BAKI, 27 iyun. TELEQRAF
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizə qarşı yürütdüyü qərəzli, qeyri-obyektiv və qeyri-konstruktiv siyasət artıq uzun müddətdir ki, bütün sərhədləri aşır. Özünü insan haqları, demokratiya və qanunun aliliyi kimi ali dəyərlərin müdafiəçisi adlandıran AŞPA Azərbaycanın daxili işlərinə qarışmaqla öz riyakarlığını ortaya qoyur. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, regionda beynəlxalq hüquqa söykənən yeni reallıqlar yaratması və müstəqil xarici siyasət yürütməsi bəzi dairələri ciddi şəkildə narahat edir.
Bunu Teleqraf-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Günay Ağamalı deyib.
O qeyd edib ki, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq münasibətlər sistemində milli maraqlara əsaslanan müstəqil və prinsipial xarici siyasət yürüdür:
"Dövlət başçımızın qətiyyətli mövqeyi sayəsində bütün qərarlar xalqımızın və dövlətimizin milli maraqlarına uyğun şəkildə verilir. Ölkə başçımızın apardığı prinsipial siyasət Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirib və ölkəmizi regionun söz sahibi olan güclü dövlətinə çevirib.
Azərbaycan müstəqil, qüdrətli və suveren dövlətdir. Heç bir kənar təsisatların, dəyərləri olmayan və şantajla məşğul olan qurumların bizə dərs keçməsinə, ölkəmizin daxili işlərinə müdaxilə etməsinə yol verilməyəcək".
Deputat bildirib ki, AŞPA-nın növbəti qərəzli mövqeyi ikili standartlar siyasətinin ardıcıl təzahürüdür.
Əgər sözügedən qurum fəaliyyətini davam etdirmək niyyətindədirsə, daxilindəki islamofob və türkofob meyillərdən, həmçinin lobbi qruplarının təsirindən qurtulmağın yollarını tapmalıdır.
Azərbaycan dövləti öz inkişaf yolunda inamla irəliləyir və heç bir beynəlxalq qurumun ədalətsiz qətnaməsi ölkəmizin mövqeyinə, inkişafına və beynəlxalq arenadakı söz sahibliyinə təsir göstərə bilməz".