BAKI, 29 iyun. TELEQRAF
Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginlik enerji daşıyıcılarının qiymətlərinə təsir etməklə yanaşı, bir sıra ölkəni qənaət rejiminə keçməyə vadar edib. Misal üçün, Qazaxıstan üçüncü ölkələrdən yanacaq idxalına rüsumları bir il müddətinə ləğv etməyi planlaşdırır. Bu barədə ölkənin ticarət və inteqrasiya nazirinin müavini Janel Kuşukova məlumat verib. O, bunun ilk növbədə Çinlə bağlı olduğunu və Astananın Rusiyadakı vəziyyətə görə bu addımı atdığını söyləyib.
Teleqraf xəbər verir ki, bu “Atlas” Araşdırmalar Mərkəzinin açıqlamasında öz əksini tapıb.
Qeyd edilib ki, Qazaxıstanda müəyyən növ neft məhsullarının avtomobil yolu ilə ixracına qadağa qoyulub. Həmin məhsullar dəmir yolu ilə də ixrac edilə bilməz. Qazaxıstanın Baş naziri Oljas Bektenov ixrac səbəbindən yanacaq çatışmazlığının qarşısını almaq üçün sərhəd nəzarətinin daha sərtləşdirilməsini tələb edib.
Açıqlamada dünyanın ən böyük neft alıcısı ölkəsi olan Çinin neftdən asılılığı azaltmaq istəyi də diqqətə çatdırılıb. Bunun səbəbi regional müharibələrdir. Pekin Yaxın Şərq böhranının Asiya ölkələrinin enerji strategiyalarının zəif cəhətlərini üzə çıxardığı qənaətindədir. Hörmüz boğazından neft və qaz tədarükündən yüksək asılılıq Asiya-Sakit okean ölkələrində yanacaq qiymətlərinin sürətlə artmasına səbəb olub.

“Reuters” agentliyinin məlumatına əsasən, Asiya ölkəsinin beş illik inkişaf planında neftdən asılılığını azaltmaq hədəfi var. Çin 2030-cu ilə qədər elektrik enerjisinin 50 faizini alternativ mənbələrdən əldə etməyi hədəfləyir. Çin hakimiyyəti İranda uzun sürən müharibənin yaratdığı yanacaq böhranından sonra enerji keçidini sürətləndirməyə çalışır. Həmin vaxta qədər neft də daxil olmaqla ənənəvi xammalın payının azalacağı gözlənilir. Çində kömür istifadəsi 2030-cu ildə pik həddə çatacaq, bundan sonra onun payı tədricən azalacaq.
Beləliklə, iqtisadi artım səbəbindən enerjiyə böyük tələbatları olan Çin və Hindistan da daxil olmaqla Asiya ölkələri enerji keçidini sürətləndirməyi planlaşdırırlar. Bu ölkələr günəş və külək enerjisinin payını artırmaqla optimal enerji strategiyası formalaşdıracaqlar. Bu günün reallığıdır. Çin İrandakı müharibədən əvvəl də dünyanın ən böyük neft ehtiyatını yaratmışdı. Ancaq böhran uzandıqca ehtiyatlar da tükənməyə başlayıb.