BAKI, 20 fevral. TELEQRAF

Şimali Kipr Türk Respublikası (ŞKTR) siyasi kommunikasiya mütəxəssisi və Bayraq Radio Televiziya Qurumu (BRTK) İdarə Heyətinin sədri Özdemir Tokel Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Özdemir bəy, Tufan Erhürmanın Şimali Kipr Türk Respublikasının Prezidenti seçilməsindən sonra ölkənin siyasətində hansı dəyişikliklər baş verib?

- Tufan Erhürman Prezident seçildikdən sonra Kipr probleminin həlli istiqamətində aparılan proseslə bağlı türk tərəfinin siyasətində bu günə qədər ciddi dəyişiklik baş verməyib. Türkiyə ilə Şimali Kipr Türk Respublikasının 2020-ci ildən bəri davam etdirdiyi mövqe qorunur. Ola bilər ki, ritorikada müəyyən fərqlər müşahidə olunsun, lakin faktiki olaraq federal əsaslı həll danışıqlarına geri dönüş baş verməyib. Bu baxımdan iki dövlətli həll modeli ilə bağlı mövcud mövqe əsas çərçivə kimi qalır.

Məlum olduğu kimi, yeni seçilmiş Prezident federal əsaslı həll modelinə yaxınlığı ilə tanınan siyasi partiyanın həm sədri, həm də namizədi idi. Buna baxmayaraq, Prezident vəzifəsinə başladıqdan sonra Kipr Rum tərəfinin “federal əsasda danışıqlara qaldığı yerdən yenidən başlayaq” çağırışına şərtsiz razılıq verməyib. Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman danışıqların başlaması üçün bəzi ilkin şərtlər irəli sürüb.

Mövcud açıqlamalara əsasən, bu şərtlərin Rum liderliyi tərəfindən qəbul olunması real görünmür. Bu baxımdan yaxın gələcəkdə danışıqlar prosesinin yenidən başlaması çox da gözlənilən deyil.

Eyni zamanda xüsusi vurğulamaq lazımdır ki, Türkiyə hökumətinin iki dövlətli həll modelinə dəstəyi davam edir. Türkiyədən verilən bütün açıqlamalarda iki dövlətin əməkdaşlığına əsaslanan həll modeli ardıcıl şəkildə vurğulanır. Həmçinin hakimiyyətdə olan ŞKTR hökumətinin də iki dövlətli həllə dəstəyi davam edir.

- Bəs, ŞKTR ilə Azərbaycan arasındakı siyasi münasibətlərin mövcud durumunu necə qiymətləndirirsiniz?

- Şimali Kipr Türk Respublikası ilə Azərbaycan arasındakı siyasi münasibətlər xüsusi xarakter daşıyır və digər beynəlxalq münasibətlərdən fərqlənir. Bu çərçivədə ŞKTR, Azərbaycan və Türkiyə arasındakı münasibətlər digər siyasi proseslərdən asılı olmayaraq müsbət istiqamətdə davam edəcək. Kipr türk xalqı ilə Azərbaycan xalqı arasında diplomatik münasibətlərin fövqündə dayanan qardaşlıq hüququna əsaslanan güclü bağlar mövcuddur. Buna görə də bu münasibətlər digər ölkələrlə olan əlaqələrdən birbaşa təsirlənmir. ŞKTR-də Prezident dəyişmiş ola bilər, lakin bu dəyişiklik ŞKTR-Azərbaycan münasibətlərinə mənfi təsir göstərməyəcək.

Yeni ŞKTR Prezidenti daha əvvəl açıq şəkildə bəyan edib ki, hər hansı dövlət Şimali Kiprin müstəqilliyini tanımaq qərarı verərsə, buna “xeyr” demərik. Azərbaycan Respublikası Şimali Kipr Türk Respublikasına birbaşa uçuşlar başlatsa və müstəqilliyini tanıdığını elan etsə, Prezident Tufan Erhürmanın buna qarşı çıxması mümkün deyil və ola da bilməz. Azərbaycanla münasibətlərimiz qarşılıqlı hörmət və əməkdaşlıq prinsipi əsasında inkişaf edir. İkitərəfli əlaqələr siyasi, iqtisadi və digər sahələrdə sabit şəkildə irəliləyir. Bu münasibətlərin sabiq Prezident Ersin Tatar dövründə olduğu kimi güclü şəkildə davam edəcəyinə inanıram.

Azərbaycanla münasibətlərimiz xüsusi əhəmiyyət daşıyır və heç bir amil bu münasibətlərə zərər verə bilməz.

- Prezident Tufan Erhürman ilə Türkiyə arasındakı siyasi münasibətlərin mövcud durumunu necə qiymətləndirirsiniz?

- Yeni seçilmiş Prezident ilə Türkiyə arasındakı siyasi münasibətlərdə heç bir gərginlik yoxdur. Prezidentlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmətə, etimada və məsləhətləşməyə əsaslanan münasibət mövcuddur. Prezident Tufan Erhürman Kipr məsələsi ilə bağlı atılacaq addımları Türkiyə ilə məsləhətləşərək atmağa davam edir. Seçkiöncəsi meydanlarda da bu sözü cəmiyyətə vermiş və Türkiyə ilə ortaq şəkildə aparılan Kipr siyasətində tək tərəfli addımlar atmayacağını açıq şəkildə bildirmişdi. Hətta bu mövqe ona gözləniləndən daha yüksək səs qazandırmışdı. Prezident bu xəttini davam etdirir.

Bu səbəbdən hazırda Prezident ilə Türkiyə arasında hər hansı uyğunsuzluq və ya gərginlik mövcud deyil. Bu vəziyyət hər iki ölkə üçün son dərəcə müsbət çərçivə yaradır.

- Prezident Tufan Erhürmanın Bakıya rəsmi səfəri gözlənilirmi?

- Mənim fikrimcə, Prezident Tufan Erhürman ilk növbədə Türk Dövlətləri Təşkilatının liderlər zirvəsində iştirak etməyi seçə bilər. Daha sonra Bakıya xüsusi səfər həyata keçirməsi mümkündür. Vəzifə müddəti ərzində Bakıya mütləq rəsmi səfərlər edəcəyini düşünürəm. Hətta bu təmasların reallaşması üçün lazımi rəsmi müraciətlərin artıq edilmiş olması da mümkündür.

Bunu qarşıdakı dövrdə birlikdə görəcəyik. Lakin uzaq olmayan bir tarixdə Prezidentin Bakı səfərinin baş tutması sürpriz olmaz.