BAKI, 2 sentyabr. TELEQRAF
Azərbaycanla Ermənistan arasında sülhlə bağlı əldə edilən razılaşmalar fonunda tərəflərin bundan sonrakı dövr üçün bir-birinə qarşı hansısa təbliğat aparmaması müzakirə mövzusudur. Sözsüz ki, erməni tərəfinin bundan sonra Azərbaycana qarşı hansısa təbliğatda iştirak etməyəcəyini heç kəs deyə bilməz. Yəqin ki, onların bu hərəkətləri tamamilə dayanmasa da xeyli şəkildə azalacaq.
Bu sözləri Teleqraf-a Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib.
Akademik hesab edir ki, bundan sonra irəli baxmaq lazımdır: “Sözsüz ki, dünən nə olubsa unutmaq olmaz. Əgər gələcəyimizi normal şəkildə qurmaq istəyiriksə, irəli baxmaq, dünən baş verənləri unutmamaq, amma onların acısını yaşamaqda davam etməmək əsas amil olmalıdır. Uzun müddət erməni cəmiyyətində Azərbaycana qarşı nifrət hissini ifadə edən təbliğat aparılıb, buna dair çoxlu mətnlər yazılıb. Amma bu cür yazıların heç bir əhəmiyyəti yoxdur”.
Kamal Abdullaya görə, Azərbaycan və Ermənistan tərəfinin bir-birini anlamaq prosesi gedir: “Qarşılıqlı olaraq bir-birini başa düşməyə cəhd edilir. Ölkələrin siyasi rəhbərlərinin ortaya qoyduğu məsələlərlə barışmaq və ona uyğunlaşmaq lazımdır. Siyasi rəhbərlərə düzgün pas atmaq lazımdır. Dünənki məsələləri qabartmaqla, filan yer bizimdir və s. mövzuları deməklə prosesləri kəskinləşdirə bilərsən. İndiki halda buna ehtiyac yoxdur. Hər şeyin öz vaxtı var. Bəlkə vaxt gələcək ki, biz bunları qabartmalı olacağıq. Çünki bu, bir dalğadır və onun da yuxarı qalxan, aşağı düşən vaxtı var. Vətəndaşın da borcu odur ki, öz siyasi rəhbərinin atdığı addımlara baxsın. Xüsusi Azərbaycan Prezidenti hər şeyi çox gözəl bilir və buna uyğun da adekvat addımlar atır. Biz də məhz buna uyğunlaşmalıyıq”.