BAKI, 21 avqust. TELEQRAF

Biz öz ölkəmizdə müstəmləkəçiliyi yaşamamışıq, lakin əcdadlarımız və bizdən əvvəlki nəsillər bunu yaşayıblar. Biz bunun ağır təsirlərini bu gün də hiss etməkdə davam edirik.

Teleqraf xəbər verir ki, bu sözləri Konqo Demokratik Respublikası (KDR) Milli Assambleyasının deputatı Frensis Tşibalabala Mukunay Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, müstəmləkəçilik Konqo Demokratik Respublikasında insanların həyatını kökündən dəyişdirib:
"İnsanlar yalnız müstəmləkəçinin davranış və idarəçilik üsuluna qarşı olduqları üçün pis rəftarla üzləşib, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıblar. Həmçinin ölkəmizin mineral sərvətləri Belçikanın xeyrinə istismar olunub. Bir sıra tarixi qalıqlar, incəsənət əsərləri və arxivlərimiz də ölkədən aparılıb. Bütün bunlar Konqo tarixinin saxtalaşdırılması məqsədilə həyata keçirilib.

Bu gün də bütün bu hadisələr konqoluların kollektiv yaddaşına ciddi təsir göstərir. Müstəmləkəçiliyə qarşı mübarizə aparan bütün bu insanların ləyaqətinə və xatirəsinə hörmət edilməli idi. Təəssüf ki, əcdadlarımızın qalıqları hələ də Belçikadadır. Bu, unuda biləcəyimiz bir məsələ deyil. Buna rəğmən, hazırda biz hadisələrin əsl həqiqətinin ört-basdır edildiyini görürük".

Konqolu deputat tarixi qalıqların ölkəyə qaytarılmasını tələb etdiklərini vurğulayıb: "Bu yaxınlarda milli qəhrəmanımız Lumumbanın dişi ilə bağlı müsbət addım ataraq onu geri qaytardılar{C} və istəyirik ki, bu proses davam etdirilsin. Qəhrəmanlarımızın, əcdadlarımızın cəsədlərinin qalıqları da bizə qaytarılsın ki, onları layiq olduqları şəkildə dəfn edək".

Deputatın sözlərinə görə, Belçika ilə bağlı müstəmləkəçilik tarixi tam şəkildə tədris olunmalıdır: "Tarixin heç bir hissəsi gizlədilməməli və təhrif edilməməlidir. Həmçinin Belçika tərəfindən Konqoda törədilmiş bütün əməllərlə bağlı rəsmi üzr istənilməsi və bunların rəsmən tanınması vacibdir. Bakıda təşkil etdiyiniz bu konfransla bağlı ilk növbədə təşkilatçıları təbrik etmək istəyirəm. Çünki siz minlərlə kilometr uzaqda olmağınıza baxmayaraq, bizim müstəmləkəçilik dövründə yaşadığımız vəziyyəti və problemləri diqqət mərkəzinə gətirmisiniz".