BAKI, 7 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp NATO daxilində yaranan fikir ayrılıqlarının Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə keçirdiyi mətbuat konfransında danışıb. O qeyd edib ki, ABŞ Qrenlandiyanı əldə etmək istəyir, lakin qarşı tərəf buna razı deyil.
“Əgər həqiqəti bilmək istəyirsinizsə, hər şey Qrenlandiyadan başladı. Biz Qrenlandiyanı istəyirik, onlar isə bizə vermək istəmir. Mən də sağ olun dedim”, - deyə o bildirib.
ABŞ lideri bunun NATO-da Vaşinqtonun liderliyinin zəifləməsi ilə bağlı olmadığını vurğulayıb. Onun sözlərinə görə, əsas problem müttəfiqlərin ABŞ-yə kifayət qədər dəstək verməməsidir.
Tramp bildirib ki, məsələ yalnız NATO ölkələri ilə məhdudlaşmır. O, Avstraliya, Cənubi Koreya və Yaponiyanın İrana qarşı əməliyyat zamanı ABŞ-yə dəstək vermədiyini qeyd edib. Buna baxmayaraq, Yaxın Şərqin bəzi ölkələrinin Vaşinqtonu dəstəklədiyini əlavə edib.
Xatırladaq ki, daha əvvəl “The National Interest” nəşri Danimarkanın ABŞ-nin Qrenlandiyaya mümkün müdaxiləsi halında diversiya planı hazırladığını yazıb.