"Qərbi Azərbaycan İcması son 200 ildə Ermənistan ərazisindən mərhələlərlə qovulan milyonlarla insanı və onların varislərini birləşdirən ictimai təşkilatdır".

Teleqraf xəbər verir ki, bu sözləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzususunda lll Beynəlxalq Konfransda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərov çıxış edərkən deyib.

Onun sözlərinə görə, təşkilatın fəaliyyət istiqamətinin əsas xəttini həmin insanların, xüsusilə də 1987-ci ildə başlayan Ermənistan-Azərbaycan münaqişəsinin ilk mərhələsində öz doğma yurdlarından amansız şəkildə qovulan 300 min nəfər qaçqının öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etməkdir.

“Fəaliyyətimizdə beynəlxalq hüquqa söykənir, qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik. Təəssüf ki, Ermənistan bütün bu qanunsuz əməllərə görə beynəlxalq məsuliyyət daşımamaq üçün çalışır. Onların hərəkətləri bəşəri cinayətdir. Buna görə dəfələrlə UNESCO-ya müraciət etmişik”, - deyə vurğulayıb.

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, mədəni irs məhv edildikdə, bir xalqın öz keçmişi ilə qurduğu bağ da qırılır.

"Mədəni irsin məhv edilməsi yalnız bir millətə qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət sayılır. Bu səbəbdən Qərbi azərbaycanlıların geri dönüş hüququ müzakirə olunarkən, məsələ həm hüquqi, həm də mədəni aspektdən birlikdə qiymətləndirilməlidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağda yeni yollar, su hövzələri, hava limanları, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri həyata keçirilir. Bir milyondan çox köçkünün geri qayıtması üçün şərait yaradılır, ağaclar əkilir, müasir yaşayış standartları təmin edilir və insanların öz yurdlarına rahat şəkildə dönüşü üçün imkanlar genişləndirilir. Bu, çox mühüm tarixi hadisədir. Azərbaycan bütün bunları həyata keçirərkən heç bir öhdəliyindən yayınmayıb, əksinə, bölgədə apardığı bərpa-quruculuq işləri ilə dünyaya nümunə ola biləcək səviyyədə inkişaf göstərib", - deyə qeyd edib.

İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru professor Yaşar Sarı qeyd edib ki, Qərbi Azərbaycana qarşı tarixi ədalətsizlik baş verib: "Deportasiya prosesi həm Çar imperiyası dövründə, həm də Sovet İttifaqı zamanı baş verib. İlk növbədə, həmin insanların öz vətənlərinə qayıtmaq hüququnu vurğulayan hüquqi sənədlərə diqqət yetirilməlidir".

Fransalı tarixçi Maxime Gauin deyib ki, 1987-ci ildən başlayaraq yüzlərlə azərbaycanlı Ermənistandan qovulub.

Onun sözlərinə görə, 1988-ci ilin fevralına qədər bu rəqəm 40 minə qədər yüksəlib: "Sonra Azərbaycanda baş vermiş iğtişaşlar, Ermənistan tərəfindən təşkil olunan müəyyən dairələr – xüsusilə erməni mafiyasının bəzi qolları və Sovet milisinin nümayəndələri – tərəfindən şişirdilərək, diqqətin Ermənistanda baş verən hadisələrdən yayındırılmasına yönəldilib. Nəticədə azərbaycanlılara qarşı hücumlar artıb və qovulmalar sürətlənib. Ermənistanda fəaliyyət göstərən jurnalist Vladimir Baxçinyan qeyd edirdi ki, Ermənistanın rəhbərliyində təmsil olunan bəzi şəxslər açıq şəkildə azərbaycanlıların tamamilə məhv edilməsini və qovulmasını zəruri saydıqlarını bildirirdilər. 1988-ci ilin sonuna qədər isə bir sıra kiçik rayonlarda bütün azərbaycanlılar öldürülüb və qovulub".

Tarixçi onu da qeyd edib ki, sovet işğalına qarşı Zəngəzur və Qarabağda bəzi ermənilər ilə azərbaycanlılar arasında birlik yaranmışdı. Lakin sonradan erməni-bolşevik yaxınlaşması və Zəngəzurda Monteneqro hərəkatı adlandırılan silahlı dəstə ilə əməkdaşlıq nəticəsində bu birlik dağıdılıb".

Harvard Universitetinin tədqiqat direktoru Mark Nathan Kramer bildirib ki, müharibə heç vaxt mədəni irsin qorunmasına kömək etməyib: "Hesab edirəm ki, mədəni irsin məhv edilməsi və talanması təhlükəsi dövlətləri döyüşməkdən çəkindirəcək və müharibələri həll etmək üçün onları sürətli hərəkət etməyə vadar edəcək".

Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid deyib ki, Qarabağda minalar qəsdən, günahsız insanların həyatını təhlükəyə atmaq və bölgənin inkişaf tempini ləngitmək üçün basdırılmışdı.

Onun sözlərinə görə, bu gün belə minalar insan həyatını almağa davam edir və bərpa və köç prosesinin qarşısında ən böyük maneələrdən biri olaraq qalır: “Ən faciəli itkilər isə məscidlər, ziyarətgahlar, qəbiristanlıqlar, tarixi məhəllələr və digər yaddaş məkanları idi. Bu yerlər tamamilə talan edilmişdi – məscidlər müqəddəs əşyalarından məhrum edilmiş, nəsillər boyu mənəvi həyatın mərkəzi olmuş ocaqlar dağıntıya çevrilmişdi.

Qəbiristanlıqlar viran qalmış, məzar daşları sındırılmış və ya yox olmuşdu. Bir vaxtlar canlı icma həyatı ilə zəngin olan tarixi məhəllələr xarabalığa çevrilmişdi. Bu yerlər sadəcə tikililər deyil – onlar tarix, inanc və kollektiv yaddaş mənbəyidir. Onların məhv edilməsi isə kimliyi silməyə yönəlmiş qəsdən edilmiş cəhd idi. Cəbrayıl şəhərində gəzərkən evlərin xarabalığa çevrildiyini görsəm də, eyni zamanda şəhərə yenidən həyat verən ilkin bərpa işlərinin şahidi oldum. Məscidlər orijinal memarlığına sadiq şəkildə yenidən qurulur, qəbiristanlıqlar sənədləşdirilir və bərpa olunur, beləliklə, ata-babaların hekayələri yaşadılır. Tarixi məhəllələr xəritələnir və yenidən canlandırılır, küçələr isə öz doğma yurdlarına qayıdan ailələrlə yenidən dolmağa başlayır. Hər bir bərpa layihəsi keçmişlə gələcək arasında bir körpüdür – insanlara təkcə torpaqlarını deyil, yaddaşlarını və kimliklərini də geri qaytarmağa imkan verir.

Zəngilanda "ağıllı kənd" layihəsində də bu dəyişimin canlı şahidi oldum".

Pakistan Ali Məhkəməsinin vəkili qeyd edib ki, burada yeni evlər, məktəblər və xəstəxanalarla yanaşı, tarixi ziyarətgahlar qorunur, ictimai məkanlar yenidən canlandırılır: "Bu kompleks yanaşma göstərir ki, maddi-mədəni irsin qorunması və müasir inkişaf bir-birindən ayrı məqsədlər deyil – bir-birini tamamlayan proseslərdir. Yaddaş məkanlarını qorumaqla yanaşı təhsil, səhiyyə və yaşayış üçün müasir şərait yaratmaqla Azərbaycana qayıdan icmaların keçmişi ilə bağlarını bərpa edib gələcəkdə inkişaf edə bilməsini təmin edir. Bu fəaliyyət təkcə mənəvi borc deyil, həm də beynəlxalq hüquqa əsaslanan öhdəlikdir. Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyası və onun protokolları, eləcə də UNESCO-nun Maddi və Qeyri-Maddi İrsin Qorunması haqqında Konvensiyaları mədəni irs obyektlərinin müharibə və işğal dövründə belə qorunmasını açıq şəkildə tələb edir. Bu beynəlxalq sənədlər mədəni obyektlərin qəsdən məhvini, təhrifini və ya yanlış istifadəsini qadağan edir. İşğaldan azad olunmuş ərazilərdə şahidi olduğumuz sistemli dağıntılar isə bu prinsiplərin Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu göstərir. Eyni zamanda Azərbaycanın mədəni irsini sənədləşdirmək, bərpa etmək və qorumaq üçün apardığı ardıcıl işlər beynəlxalq normalarla tam uyğun gəlir və bəşəriyyətin ortaq mirasına məsuliyyətli yanaşmanın nümunəsidir".