BAKI, 16 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Azərbaycan- ABŞ münasibətlərinə dair səsləndirdiyi fikirlərin yer aldığı “Breitbart News” nəşrində dərc olunan məqaləni sosial şəbəkə hesabında paylaşıb.

Teleqraf xəbər verir ki, məqalə “Breitbart News” nəşrinin müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb.

“Azərbaycan Prezidenti İlham Əliyev Donald Trampı sülh adamı adlandırdı və Ermənistan-Azərbaycan razılaşmasını onun xidmətləri ilə əlaqələndirdi” başlıqlı məqalədə Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərə yer verilib.

Məqalədə Prezident İlham Əliyevin Prezident Donald Tramp və onun komandasının Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəliləməsinə mühüm töhfə verdiyini, Trampı isə sülh insanı kimi xarakterizə etdiyi vurğulanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu açıqlamaları IV Şuşa Qlobal Media Forumunda beynəlxalq media nümayəndələrinin suallarını cavablandırarkən səsləndirilib.