BAKI, 8 avqust. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Elxan bəy, ABŞ-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh sazişinə dair növbəti görüş baş tutacaq. Yekun sülh razılaşması istiqamətində Vaşinqtonda əldə ediləcək nəticələrin əhəmiyyətini necə dəyərləndirirsiniz?
- Bu gün Amerikada Azərbaycan və Ermənistan arasında gözlənilən sülh sazişinin paraflanması yekun razılaşmanın imzalanması yolunda son addım sayıla bilər. Hər iki tərəf artıq üzərinə öhdəlik götürəcək ki, qısa zamanda sülh sazişi imzalanmalıdır. Yəqin ki, memorandumda və ya ortaq bəyanatda bu vurğulanacaq.
Paşinyan Ermənistanda konstitusiya dəyişikliyini parlament seçkilərindən sonraya saxlayıb. Burada təxminın 9-10 aydan söhbət gedir. İkinci məsələnin həlli isə bu gün gözlənilir. Çünki Azərbaycanın sülhlə bağlı iki mühüm tələbi var. Bu, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması və ATƏT-in Minsk qrupundan imtina ilə bağlıdır.
Gözlənilən odur ki, Minsk qrupundan imtina bugünkü görüşdə həll oluna bilər. Ortaq bəyanatda qeyd edilə bilər ki, Minsk qrupunun fəaliyyətinə xitam verilməsi ilə bağlı hər iki tərəf ATƏT-ə müraciət edəcək. İmzalanacaq sənədə belə bir bəndin salınması ehtimalı çox yüksəkdir. Bu, eyni zamanda Azərbaycanın sülhlə bağlı iki mühüm tələbindən birinin həlli deməkdir.
ABŞ də üzərinə məsuliyyət götürür ki, prosesi diqqətdə saxlasın. Əgər Azərbaycan və Ermənistan liderləri sülh sazişini paraflayır və ortaq bəyanat qəbul edirlərsə, artıq yekun sənədin imzalanması üçün ciddi maneələr qalmır. Zəngəzur dəhlizinin açılmasına dair də önəmli addımlarına atılması fikri önə çəkilir. Söhbət dəhlizin hansısa Amerika şirkətinin icarəsi əsasında açılmasından gedir.
Amma bugünkü görüşdə dəhliz məsələsinin həll olunub-olunmayacağı daha çox Paşinyanın verəcəyi qərardan asılıdır. Dəhliz Ermənistan ərazisindən keçəcək. Azərbaycan Prezidenti də bu məsələnin lehinə olacaq.
Eyni zamanda bu gün Azərbaycanla ABŞ arasında strateji bir sazişin imzalanması da gözlənilir. ABŞ Prezidenti Donald Trampın Azərbaycana qarşı olan “907-ci” düzəlişi donduracağı bildirilir. Azərbaycan bu düzəlişin ümumiyyətlə aradan qaldırılmasını istəyir. Amma bu, təkcə Trampın səlahiyyətində olan məsələ deyil. ABŞ Konqresi “907-ci” düzəlişin qüvvədən düşməsi ilə bağlı qərar verə bilər. İlkin mərhələdə Amerika Prezidentinin bu düzəlişi dondurması strateji əlaqələrdə irəliyə doğru atılan addım hesab edilə bilər.

- Zəngəzur dəhlizinin Amerika şirkətinin icarəsi əsasında, Ermənistan qanunvericiliyinə uyğun açılmasından danışılır. Söhbət maneəsiz keçiddən gedirsə, burada əsas mexanizmlər necə müəyyənləşəcək?
- Əgər Paşinyan Amerika şirkətinin Zəngəzur dəhlizini icarəyə götürməsi ilə razılışarsa, Ermənistan hökuməti ilə həmin şirkət arasında müqavilə imzalanacaq. Burada qeyri-adi heç nə yoxdur.
Azərbaycan üçün əsas odur ki, vətəndaşlarımız bu dəhlizdə heç bir maneə ilə üzləşməsin. Yəni, Azərbaycandan-Azərbaycana gedərkən bizim vətəndaşlarımızı erməni hərbçiləri yoxlamasın. Amerika şirkətinin icarəsi əsasında dəhliz açılacaqsa, Azərbaycanın tələbi də yerinə yetirilmiş olacaq. Həmin şirkət Ermənistanın suveverenliyi çərçivəsində fəaliyyət göstərəcək.
Burada gömrük haqqları və digər ödənişlər yığılacaqsa, Ermənistanın büdcəsinə də daxilolmalar təmin ediləcək. Ola bilsin, Ermənistanın suverenliyi dedikdə məhz bu məqam nəzərdə tutulur.
.jpg)
- ATƏT-in Minsk qrupunun buraxılmasından söhbət gedir. Bu təşkilatda qərarların konsensus əsasında verildiyini nəzərə alsaq, digər iki həmsədrin Rusiya və Fransanın reaksiyasi necə ola bilər?
- ATƏT-in Minsk qrupu üç ölkədən - ABŞ, Rusiya və Fransadan ibarətdir. Əgər bu gün ABŞ Prezidentinin adından Azərbaycan və Ermənistan liderləri birgə Minsk qrupundan imtina ilə bağlı ATƏT-ə müraciət etsə, bu təşkilatda yer alan bir neçə Avropa dövləti, o cümlədən Fransa bunun əlehinə çıxmayacaq. Bu məsələdə yeganə maneə Rusiya ilə bağlıdır.
İndi Rusiya ilə ABŞ arasında da müzakirələr intensivləşib. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçiriləcəyinə dair fikirlər səslənir.
Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla Rusiya Prezidenti arasında görüş oldu. Azərbaycan-Rusiya gərginliyi fonunda Kreml Minsk qrupunun buraxılmasının əlehinə çıxmayacaq. Rus rəsmilərinin özləri, o cümlədən xarici işlər naziri Sergey Lavrov da etiraf edib ki, faktiki olaraq Minsk qrupu yoxdur. Təşkilat yoxdursa, onun ləğvi ilə bağlı məsələnin əleyhinə səs verməyin məntiqi olmayacaq.
Ona görə də Amerika Minsk qrupundan imtina ilə bağlı “hə” dedikdən sonra digər dövlətlərin də bunun əleyhinə çıxacağı guman edilmir.