BAKI, 5 sentyabr. TELEQRAF

"Azərbaycanla Ermənistan arasında sülh istiqamətində mühüm nəticələr əldə edilib. Artıq sülh sazişinin mətni paraflanıb. Cənubi Qafqaza nəhayət sülh gələcək. Bunun başqa yolu yoxdur".

Bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

Şura sədri hesab edir ki, artıq Ermənistan rəhbərliyi də bu reallığı başa düşməyə çalışır: “Keçmişdəki zərərli ideologiya erməniləri uçuruma aparır. Ermənistan bir dövlət kimi inkişaf etmək istəyirsə, gərək öz qonşuları ilə əlaqələr yaratsın. Bunun üçün düşmənçiliyə xidmət edən “ideologiya”, qondarma erməni soyqırımı kimi mövzular kənara atılmalıdır”.

Arif Rəhimzadəyə görə, sülh üçün yeganə maneə olan Ermənistan konstitusiyasındakı ərazi iddialarını ehtiva edən müddəalar da aradan qaldırılmalıdır: “Ermənistanın Baş naziri Nikol Paşinyan artıq bu reallığı anlamağa çalışır. Erməni cəmiyyətinin bir hissəsi də bunu anlayır. Ancaq bütün ermənilərin bu mövqedə olduğunu söyləmək çətindir. Bunun üçün vaxt lazımdır. Ermənilər nəhayət başa düşsünlər, anlasınlar ki, istinad etdikləri “ideologiya” onları uçuruma aparır. Hazırda Ermənistanda da bu yanlış ideologiyanın əleyhinə çıxış edənlər var. Sözsüz ki, bütövlükdə cəmiyyətin yeni reallığı qəbul etməsi üçün bəlli zaman lazım olacaq”.