BAKI, 11 noyabr. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Elxan bəy, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında əldə edilmiş razılaşmanın mahiyyəti nədən ibarətdir? Burada Azərbaycanı narazı salan məqamlar hansı məsələlərlə bağlıdır?
- “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı 64 səhifəlik sənəddə Azərbaycan üçün məqbul olmayan bir neçə cümlə və bənd var. Həmin sənəddə guya hərbi əməliyyatlardan sonra “qaçqın” düşmüş ermənilər anlayışı və s. kimi absurd məsələlərə istinad var. Halbuki, Azərbaycan 2023-cü ilin sentyabrında öz ərazisində erməni separatçılarına qarşı hərbi əməliyyatlar keçirib. Eyni zamanda heç kim erməniləri Qarabağdan zorla çıxartmayıb. Onlar öz qərarları ilə ərazini tərk ediblər. Hətta Azərbaycan tərəfindən onlara vətəndaşlıq müqabilində ölkə ərazisində dinc yaşayış təklif edilib. Amma onlar bundan imtina edərək, könüllü şəkildə bölgəni tərk ediblər. Azərbaycan da bu məsələdə onlara heç bir maneçilik törətməyib.

- Avropa İttifaqının bu razılaşmaya dair qeydlərində rəsmi Bakını narazı salan cəhətlər nə idi?
- Ermənistanla Aİ arasında imzalanmış sənəddə bir neçə məqamda keçmiş “Dağlıq Qarabağ” ifadəsi yer alıb. Aİ bununla Azərbaycan qanunlarına açıq hörmətsizlik edir. Çünki II Qarabağ müharibəsindən sonra Azərbaycanda belə bir ərazi vahidi mövcud deyil. Qarabağ və Şərqi Zəngəzur adlanan ərazi vahidi var ki, Aİ bunu nəzərə almalıdır. Ermənistanla əldə edilən məsələ onların daxili işidir. Amma sənəddə Azərbaycana qarşı mənfi tendensiyaları ifadə edən bəndlər varsa, rəsmi Bakı sözsüz ki, buna reaksiya verməlidir.
- Bu məqamların Azərbaycanla-Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi haqqında istəyi ilə nə dərəcədə uyğunluq təşkil edir?
- Əslində Aİ Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir. Rəsmi Bakı da bunda maraqlıdır. Avropa rəsmilərinin Azərbaycana səfərləri, əməkdaşlığı genişləndirməklə bağlı verilən bəyanatlar var. Bu gün Avropa İttifaqı Azərbaycanın vacib ticarət tərəfdaşlarından biridir. Amma bütün bunların fonunda Aİ ilə Ermənistan arasında Azərbaycanı mənfi obrazda göstərən sənədin imzalanması kökündən yanlışdır. Bu Azərbaycanla münasibətlərə kölgə sala bilər.

- Bu məsələdə rəsmi Bakının görəcəyi hansı işlər var?
- Azərbaycanın Avropa İttifaqında nümayəndəsi var. Əvvəlcədən Aİ ilə Ermənistan arasında belə bir işin getməsi ilə bağlı yəqin ki, məlumat olub. Ona görə də Azərbaycanın Aİ-dəki diplomatları avropalı rəsmiləri xəbərdar etməli idi. Onlara deyilməli idi ki, “siz Ermənistanla hansısa saziş imzalayacaqsınızsa, orada Azərbaycan əleyhinə cümlələr, fikirlər olmasın”. Öncədən onlara deyilməli idi ki, “bu cür məqamların olması Azərbaycanla münasibətlərə mənfi təsir edə bilər”. Əvvəlcədən bu iş görülməli idi.
- İndiki halda Azərbaycanın ortada olan məsələyə adekvat yanaşması necə olmalıdır?
- Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı özünün mövqeyini bəyan edib. Bakının tələbi odur ki, imzalanmış sənəddə Azərbaycanla bağlı əksini tapmış məqamlara düzəlişlər edilsin. Yəni, Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin Qarabağa qayıdışından danışmır, bu kimi cümlələri işlətmir. Əksinə, AŞPA-da ermənipərəst avropalı deputat Paşinyana Qarabağdan getmiş ermənilərlə bağlı sual verəndə, o cavab vermişdi ki, “bu məsələ bitib”. Baş nazir açıq şəkildə qeyd etmişdi ki, “ermənilərin Qarabağa qayıdışından söhbət getmir”. Əgər, Paşinyan bu məsələləri qaldırmırsa, Aİ-nin bu mövzuya istinad etməsi birmənalı deyil. Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti ilə Azərbaycan arasında dostluq əlaqələri var. Maraqlıdır ki, ölkəmizə dost olan dövlətlər bu kimi sənədlərin ortaya çıxmasına niyə mane olmayıblar?

- Bu sənədin Azərbaycanla Ermənistan arasında bu ilin avqustun 8-də əldə edilən razılaşmalarla uyğunsuzluğu nədən ibarətdir?
- Azərbaycan və Ermənistan üçün əsas olan 8 avqust sənədidir. Bu sənəddə hər şey yazılıb, deyilib. Artıq bu sənəd üzərində işlər də sürətlənib. Paşinyan Almaniyaya səfəri zamanı bu məsələlərlə bağlı ABŞ ilə birgə şirkət də təsis edildiyini açıqladı. Gələn ilin ortalarına qədər Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı tikinti işlərinə başlanılmalıdır. Bu isə 8 avqsut razılaşmalarının yerinə yetirilməsini göstərir. Bu mənada Aİ ilə Ermənistan arasındakı sənəddə Azərbaycanla bağlı olan məsələlərə mütləq düzəlişlər edilməlidir. Aİ-nin Ermənistan ərazisindəki “missiya”sının vaxtının uzadılması kimi məsələlərə isə mütləq baxılmalıdır. Faktiki olaraq, bu keçmiş Minsk qrupunu xatırladır. II Qarabağ müharibəsindən sonra Minsk qrupu yararsız bir quruma çevrilmişdi və nəticədə bu ayın əvvəlində həmin təşkilatın varlığına birdəflik son qoyuldu.

- Avropa İttifaqının Ermənistandakı “missiya”sının vaxtının uzadılmasında məqsəd nədir?
- Aİ-nin Ermənistandakı “missiya”sının mövcudluğu, onların ərazidə nəyin monitorinqini aparacağı məsələləri hələ də açıq qalır. Ola bilər ki, bu “missiya”nı Ermənistanda saxlamaqda Aİ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq niyyəti güdür. Rusiyanın Ermənistandakı hərbi bazası və sərhəddə rus əsgərinin dayanması fonunda Aİ bununla sanki balans yaratmağa çalışır. Amma bütövlükdə bu məsələyə Azərbaycanın aidiyyatı olmamalıdır. Əslində bu əlavə gərginlik mənbəyidir. Paşinyan da sərhəddə gəlib hər şeyin normal olduğunu, Azərbaycandan heç bir təhlükənin olmadığını deyir. Digər yandan isə Aİ bölgədəki “missiya”sının vaxtını uzatmaqla bilavasitə bölgədəki sülh quruculuğuna mane olur. Halbuki, bölgədəki sülh quruculuğu Avropa İttifaqının özü üçün lazımdır.