BAKI, 5 dekabr. TELEQRAF
"Qədim dövlətçilik və mədəniyyət tarixinə malik Azərbaycan xalqı son iki əsrdə dəfələrlə məhrumiyyətlər, deportasiyalar və soyqırımları ilə üz-üzə qalmış, ermənilərin Azərbaycanın əzəli torpaqlarına köçürülməsindən sonra – 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə azərbaycanlılara qarşı törədilən qırğınlar və qanunsuz köçürmələr nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdunu tərk edərək Azərbaycana sığınmışdır".
Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciət yer alıb.
Dövlət başçısı qeyd edib: "Ermənistan ərazisində yaşayan azərbaycanlıların dağlıq bölgələrdən daha isti iqlimi olan yerlərə zorla köçürülməsi, onların illərlə qurub-yaratdıqları mülkiyyətin mənimsənilməsi, maddi-mədəniyyət nümunələrinin ələ keçirilərək dağıdılması və özgəninkiləşdirilməsi bu gün mötəbər sənədlərlə sübuta yetirilən tarixi faktlardır.
Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini, müqəddəs inanc yerlərini, qəbiristanlıqlarını öz ərazisindən Azərbaycan xalqının izlərini silmək məqsədilə zaman-zaman məhv etmişdir. Ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımlar atılması və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyi olduqca əhəmiyyətlidir".