BAKI, 29 oktyabr. TELEQRAF
Müasir beynəlxalq münasibətlər sistemində geosiyasi qarşıdurmaların dərinləşdiyi, silahlı münaqişələrin genişləndiyiı bir dövrdə mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və sivilizasiyalararası əməkdaşlığın təşviqi xüsusi əhəmiyyət daşıyır. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan fərqli mədəniyyətləri, dinləri və sivilizasiyaları bir araya gətirən, qlobal problemlərin müzakirəsinə və həllinə töhfə verən nüfuzlu beynəlxalq platformaların təşəbbüskarı və təşkilatçısı kimi mühüm mövqeyə malikdir.
Bu sözləri Teleqraf-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın multikulturalizm siyasətinin mahiyyətini, milli birlik modelinin dayanıqlılığını, müstəqil dövlətçilik fəlsəfəsini və beynəlxalq münasibətlər sistemində artan siyasi nüfuzunu əhatəli şəkildə nümayiş etdirdi:
"Dövlət başçımızın çıxışı eyni zamanda beynəlxalq hüququn aliliyinin təmin olunması, ikili standartların aradan qaldırılması, münaqişələrin ədalətli həlli və davamlı sülhün bərqərar edilməsi baxımından mühüm siyasi mesajlarla yadda qaldı.
2011-ci ildə Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ötən 15 il ərzində beynəlxalq miqyasda nüfuzlu müzakirə platformalarından birinə çevrilib. VII Forumda 2000-dən artıq iştirakçının qeydiyyatdan keçməsi, 100-dən çox ölkədən 500-dən artıq xarici qonağın təmsil olunması Azərbaycanın irəli sürdüyü təşəbbüslərə beynəlxalq marağın və etimadın göstəricisidir. Sözügedən mötəbər tədbirin davamlı şəkildə Bakıda keçirilməsi ölkəmizin mədəniyyətlərarası dialoq sahəsində formalaşdırdığı zəngin təcrübənin və beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin məntiqi nəticəsidir.
Azərbaycanın multikulturalizm modeli xalqımızın əsrlər boyu formalaşdırdığı birgəyaşayış mədəniyyətindən, milli-mənəvi dəyərlərindən və qarşılıqlı ehtiram ənənələrindən qaynaqlanır. Tarixən müxtəlif sivilizasiyaların qovuşduğu coğrafiyada yerləşən Azərbaycan fərqli etnik və dini mənsubiyyətə malik insanların sülh, qarşılıqlı anlaşma və həmrəylik şəraitində yaşadığı məkandır. Günümüzdə həmin tarixi ənənələr dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi uğurla davam etdirilir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin xüsusi vurğuladığı kimi, Azərbaycan cəmiyyətində mövcud olan ahəngdarlıq ölkəmizin sabit və uğurlu inkişafının mühüm əsaslarından biridir. Konstitusiya ilə təmin olunan hüquq və azadlıqlar, dini etiqad və vicdan azadlığı, bütün vətəndaşların qanun qarşısında bərabərliyi milli həmrəyliyin möhkəm təməlini təşkil edir. Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri hüquqi baxımdan bərabər, eyni zamanda ortaq Vətənə, dövlətçilik maraqlarına və milli ideallara bağlı vahid cəmiyyətin ayrılmaz hissələridir.

Adıçəkilən birliyin ideoloji əsasını təşkil edən azərbaycançılıq məfkurəsi xalqımızın milli kimliyini, tarixi yaddaşını və dövlətçilik şüurunu özündə birləşdirir. Azərbaycançılıq ümummilli məqsədlər ətrafında birləşdirən mütərəqqi dövlətçilik ideologiyasıdır. Ulu Öndər Heydər Əliyevin siyasi irsində mühüm yer tutan söykənən ideologiya Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənərək müasir Azərbaycan dövlətinin ideoloji dayaqlarından birinə çevrilib".
Deputat bildirib ki, milli birliyimizin ən parlaq təzahürü 44 günlük Vətən müharibəsində özünü göstərdi:
"Azərbaycan xalqı etnik, dini və digər fərqlərdən asılı olmayaraq, vahid amal uğrunda səfərbər oldu. Müxtəlif xalqların nümayəndələri Azərbaycan bayrağı altında çiyin-çiyinə döyüşərək torpaqlarımızın işğaldan azad olunmasına öz töhfələrini verdilər. Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər xalqımızın sarsılmaz həmrəyliyinin, milli iradəsinin və dövlətinə sədaqətinin təntənəsinə çevrildi. “Dəmir yumruq” hərbi qüdrətimizin, eyni zamanda Azərbaycan cəmiyyətinin monolit birliyinin rəmzi kimi tarixə həkk olundu.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə bağlılığı onun mürəkkəb tarixi sınaqlardan uğurla çıxmasını təmin edən əsas amillərdəndir. Əsrlər boyu müxtəlif siyasi sistemlərin və xarici təsirlərin mövcudluğuna baxmayaraq, xalqımız öz dilini, mədəniyyətini, adət-ənənələrini və milli kimliyini qoruyub saxlamağı bacarıb. Dövlət müstəqilliyimizin bərpasından ötən 35 il ərzində bu dəyərlərin qorunması və inkişaf etdirilməsi üçün geniş imkanlar yaranıb. Azərbaycan öz taleyini müstəqil müəyyən edən, milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq münasibətlərdə suveren iradəsini nümayiş etdirən qüdrətli dövlətdir.
Ölkə rəhbərimiz Cənab İlham Əliyevin çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti, beynəlxalq təşkilatların fəaliyyətsizliyi və münaqişənin həlli prosesində nümayiş etdirilən ikili standartlar oldu..Otuz ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında saxlanılması, bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin salınması, tarixi və dini abidələrimizin dağıdılması beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin icrasız qalması isə beynəlxalq təhlükəsizlik mexanizmlərinin səmərəliliyini ciddi sual altına qoyurdu. Ermənistanın işğalçılıq siyasətinə qarşı uzun illər ərzində təsirli beynəlxalq sanksiyalar tətbiq edilmədi. Halbuki dünyanın digər bölgələrində baş verən hadisələrə münasibətdə fərqli yanaşmaların sərgilənməsi beynəlxalq siyasətdə seçici münasibətin və ikili standartların mövcudluğunu açıq şəkildə nümayiş etdirirdi. İşğalçı dövlətin məsuliyyətə cəlb olunmaması, qəbul edilmiş qətnamələrin icrasının təmin edilməməsi və nəticəsiz danışıqların illərlə davam etdirilməsi faktiki olaraq mövcud vəziyyətin qorunmasına xidmət edirdi.
Azərbaycan heç zaman işğalla barışmadı, ərazi bütövlüyünün pozulmasını və xalqımızın fundamental hüquqlarının tapdalanmasını qəbul etmədi. Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, dövlətimizin hərbi, siyasi və iqtisadi qüdrətinin ardıcıl şəkildə artırılması nəticəsində tarixi ədalətin bərpası təmin olundu. 2020-ci ilin Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndi. Tarixi Azərbaycan dövlətinin müstəqil siyasi iradəsinin, milli maraqlarına sədaqətinin və beynəlxalq hüquq çərçivəsində öz suveren hüquqlarını müdafiə etmək əzminin təzahürüdür. Azərbaycan uzun illər kağız üzərində qalan beynəlxalq qərarların icrasını öz gücü hesabına təmin etdi və regionda tamamilə yeni geosiyasi reallıq yaratdı.
Dövlət başçımızın çıxışında səsləndirdiyi tezislərdən biri də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrasını təmin edən təsirli mexanizmlərin formalaşdırılması zərurətidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalması beynəlxalq hüququn nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, təcavüzkar siyasətin cəzasız qalmasına şərait yaradır. Bu baxımdan beynəlxalq təşkilatların fəaliyyətində köklü islahatların aparılması, hüququn aliliyinin bütün dövlətlərə münasibətdə bərabər şəkildə təmin edilməsi müasir dövrün mühüm tələblərindəndir.
Azərbaycanın prinsipial mövqeyi ondan ibarətdir ki, beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin siyasi maraqlarına uyğun tətbiq edilən vasitəyə çevrilməməlidir. Dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq prinsipləri beynəlxalq münasibətlərin dəyişməz əsaslarını təşkil etməlidir. Heç bir dövlət özünü digərlərindən üstün hesab edərək müstəqil ölkələrə siyasi iradəsini diktə etmək, onların daxili siyasətinə müdaxilə etmək və milli inkişaf modelini müəyyənləşdirmək hüququna malik deyil.
Cənab Prezident İlham Əliyevin ikili standartlarla bağlı qətiyyətli mövqeyi Azərbaycanın müstəqil siyasət kursunun mahiyyətini bir daha ortaya qoyur. Ölkəmiz beynəlxalq əməkdaşlığa açıqdır, qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır, lakin milli suverenliyinə qarşı hər hansı təzyiq və müdaxilə cəhdi qarşısında güzəştsiz mövqe nümayiş etdirir. Azərbaycanla münasibətlər yalnız bərabərhüquqluluq, qarşılıqlı etimad və dövlətlərin müstəqil seçimlərinə hörmət əsasında qurula bilər.
Forumda diqqət çəkən mühüm istiqamətlərdən biri də Azərbaycanın hərbi Zəfərdən sonra nümayiş etdirdiyi sülh təşəbbüsləri oldu. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra davamlı sülhün və sabitliyin təmin edilməsinə üstünlük verir. Ermənistanla sülh sazişinin təşəbbüskarı kimi çıxış etməsi, sənədin layihəsini hazırlaması və münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atması dövlətimizin mövqeyinin ifadəsidir.
2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, həmçinin üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni siyasi mərhələnin əsasını qoyan mühüm diplomatik hadisə oldu. Proses Azərbaycanın hərbi-siyasi Zəfərinin diplomatik müstəvidə möhkəmləndirilməsi və regionda sabitlik üçün yeni imkanların formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın ortaya qoyduğu yanaşma göstərir ki, davamlı sülh yalnız beynəlxalq hüquqa hörmət, qarşılıqlı suverenliyin tanınması və real siyasi məsuliyyət əsasında mümkündür. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, müharibəyə başlamaq asan, onu başa çatdırmaq isə olduqca çətindir. Bu baxımdan Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsi beynəlxalq miqyasda diqqətlə öyrənilməyə layiqdir.
Ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsində Azərbaycanın müxtəlif güc mərkəzləri ilə formalaşdırdığı strateji tərəfdaşlıq münasibətləri, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafındakı rolu və iqtisadi dayanıqlılığı mühüm əhəmiyyət daşıyır. Bütün bunlar dövlətimizin geosiyasi mövqeyini daha da gücləndirir. Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, Amerika Birləşmiş Ştatları ilə strateji əməkdaşlığın genişləndirilməsi, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu Azərbaycanın balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasətinin mühüm nəticələridir. Ölkəmiz fərqli siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı faydalı münasibətlər quraraq beynəlxalq əməkdaşlığın etibarlı iştirakçısına çevrilib.
Ölkəmizin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyinin daha iki il uzadılması, Mərkəzi Asiya Məşvərət Formatında tamhüquqlu iştirak imkanları əldə etməsi regional və qlobal proseslərdə artan siyasi çəkimizin göstəricisidir. Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə Görüşlərinə ev sahibliyi edəcək olması ölkəmizin beynəlxalq etimad qazandığını nümayiş etdirir. Fərqli coğrafiyaları, siyasi sistemləri və sivilizasiyaları təmsil edən dövlətlərin Azərbaycanın təşkilatçılıq imkanlarına göstərdiyi etimad ölkəmizin ardıcıl xarici siyasətinin, sabit inkişafının, beynəlxalq tərəfdaşlığa sadiqliyinin və mədəniyyətlərarası dialoq sahəsində qazandığı nüfuzun göstəricisidir. Cənab Prezident İlham Əliyevin strateji baxışı, milli maraqlara əsaslanan siyasi xətti və ardıcıl inkişaf strategiyası ölkəmizin bütün nailiyyətləri öz daxili imkanları və xalqımızın zəhməti hesabına əldə etməsində həlledici rol oynayıb".
Günay Ağamalı vurğulayıb ki, müstəqilliyin bərpasından ötən 35 il ərzində ölkəmiz mürəkkəb sosial-iqtisadi vəziyyəti geridə qoyaraq güclü iqtisadi potensiala, müasir infrastruktura və beynəlxalq əhəmiyyətli enerji-nəqliyyat layihələrinə sahib olan dövlət kimi mövqeyini möhkəmləndirib:
"Xarici dövlət borcunun ümumi daxili məhsulun təxminən 5 faizindən bir qədər artıq olması maliyyə dayanıqlılığının mühüm göstəricilərindəndir.
Azərbaycanın Avropa ilə Asiya arasında strateji mövqeyi, müasir nəqliyyat infrastrukturu və regional əməkdaşlıq təşəbbüsləri ölkəmizi beynəlxalq bağlantılar sisteminin mühüm iştirakçısına çevirir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi və regional iqtisadi inteqrasiyanın genişləndirilməsi Azərbaycanın qlobal iqtisadi proseslərdə rolunu gücləndirir.
Bütün bunların əsasında Möhtərəm Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, praqmatik siyasəti dayanır. Milli maraqların qətiyyətlə müdafiəsi, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin qorunması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın uzunmüddətli inkişafını təmin edən başlıca amillərdir.
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərdi ki, Azərbaycan mədəniyyətlərarası anlaşmanın, qarşılıqlı etimadın və sülh təşəbbüslərinin təşviq olunduğu mühüm siyasi mərkəzdir. Ölkəmizin multikulturalizm təcrübəsi, milli həmrəylik modeli və beynəlxalq dialoq təşəbbüsləri müasir dünyanın üzləşdiyi çağırışlar fonunda xüsusi aktuallıq kəsb edir.
Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan öz milli dəyərlərinə, dövlətçilik ənənələrinə və suveren hüquqlarına sadiq qalaraq beynəlxalq münasibətlər sistemində söz sahibi olan qüdrətli dövlət kimi mövqeyini ardıcıl şəkildə möhkəmləndirir. Tarixi Zəfərimiz, bərpa olunmuş ərazi bütövlüyümüz, milli birliyimiz və müstəqil siyasi iradəmiz Azərbaycanın gələcək inkişafının sarsılmaz təməlidir. Azərbaycan eyni zamanda beynəlxalq hüququn aliliyini, sivilizasiyalararası anlaşmanı, qarşılıqlı hörməti və davamlı sülhü təşviq edən nüfuzlu beynəlxalq tərəfdaşdır. Bu siyasi xətt ölkəmizin qlobal miqyasda artan nüfuzunu, dövlətimizin qüdrətini, xalqımızın dövlətimizə olan dərin ehtiramını və gələcəyə olan sarsılmaz inamını təcəssüm etdirir".