BAKI, 9 iyul. TELEQRAF

Bu gün Azərbaycanda diplomatik xidmət orqanlarının yaradılmasından 106 il ötür.

Teleqraf xatırladır ki, müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nu diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan diplomatiyasının yarandığı ilk vaxtlarda - Xalq Cümhuriyyəti dövründə, daha dəqiq desək, 1919-cu ildə Bakıda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanda daxil olmaqla ümumilikdə 16 xarici dövlətin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdi.

Xalq Cümhuriyyətinin tanınması istiqamətində də diplomatlarımızın əməyi danılmazdır. AXC dövründə fəaliyyət göstərən diplomatlar, müstəqil Azərbaycanın ilk beynəlxalq əlaqələrini quran, dövlətimizi tanıtmaq üçün Avropada və qonşu ölkələrdə çalışan önəmli şəxsiyyətlər idi. Onlar həm də siyasi bilikləri ilə diplomatik xidmət tariximizin təməlini qoyublar.

AXC-nin ilk xarici işlər naziri Fətəli xan Xoyski, Rəhim bəy Vəkilov, Ceyhun Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə və başqaları bu qəbildəndir. Şübhəsizdir ki, diplomatlarımızın ən böyük uğurlarından biri də 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması oldu.

Bundan sonra, hökumət tərəfindən Avropa və Amerikada ölkənin diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlandı.

Təəssüf ki, cümhuriyyətin süqutu ilə diplomatlarımız fəaliyyətlərini sistemli şəkildə davam etdirə bilmədi. Belə ki, 1922-ci il dekabrın 30-da Moskvada keçirilən Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı və bununla Azərbaycanın müstəqil xarici siyasətinə qadağa qoyuldu.

Sovet İttifaqının süqutundan sonra Azərbaycan yeni yaranmış dövlət kimi diplomatik əlaqələrin qurulması istiqamətində intensiv fəaliyyətə başladı. Ölkəmiz 1992-ci ilin martda BMT-yə üzv qəbul olundu. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmasının ən mühüm göstəricisi oldu. 1991–1993-cü illərdə Azərbaycan dünyanın onlarla ölkəsi ilə ikitərəfli diplomatik münasibətlər qurdu, xaricdə ilk diplomatik nümayəndəliklər açıldı.

1993-cü ildən sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə diplomatik xidmət orqanlarının fəaliyyəti yeni mərhələyə qədəm qoydu. Çoxvektorlu xarici siyasət anlayışı formalaşdı, Azərbaycan həm Qərblə, həm də Şərqlə əlaqələr qurmağa başladı. Diplomatik xidmət orqanları Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ münaqişəsində haqlı mövqeyini beynəlxalq təşkilatlarda müdafiə etməyə başladılar. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın enerji siyasətini və beynəlxalq nüfuzunu yüksəltdi. Bu müqavilə Azərbaycan diplomatlarının siyasi müstəvidə qazandığı dəstəklə reallaşdı. Diplomatik korpusun institusional bazası formalaşdı, yeni səfirliklər, konsulluqlar açıldı.

Müasir Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və beynəlxalq nüfuzunun artması Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni bir mərhələyə qədəm qoydu. Onun rəhbərliyi altında diplomatiya yalnız xarici əlaqələrin qurulması ilə məhdudlaşmayaraq, milli maraqların qlobal səviyyədə qorunması, geosiyasi təşəbbüslərin irəli sürülməsi və regional liderliyə doğru strateji addımların atılması ilə müşayiət olunur. Bu gün Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik olan bir dövlətdir. Hazırda etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Azərbaycan həm Qərb, həm də Şərq dövlətləri ilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlər qurub. Bu siyasət Azərbaycanı bir tərəf kimi deyil, tərəfdaşlar arasında körpü rolunu oynayan dövlətə çevirib.

Xüsusilə BMT, ATƏT, Avropa Şurası, İƏT, Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyinin güclənməsi bu fəlsəfənin real nəticəsidir. Məhz İlham Əliyevin təşəbbüsü ilə 2019–2023-cü illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi uğurla həyata keçirdi və bu platformanı COVID-19 dövründə qlobal həmrəylik çağırışlarına çevirdi. Bundan başqa, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi, orada 300 milyardlıq maliyyə hədəfinə nail olmaq Azərbaycan diplomatiyasının ən böyük uğurlarından biridir.

Prezident İlham Əliyevin diqqəti sayəsində Xarici İşlər Nazirliyi və diplomatik xidmət orqanları təkcə struktur baxımdan deyil, həm də funksional baxımdan ciddi şəkildə modernləşdirildi. Diplomatik heyətin peşəkarlığının artırılması, yeni kadrların hazırlanması və xarici nümayəndəliklərin şəbəkəsinin genişləndirilməsi bu sahədə əsas nailiyyətlərdəndir. Hazırda Azərbaycan dünyanın bir çox ölkəsində diplomatik nümayəndəliklə təmsil olunur. Diplomatik korpusun fəaliyyətində dövlət suverenliyi, ərazi bütövlüyü və milli maraqların qorunması əsas prioritetlər olaraq qalır.

Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar 2020-ci ildə Vətən müharibəsi zamanı özünü göstərdi. Belə ki, məhz yürüdülən uğurlu və məqsədyönlü xarici siyasətin nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsini dəstəklədi. Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Regionun lider dövləti olan Azərbaycan dünya miqyasında da öz sözünü deyən ölkələrdən biridir.

Bundan əlavə, Azərbaycan Türk Dövlətləri Təşkilatı, MDB, Avropa İttifaqı, NATO, Şanxay Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı və digər beynəlxalq qurumlarla sıx münasibətlərə malikdir və onların işində fəal rol oynayır.

Əldə edilmiş nəticələr qarşıya növbəti yeni vəzifələr qoyur və Azərbaycanın uzunmüddətli maraqlarının reallaşması baxımından geniş imkanlar açır. Azərbaycanın xarici siyasət prioritetləri sırasına ölkəmizin suverenliyinin və müstəqilliyinin gücləndirilməsi, habelə bütün beynəlxalq aktorlarla qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və s. daxildir.