Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Eldar müəllim, Prezident İlham Əliyevin ABŞ Prezidentinin təşəbbüsü ilə formalaşn Sülh Şurasında iştirakının əhəmiyətini necə dəyərləndirirsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkəyə səfəri tarixi hadisə idi. Ölkəmizin başçısının Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı da bu xüsusda mühüm önəmə malikdir. Yeni ABŞ Administrasiyası ilə Azərbaycan arasında bir çox sahələrdə yeni əməkdaşlıq müstəvisində əlaqələrin inkişafı müşahidə edilir. Ötən ilin avqustunda Prezident İlham Əliyevin ABŞ səfəri əldə edilən razılaşmalar bu baxımdan mühüm önəm kəsb edir. Eyni zamanda Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında olan səmimi münasibətlər qarşıya qoyulan vəzifələrin uğurla icrası istiqamətində həlli mühüm amil kimi qiymətləndirilir. Hər iki Liderin ötən il Vaşinqton görüşündən sonra bir sıra vacib platformalarda görüşü, qarşılıqlı fikir mübadiləsi aparması ölkələr arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcı hesab edilir. Bu mənada Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarıın paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclasında iştirakı mühüm önəm kəsb edir.
- Bu gün Cənubi Qafqazda sülhün və əməkdaşlığın formalaşmasında başlıca aktor Azərbaycandır. Ölkəmizin bu müstəvidə qlobal miqyasda verəcəyi töhfələri necə xarakterizə etmək olar?
- Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunması Azərbaycan üçün prioritet istiqamətdir. Ölkəmiz hər zaman suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanan əməkdaşlıq modelini dəstəkləyib. Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinə verdiyi töhfələr, nəqliyyat-kommunikasiya layihələri vasitəsilə regionlararası əlaqələrin genişləndirilməsində oynadığı rolu bu gün qlobal miqyasda təqdir edilir. Ölkəmiz multikulturalizm və tolerantlıq ənənələrinə sadiq qalaraq mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun təşviqinə də mühüm önəm verir.
- Rəsmi Bakının sülh və əməkdaşlıq fonunda regional və qlobal kommunikasiya xəttlərinin işə düşməsi ilə bağlı təşəbbüsləri də artıq real nəticələrə əsaslanır. Bu addımların əməkdaşlığın güclənməsində təsiri nədən ibarət ola bilər?
- Azərbaycan özünün coğrafi mövqeyi və etibarlı tərəfdaş imici sayəsində Avropa ilə Asiya arasında strateji körpü rolu oynayır. Ölkəmiz həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına töhfə verir. Ölkəmiz enerji və logistika sahəsində həyata keçirdiyi irimiqyaslı layihələrlə iqtisadi qarşılıqlı asılılığı artıraraq sabitlik və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərdə fəal iştirakı, sülhməramlı əməliyyatlara verdiyi töhfə və dialoq platformalarına ev sahibliyi etməsi qlobal sülh gündəliyinə praktik dəstəyin bariz nümunəsi kimi dəyərləndirilir. Sözsüz ki, ölkəmiz bundan sonra da münaqişələrin danışıqlar yolu ilə həllini, qarşılıqlı etimadın möhkəmləndirilməsini və inklüziv əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasını dəstəkləməkdə davam edəcəkdir.
- Eldar müəllim, Azərbaycan Prezidentinin ABŞ-ə səfəri zamanı bəzi anti-milli ünsürlərin xoşagəlməz hərəkətləri də diqqətdən yayınmadı. İndiki halda bu kimi dağıdıcı qüvvələri hərəkətə gətirənlər kimlərdir və onların məqsədi nədən ibarətdir?
- Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bəzi anti-milli qüvvələrin erməni lobbisi ilə birlikdə təşkil etdiyi insident ölkə ictimaiyyətinin və siyasi dairələrin ciddi narahatlığına səbəb oldu. Fakt odur ki, Vaşinqtondakı anti-milli ünsürlər ABŞ-dakı şovinist erməni dairələrinin əlaltısı, onların sifarişləri ilə hərəkət edən xalq düşmənləridir. Onların aqressiv və qeyri-əxlaqi aksiyasına ilk “dəstək” də erməni diasporu tərəfindən yəni, ANCA təşkilatından verildi. ANCA-dan sonra dərhal səsini çıxaran isə Azərbaycanın düşməni olan Frenk Pallone oldu. F.Pallonenin erməni lobbisi tərəfindən idarə olunduğu, ANCA-dan maaş aldığı, Azərbaycanın düşməni olduğu isə hər kəsə məlumdur. Azərbaycana qarşı olan mənfur “907-ci düzəlişin” müəlliflərindən biri olan Pallone əsrin faciəsi olan Xocalı soyqırmını inkar edərək, vaxtilə Azərbaycan torpaqları işğal altında saxlanmasına çağıran, qanunsuz olaraq işğal altında olan torpaqlara səfər edən şəxsdir.
Sözsüz ki, baş verənlər cəmiyyətimiz tərəfindən hiddətlə qınanılıb. Reallıq odur ki, hər zaman erməni diasporasının yedəyində getməyə adət etmiş bu cür anti-milli qüvvələr növbəti dəfə öz çirkin niyyətlərini ortaya qoymağa çalışıblar. Amma bu cür təxribatlar hər zaman olduğu kimi dağıdıcı qüvvələrin ifşası ilə nəticələndi. Eyni zamanda son zamanlar xaricdə olan bəzi anti-milli ünsürlər Azərbaycanın fundamental ailə dəyərlərinə zidd fikirlər səsləndirirlər ki bu da onların əxlaqi göstəricilərini bir daha nümayiş etdirir. Söyüş söyməklə özlərinin necə bir tərbiyə sahibi olduqlarını, insanların şəxsi həyatlarını hədəfə alaraq absurd iddialarla çıxış etməkləri onların tərbiyəsi ilə yanaşı əqli qüsurlarını da açıq şəkildə nümayiş etdirir. Tərbiyə və əxlaq Azərbaycan cəmiyyətinin, ailələrimizin və toplum olaraq bizim əsas dəyərimizdir. Min illiklər boyu Azərbaycan xalqı özünəməxsus olan sarsılmaz dəyərləri qoruyub saxlayıb və bu zəngin dəyərlər üzərində cəmiyyətimiz dövlətimiz inkişaf edir. Amma bəzi ünsürlər görünür məhz asılı olduqları dairələrdən belə bir tapşırıq alıblar ki, Azərbaycan xalqının əxlaqi dəyərlərini, onun sahib olduğu mənəvi prinsipləri hədəf alsınlar. Erməni lobbisinin yedəyində gedən bu tip şəxslərə Azərbaycan cəmiyyətinin reaksiyası, ailələrimizin təpkisi olduqca sərtdir. Cəmiyyətimizdə hər kəs bu cür iyrənc məxluqların hər gün ayrı-ayrı internet resurslarında ötürməyə çalışdığı xəstə təfəkkürün məhsulu olan yanaşmalara ən sərt reaksiyanı verir. Ona görə də birmənalı olaraq bu tip xəstə və əxlaqi dəyərləri mənəvi keyfiyyətləri pozulmuş şəxslərin yanaşmaları elə özlərinin malik olduqları zərrəyə bərəbərdir. Azərbaycan cəmiyyəti isə özünün sahib olduğu sarsılmaz dəyərlər fonunda qalib ruhunda müasir çağırışlara uyğun olaraq inkişaf edir. .