BAKI, 25 iyun. TELEQRAF

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ölkəmizin hərbi qüdrətinin, milli təhlükəsizliyinin və dövlət müstəqilliyinin əsas təminatçısı olan Ordumuzun şərəfinə qeyd edilir. Bu əlamətdar tarix Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolunu, əldə etdiyi möhtəşəm nailiyyətləri və Vətən uğrunda canından keçmiş qəhrəman oğul və qızlarımızın göstərdiyi misilsiz şücaəti özündə əks etdirir. Güclü dövlətin əsas dayaqlarından biri olan qüdrətli ordu müstəqilliyin qorunmasının, ərazi bütövlüyünün təmin edilməsinin və milli maraqların müdafiəsinin başlıca təminatçısıdır.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin formalaşdırılması istiqamətində mühüm addımlar ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərliyə başlamasından sonra atılıb: "Məhz onun müstəsna xidmətləri sayəsində ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilib, azərbaycanlı gənclərin keçmiş Sovet İttifaqının nüfuzlu hərbi məktəblərində təhsil alması üçün geniş imkanlar yaradılıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması milli hərbi kadr hazırlığı sahəsində mühüm hadisə olmuş, sonrakı dövrdə Azərbaycan Ordusunun peşəkar zabit korpusunun formalaşmasına böyük töhfə vermişdir. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində yetişdirilən hərbi mütəxəssislər sonradan müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin qurulmasında mühüm rol oynamışlar.

S.Novruzov qeyd edib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəetmədə yaranmış böhran və Ermənistanın hərbi təcavüzü dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu:

"Hətta Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Orduda vahid komandanlığın olmaması, ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti və idarəetmədəki çatışmazlıqlar müdafiə qabiliyyətinə mənfi təsir göstərirdi. Belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan Milli Ordusunun formalaşması prosesində yeni mərhələnin əsasını qoydu. Orduda vahid komandanlıq sistemi yaradıldı, nizami hərbi hissələrin təşkili sürətləndirildi, hərbi intizam möhkəmləndirildi və ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi".

Deputat vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk nizami hərbi hissələrin yaradılması əsas götürülərək, Ulu Öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edilmişdir. Bu tarix hər il ölkəmizdə böyük qürur hissi ilə qeyd olunur və Azərbaycan Ordusunun inkişafına verilən yüksək dəyərin təcəssümünə çevrilmişdir.

Müstəqillik illərində peşəkar kadr hazırlığı istiqamətində mühüm işlər görüldüyünü deyən komitə sədri, hərbi təhsil sisteminin müasir tələblərə uyğun təkmilləşdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, ordunun döyüş hazırlığının artırılması, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Ordu quruculuğu prosesi beynəlxalq standartlara uyğunlaşdırılmış, müasir idarəetmə mexanizmləri tətbiq edilmiş, Silahlı Qüvvələrin döyüş hazırlığı keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

Siyavuş Novruzov əlavə edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə ordu quruculuğu məsələləri daim diqqət mərkəzində saxlanılmışdır:

"Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir silah və texnikaların alınması, hərbi hissələrin yenidən qurulması və hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Effektiv ordu quruculuğu siyasətinin məntiqli nəticəsi olaraq Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilmişdir. Müasir dövrün çağırışlarına uyğun olaraq qəbul edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun Silahlı Qüvvələrin fəaliyyətinin hüquqi əsaslarını daha da möhkəmləndirmişdir. Hərbi idarəetmənin təkmilləşdirilməsi, döyüş hazırlığının yüksəldilməsi və hərbi xidmətin təşkili sahəsində həyata keçirilən islahatlar Ordunun peşəkarlığının artmasına mühüm təsir göstərib".

Millət vəkili ölkəmizdə hərbi sənaye kompleksinin inkişafına da xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, müdafiə sənayesinin yaradılması və genişləndirilməsi nəticəsində müxtəlif təyinatlı hərbi məhsulların istehsalı təmin edilmiş, Ordunun müasir silah və texnika ilə təchizatı gücləndirilmişdir. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Bununla yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi də dövlətin daim diqqət mərkəzindədir. Hərbçilərin sosial rifahının yaxşılaşdırılması, mənzil təminatı, əməkhaqlarının artırılması, şəhid ailələri və müharibə veteranlarına göstərilən qayğı dövlətin sosial siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan Ordusunun gücü və peşəkarlığı son illərdə əldə edilən hərbi uğurlarda özünü aydın şəkildə göstərmişdir:

"2018-ci ildə Naxçıvan istiqamətində həyata keçirilən uğurlu əməliyyat nəticəsində əldə edilən Günnüt zəfəri Ordumuzun yüksək döyüş qabiliyyətinin və peşəkarlığının bariz nümunəsinə çevrilmişdir. Bu uğur sonradan qazanılacaq böyük qələbələrin müjdəçisi olmuşdur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək 44 gün ərzində tarixi Zəfər qazandı. İşğal altında olan torpaqlarımız azad edildi, Şuşa şəhərinin işğaldan azad olunması isə Qələbənin zirvəsi oldu. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan bu Qələbə xalqımızın iradəsini, Ordumuzun gücünü və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanat Ermənistanın məğlubiyyətini və Azərbaycanın tarixi Qələbəsini rəsmiləşdirdi. Bununla da ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ uğurla başa çatdırıldı".

Komitə sədri 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam təmin edildiyini xatırladıb:

"Cəmi bir gün davam edən əməliyyat zamanı qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatizmə son qoyuldu və Azərbaycanın konstitusiya quruluşu bütün ərazilərində bərpa edildi. Bununla da dövlət suverenliyimizin tam bərpası təmin olunaraq müasir tariximizin yeni səhifəsi açıldı. Son illərdə yaradılmış Komando Qüvvələri Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində atılmış mühüm addımlardan biridir. Xüsusi hazırlıq keçmiş peşəkar hərbçilərdən ibarət olan bu qüvvələr müasir hərbi əməliyyatların tələblərinə cavab verən yüksək hazırlıq səviyyəsinə malikdir. Komando hərbi hissələrinin yaradılması və inkişafı Ordumuzun çevikliyini və döyüş imkanlarını daha da artırmışdır".

Azərbaycanın dost və tərəfdaş dövlətlərlə hərbi əməkdaşlığın genişləndirilməsinə də xüsusi önəm verdiyini deyən deputat, milli maraqlar naminə həyata keçirilən hərbi əməkdaşlığın, birgə təlimlərin və təcrübə mübadiləsinin Ordunun peşəkarlığının yüksəldilməsinə mühüm töhfə verdiyini bildirib. Xüsusilə qardaş Türkiyə ilə hərbi sahədə əməkdaşlıq və müttəfiqlik münasibətləri regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.

Siyavuş Novruzov sonda vurğulayıb ki, bu gün Azərbaycan Ordusu xalqımızın qürur mənbəyi, dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin etibarlı təminatçısıdır:

"Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü və peşəkar ordularından birinə çevrmişdir. Azərbaycan əsgəri öz qəhrəmanlığı, vətənpərvərliyi və fədakarlığı ilə hər zaman xalqımızın qürur mənbəyi olmuşdur".