.

Azərbaycanın regional və beynəlxalq təşkilatlarda fəal iştirakı da ölkəmizin diplomatik mövqeyinin güclənməsini nümayiş etdirir. Dövlət başçısı gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə Bakının ev sahibliyi edəcəyini bildirib. Bu tədbirlər Azərbaycanın müxtəlif regionlar və siyasi platformalar arasında dialoq üçün əlverişli məkan kimi mövqeyini gücləndirən amillər sırasında göstərilib.

Bundan əlavə, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyinin uzadılması və Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət olunması ölkəmizin regional əməkdaşlıqda artan rolunun göstəriciləri kimi vurğulanıb.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirilən fikirlər göstərir ki, Azərbaycan mədəniyyətlərarası dialoqu yalnız mədəni mübadilə vasitəsi kimi deyil, həm də beynəlxalq münasibətlərin sağlamlaşdırılması, qarşılıqlı etimadın artırılması və münaqişələrin qarşısının alınması üçün mühüm mexanizm kimi dəyərləndirir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın tarixi multikulturalizm ənənələri, milli həmrəyliyi, ərazi bütövlüyünün bərpası, sülh təşəbbüsləri və beynəlxalq əməkdaşlığı vahid məntiq çərçivəsində təqdim olunub. Bu yanaşmaya əsasən, davamlı inkişaf və təhlükəsizlik yalnız iqtisadi və siyasi imkanlarla deyil, həm də xalqlar arasında qarşılıqlı hörmətin, bərabərliyin və anlaşmanın möhkəmləndirilməsi ilə mümkündür.

Forumun Bakıda keçirilməsi Azərbaycanın bu sahədə beynəlxalq təşəbbüslərə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirir”.