BAKI, 11 oktyabr. TELEQRAF

"Türk dövlətləri üçün ortaq dil, əlifba dedikdə artıq mövcud olan nəyisə əsas götürmək lazımdır. Amma ümumiləşdirib hər türk dilindən bir şey götürülsə, bununla heç nə alınmayacaq. Ona görə də ortaq türk dili dedikdə bizim hamımızın başa düşdüyü, anladığı türk dili anlayışı mövcuddur".

Bu sözləri Teleqraf-a Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.

Akademik hesab edir ki, buna hər dil də yavaş-yavaş öz elementini verməyi nəzərdə tutmalı və bacarmalıdır: “Məhz bu şəkildə ortaq dil yarana bilər. Bir az Azərbaycan, Türkiyə türkcəsi, qırğız dili və başqa dillərdən nəsə götürməklə heç bir nəticə əldə etmək olmaz”.

Kamal Abdullaya görə, Türkiyə türkcəsində elə hərflər var ki, onların özü olmasa da səsi işlədilir: “Məsələn onlarda “ə” hərfi olmasa da “ə” səsindən istifadə edirlər. Dildə bu səs real olaraq var. Sadəcə onlar “e” hərfi şəklində bunu qeyd edir. Azərbaycan dilində isə “ə” hərfi səs kimi və real olaraq olduğuna görə, o şəkildə yazılır. Çünki dillərin hər ikisində bu səs var”.

Qeyd edək ki, ilk dəfə olaraq Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ortaq türk əlifbasında çap edilmiş Çingiz Aytmatovun “Oğuznamələri”ni təqdim edib.