BAKI, 13 noyabr. TELEQRAF

"Tələbə kreditlərini tələbənin digər xərclərinə də yönəldə bilərik. Amma bu zaman kredit verilən tələbə sayı azala bilər".

Teleqraf xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, orta məktəblərdə ixtisarlar yəqin ki, davam edəcək:

“Bunu ixtisar yox, səmərəlillik adlandırardım. Çünki biz düşünürük ki, 5 şagirdi olan məktəbdə keyfiyyətli təhsil mümkün deyil. Bir sinfin dövlət büdcəsi üçün xərc nisbəti 20-25 min manat arasında dəyişir. O uşaqları başqa bir məktəbdə tədrisə cəlb edə bilərik”.

Nazir deputatların məcburi köçkün məktəblərinin bağlanması barədə narahatlığına da münasibət bildirib. O, azad edilmiş ərazilərdə açılan məktəbləri vurğulayıb:

“Məcburi köçkün məktəblərinin bağlanmır, başqa bir yerdə yenidən fəaliyyət göstərməyə başlayır. Yəni, ümumi iş sayı artır ki, azalmır”.