BAKI, 10 oktyabr. TELEQRAF
Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri müəyyənləşdiriləcək.
Teleqraf-ın məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, daxili qoşunların fəaliyyətinin əsas prinsipləri aşağıdakılar olacaq:
- qanunun aliliyi, humanizm, qanun qarşısında bərabərlik, insan və onun konstitusion hüquq və azadlıqlarına hörmət;
- vahid və mərkəzləşdirilmiş rəhbərlik;
- daxili qoşunların hərbi quruculuq tədbirlərinə və fəaliyyətinə nəzarət;
- beynəlxalq hərbi quruculuq təcrübəsindən səmərəli istifadə;
- döyüşə və səfərbərliyə daimi hazırlıq;
- döyüş potensialının müasir hərbi elmin və texnikanın ən yeni nailiyyətləri səviyyəsində saxlanılması, texniki bazanın daima yenilənməsi;
- dövlət sirrinin qorunması;
- hərbi intizamın möhkəmləndirilməsi;
- şəxsi heyətdə Azərbaycan Respublikası, Azərbaycan xalqı, hərbi anda sədaqət hissin, öz Vətəninin tarixi və ənənələrinə dərin məhəbbət, Vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılması;
- daxili qoşunlarda siyasi partiyalar, qeyri-hökumət təşkilatları və dini qurumların yaradılması və fəaliyyətinin qadağan edilməsi;
- gənclərdə hərbi xidmətə marağın yüksəldilməsi.
Bununla yanaşı, daxili qoşunların fəaliyyət istiqamətləri aşağıdakılar olacaq:
- konstitusiya quruluşu, suverenlik, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştirak etmək;
- terrorçuluğa və dini ekstremizmə qarşı mübarizədə iştirak etmək;
- fövqəladə və ya hərbi vəziyyət rejiminin təmin edilməsi, fövqəladə vəziyyət, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqinə səbəb olmuş halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək;
- Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak etmək;
- Yuxarıda nəzərdə tutulan fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mühafizə olunan obyektlərin mühafizəsində iştirak etmək.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunudşa qəbul edilib.