BAKI, 29 iyun. TELEQRAF

Azərbaycanın beynəlxalq arenada qazandığı uğurlar ölkəmizin həyata keçirdiyi müstəqil, praqmatik və milli maraqlara əsaslanan siyasət strategiyası regional və qlobal miqyasda qəbul olunur, etibarlı tərəfdaşlıq modeli kimi qiymətləndirilir.

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

Partiya qsədri qeyd edib ki, möhtərəm cənab Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib:

“Ölkəmiz enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının inkişafı, yaşıl enerji, humanitar əməkdaşlıq və beynəlxalq dialoq platformalarının təşkili sahəsində mühüm təşəbbüslərlə çıxış edir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi, nüfuzlu beynəlxalq tədbirlərin Bakıda keçirilməsi, müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın davamlı şəkildə genişlənməsi ölkəmizə göstərilən yüksək etimadın bariz nümunəsidir. Bununla yanaşı, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakıda keçirilməsi barədə qərar və ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması Azərbaycanın dayanıqlı şəhərsalma, müasir memarlıq və innovativ inkişaf sahəsində beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini göstərir. Bu mühüm təşəbbüslər ölkəmizin qlobal inkişaf gündəliyinə verdiyi töhfənin və beynəlxalq tərəfdaşlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilməsinin növbəti təzahürüdür”.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra regionda formalaşan yeni reallıqlar məhz Azərbaycanın təşəbbüsləri əsasında inkişaf edir:

“Ölkəmiz sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın tərəfdarı kimi çıxış edir, regionda uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfələr verir.

Azərbaycanın beynəlxalq nüfuzu hər keçən gün daha da artır. Dövlətimizin milli maraqlara söykənən, balanslı və qətiyyətli xarici siyasəti ölkəmizin söz sahibinə çevrilməsini təmin edib.

Azərbaycanın uğurlu siyasət strategiyasının regional və qlobal miqyasda qəbul edilməsi dövlətimizin artan nüfuzunun, güclü liderliyin və xalq–iqtidar birliyinin məntiqi nəticəsidir”.