BAKI, 5 dekabr. TELEQRAF
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Türk Dövlətləri Təşkilatının “Xəritəçilik İşçi Qrupu”nun Bakıda keçirilən növbəti iclası çərçivəsində ölkəmizə səfər etmiş Özbəkistan və Qırğızıstan nümayəndə heyətləri ilə görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə daşınmaz əmlakın reyestri və kadastrı, geodeziya sahəsində təcrübə və məlumat mübadiləsi aparılıb, bu sahələrdə görülmüş işlər, göstərilən elektron xidmətlər və tətbiq olunan innovasiyalar diqqətə çatdırılıb.
Tərəflər daşınmaz əmlakın reyestri, kadastrı və geodeziya sahəsində birgə təşəbbüslər, layihələr, o cümlədən milli məkan məlumatları infrastrukturunun formalaşdırılması üzrə fikir mübadiləsi aparıb, bu sahələrdə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.