BAKI, 5 dekabr. TELEQRAF
Bu gün Bakıda keçirilən “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusunda Azərbaycan – Gürcüstan Media Forumu başa çatıb.
Teleqraf xəbər verir ki, tədbirin açılış mərasimində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov çıxış edib. O, iki ölkə arasında informasiya mübadiləsinin sistemli şəkildə genişləndirilməsi, media subyektləri arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və ortaq kommunikasiya gündəminin formalaşdırılmasının regionda sabitlik və davamlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, rəqəmsallaşma və sosial media platformalarının sürətli inkişafı informasiya axınını xeyli intensivləşdirərək peşəkar medianın rolunu daha da artırır, informasiya təhlükəsizliyi siyasətinin daha effektiv şəkildə həyata keçirilməsini zəruri edir.
Forum çərçivəsində birinci panel sessiya “İnformasiya təhlükəsizliyinin təmini məqsədilə media ekosisteminin gücləndirilməsi” mövzusuna həsr olunub. Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzovun moderatorluq etdiyi paneldə “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov, Gürcüstanın “Eurocracy - Former Europe” proqramının aparıcısı İoane Şaişmelaşvili, Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Gürcüstanın İctimai Televiziyasının “Rəngarəng Gürcüstan” layihəsinin rəhbəri, jurnalist, televiziya aparıcısı Ramiliya Əliyeva isə spiker qismində çıxış ediblər. Ramiliya Əliyeva çıxışı zamanı deyib ki, süni intellektin verdiyi məlumatların doğruluğuna əmin olmaq üçün lisenziyalaşdırma çox vacibdir. "İlk başda media nümayəndələri olaraq süni intellekti ərsəyə gələndə düşündük ki, işlərimizi əlimizdən alacaq, lakin zamanla inkişaf etdikcə ənənəvi medianın rolunun daha da artdığını görürür. Bir media nümayənsinə qarşı etimad ona verilən lisenziyadan irəli gəlir. Bu aspektdən yanaşdıqda süni intellekt qlobal dünyada inkişaf etdikcə lisenziyalaşdırma məsələsi gündəmə gəlir, vacib əhəmiyyət kəsb edir.
Hazırda Gürcüstan mediasında da biz ondan istifadə edirik. Süni intellekt uzun müddət vaxt alan işlər qısa müddətdə həll edilir. Lakin hər hansı araşdırma zamanı onun verdiyi məlumatların doğruluğuna əmin olmaq lazımdır. Bunun üçün lisenziyalaşdırma vacibdir. O bir alətdir hər bir şeydə nəzarət lazımdır. Çünki süni intellektin müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var", - o vurğulayıb.
Gürcüstandan olan “Eucrocracy-Former Europe” programının aparıcısı İoane Shaishmelashvili çıxışında deyib ki, BBC-nin Gürcüstanda etirazçılara qarşı kimyəvi silahların istifadə olunması ilə bağlı reportajı gülüncdür. “Dünyada yüksək standartlara malik olan bir sıra iri media qurumları var ki, onların xəbərlərini yoxlamağa belə ehtiyac olmurdu və onlar haqqında sual belə verilmirdi.
Bunlardan biri BBC idi. Amma onun Gürcütan haqqında yaydığı xəbər gülüş obyektinə çevrilib. Onlar bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp haqqında da yalan məlumat yaymışdılar. Sonradan sözləri etiraf etdi ki, Trampın BBC tərəfindən yayılan videosu montaj edilib və prezidentin fikirləri təhrif edilib. Azərbaycanla bağlı da müəyyən dezinformasiyalar yayılırdı. Avtoritet sahibi media qurumların öz etibarlarını ayaqlar altına alması bu günün təəssüf doğuran reallığıdır", - o vurğulayıb. Panel zamanı texnoloji təkamülün media mühitinə çoxşaxəli təsiri, etibarlı informasiya mühitinin qorunması, sosial medianın əsas məlumat mənbələrindən birinə çevrilməsi, eləcə də rəqəmsal alətlər vasitəsilə müxtəlif auditoriyalarla daha effektiv kommunikasiyanın qurulması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. "Jurnalistlərin peşəkarlığının və cəmiyyətin media savadlılığının artırılmasında birgə əməkdaşlıq” mövzusunda ikinci panel sessiyaya Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova moderatorluq edib.
Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova, Qriqol Robakidze Universitetinin Humanitar və Sosial Elmlər Məktəbinin professoru, Multimedia Mərkəzinin rəhbəri Maia Paçkoriya, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, eləcə də Gürcüstanın PosTV telekanalının analitik qrupunun nümayəndəsi Gia Abaşidze spiker qismində çıxış edərək jurnalistlərin peşəkarlığının artırılması, cəmiyyətin media savadlılığının yüksəldilməsi və bu sahədə ikitərəfli əməkdaşlığın rolu ilə bağlı fikirlərini bölüşüblər.
Vüqar Zifəroğlu çıxışında vurğulayıb ki, XXI əsrin insanı media savadlı insan olmalıdır: "İnsanlar medianın nəyi ifadə etdiyini anlamalıdır. Media savadlılığını orta məktəblərdə də tədris etmək lazımdır. Buna misal olaraq Türkiyəni göstərmək olar. Proses orta məktəbdən başlamalı və ali təhsil müəssisələrində də davam etməlidir. Media savadlılığı üzərində davamlı işləmək, oxumaq lazımdır. Cəmiyyət üçün önəmli olan məsələlərdən biri soğulamaq bacarığıdır. Bir mənbədən əldə edilən informasiyanın həqiqiliyini yoxlamaq üçün bir neçə alternativ mənbə var. Bunun üçün sadəcə sorğulamaq lazımdır". Paneldə iştirakçılar tərəfindən vurğulanıb ki, müasir informasiya mühitində medianın artan məsuliyyətini nəzər alaraq cəmiyyətin etibarlı informasiya əldə etməsi üçün jurnalistlərin hazırlıq səviyyəsinin yüksəldilməsi, maarifləndirici təşəbbüslərin genişləndirilməsi və media savadlılığına dair davamlı layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
***
10:30
Bu gün Bakıda Azərbaycan – Gürcüstan Media Forumu keçirilir.
Teleqraf xəbər verir ki, forum “İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi” mövzusundadır.