BAKI, 6 may. TELEQRAF
Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının cari ilin sonunadək keçirilməsi planlaşdırılır.
Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Teleqraf-a açıqlamasında bildirib.
Səfir qeyd edib ki, komissiyanın fəaliyyətində mühüm status dəyişikliyi edilib:
"Biz bu Hökumətlərarası Komissiyanın sədrlərinin səviyyəsini baş nazirlərin müavinləri səviyyəsinə qaldırmışıq. Əvvəllər bu vəzifəni nazirlər icra edirdi, hazırda isə təmsilçilik hökumət başçılarının müavinləri dərəcəsinə yüksəldilib".
Görüşün vaxtı barədə danışan diplomat dəqiq tarixin hələlik məlum olmadığını diqqətə çatdırıb:
"Növbəti iclasın konkret olaraq nə vaxt keçiriləcəyini hələ dəqiq bilmirik, lakin ilin sonuna qədər baş tutacağını gözləyirik".
Xatırladaq ki, Azərbaycan və Qazaxıstan arasında Hökumətlərarası Komissiyanın son iclası 2025-ci ilin oktyabrında keçirilib.