BAKI, 5 dekabr. TELEQRAF
Türk Dövlətləri Təşkilatının (TDT) əmək, məşğulluq və sosial müdafiə nazirlərinin I iclasının iştirakçıları 1 saylı DOST Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar.
Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Prezident İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi və DOST Mərkəzlərinin fəaliyyəti barədə qonaqlara məlumat verib.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edildiyi vurğulanıb. DOST konsepsiyasının üstünlükləri və beynəlxalq uğurları diqqətə çatdırılıb.
Müəssisədə həyata keçirilən yaradıcılıq prosesi, burada hazırlanan əl işləri ilə tanış olan qonaqlar üçün Mərkəzin təlimçi və benefisiarlarının ifasında konsert proqramı təqdim olunub.