BAKI, 23 iyul. TELEQRAF
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Rusiya-Ukrayna müharibəsi fonunda artıq qüvvələr nisbətinin, təsir imkanlarının yeri dəyişir. Müharibə tədricən də olsa Rusiya ərazisinə keçir. Bu halda savaşın yaxın zamanlarda bitməsi ilə bağlı verilən bütün proqnozlar alt-üst olur...
- İndi hər şey hərbi əməliyyatların balansından asılıdır. Yəni bundan öncəki dövrdə daha çox zərbələr alan tərəf təkcə Ukrayna idi. İndi də Ukrayna ərazisindəki obyektlər Rusiya tərəfindən vurulur. Amma Kiyevin cavab zərbələri də Rusiya üçün təsirlidir. Bu da öz növbəsində istər-istəməz Rusiya cəmiyyətinə də təsir edir. Faktiki olaraq müharibənin mənfi fəsadları Rusiya əhalisi tərəfindən hiss edilir. Bu ölkənin Ukraynanın cavab zərbələri fonunda iqtisadiyyatına böyük ziyan dəyib. Rusiyanın neft ixracı ilə bağlı ciddi problemlər yaşanır. Çünki indiyə kimi Rusiya neftinin ixracı ilə bağlı qiymətə sanksiyalar tətbiq edilirdi, amma ixrac davam edirdi. İndi isə Rusiyadakı neft ixracının mənbələri olan obyektlərin demək olar ki, 40 faizi Ukraynanın hücumları nəticəsində dağıdılıb.

- Bu durum Rusiya üçün nə vəd edir?
- Təbii ki, bu, Kreml üçün ağır bir vəziyyətdir.
- Rusiya cəmiyyətinin buna münasibəti necədir?
- Artıq Rusiya cəmiyyəti ilə yanaşı elita daxilində də buna qarşı fikirlər səslənir.
- Bu fikirlər nədən ibarətdir?
- Artıq ruslar müharibənin dayandırılmasını istəyir.

- Sizcə, qısa zamanda və indiki şərtlər daxilində müharibənin dayandırılması nə dərəcədə real görünür?
- Əslində bu qərarın indiki halda qəbul edilməsi daha çox məsuliyyət tələb edir. Müharibəni başlayan şəxs, yəni Rusiya Prezidenti belə bir qərar verməlidir.
- Müharibəni dayandırmağı az qala Rusiya üçün təhlükə hesab edirlər. Bu, nə dərəcədə əsaslı iddiadır?
- Reallıq belədir. Çünki indiki halda müharibəni dayandırmaq Rusiya üçün təhlükədir. 5 il ərzində davam edən Rusiya-Ukrayna müharibəsinin nəticəsi barədə açıq hesabat verilməlidir. Müharibənin nəticəsində Rusiya demək olar uduzmuş haldadır.

- Bu, Rusiya üçün hansı təhdid yaradır?
- Müharibənin 5 illik məsuliyyətini təbii ki, Rusiyanın hazırkı Prezidenti Vladimir Putin daşıyır. Çünki ölkəsi faktiki olaraq bu müharibəni uduzub.
- Amma iddia edilə bilər ki, biz bu 5 illik hərbi əməliyyatlar nəticəsində Ukraynanın bəlli bir hissəsini tutmuşuq…
- Burada yanaşma fərqlidir. Qarşı tərəfin də dövlət başçısının mövqeyi çox önəmlidir.
- Ukrayna hansı halda müharibənin dayanmasına razılıq verə bilər?
- Rəsmi Kiyev özünü birmənalı olaraq qalib elan etməklə müharibənin dayandırılmasına razılıq verə bilər. Ukrayna tərəfi özünün ərazi bütövlüyünü bərpa etməklə bağlı bəyanat verməlidir. Bununla bağlı İstanbulda əldə edilən razılaşmanın da tətbiq edilməsi mümkündür. Eyni zamanda Krımın azad edilməsi belə bəyan olunmalıdır.

- İstanbul razılaşması əsasında müharibənin dayandırılması mümkün ola bilərmi?
- Bu razılaşmada Ukraynanın ərazisinə nəzarət baxımından Kiyev üçün heç də məqbul olmayan variantlar var idi. Hətta indiki halda İstanbul razılaşmasının həyata keçirilməsi mümkün deyil. Burada Ukraynanın yeganə qazancı siyasi baxımdan itirilmiş ərazilərin tanınması ilə bağlı olacaqdı.