BAKI, 27 iyun. TELEQRAF
Milli Məclisin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı (QDİƏT PA) nümayəndə heyəti Gürcüstana səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.
Bildirilib ki, səfərin nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İntizam komissiyasının sədri Eldar İbrahimov, deputatlar Kamran Bayramov və Səbinə Salmanova daxildirlər.
Səfər zamanı millət vəkilləri QDİƏT PA-nın Büro iclasında və 67-ci Baş Assambleyasında iştirak edəcəklər.
"Tədbirdə “Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf” mövzusunda müzakirələr aparılacaq, təşkilati məsələlərə baxılacaq. Assambleya çərçivəsində qurumun komitə iclasları da keçiriləcək.
Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcəklər.
Səfər iyulun 2-də başa çatacaq", - məlumatda qeyd olunub.