BAKI, 8 iyul. TELEQRAF

Politoloq Arzuman Abdulkərimov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Arzuman bəy, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bu ilin sonuna kimi imzalanacağı ilə bağlı iddialar səslənir. Bakının sülhlə bağlı ilkin şərtləri icra edilmədən hansısa razılaşmanın əldə edilməsi nə dərəcədə real görünür?

- Sülhlə bağlı davamlı olaraq verilən açıqlamalar Ermənistan tərəfinin növbəti manipuliyasiya cəhdidir. Onlar özlərini sülh tərəfdarı kimi göstərməyə çalışırlar. Erməni rəsmilərinin davamlı olaraq sülhlə bağlı verdiyi bəyanatlar da buna hesablanıb. İddia edirlər ki, istənilən vaxt, istənilən yerdə sülh sazişi imzalamağa hazırdırlar. Bu isə növbəti erməni riyaraklığıdır. Çünki sülhlə bağlı Azərbaycan ilkin şərtlərin təmin olunmasını tələb edir. Bu Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması, ATƏT-in Minsk Qrupundan imtina və Avropa İttifaqının mülki “missisiyası"nın şərti sərhəddən çıxarılması ilə bağlıdır. Ona görə də bu il sülh sazişinin imzalanacağı ilə bağlı ehtimallar çox azdır. Rəsmi Bakının ilkin şərtləri icra olunmasa, yekun sülh sazişinin imzalanması mümkün deyil. Erməni tərəfinin bu şərtləri icra etmək üçün isə zaman lazımdır. Çünki ilk növbədə referendum keçirilməli və Ermənistan konstitusiyasındakı həmin müddəalar ümumxalq səsverməsi ilə ləğv edilməlidir.

- Sizcə, Ermənistanda gələn il baş tutacaq parlament seçkilərinə qədər referendumun keçiriləcəyi ehtimalı varmı?

- Əslində, növbəti seçkilərə qədər Baş nazir Nikol Paşinyanın belə bir addım atacağı inandırıcı görünmür. Seçkiyə qədər bunlar baş verərsə və Ermənistan konstitusiyasının preambula hissəsindən Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddiaları aradan qaldırılarsa, Paşinyanın opponentləri bundan əks təbliğat üçün istifadə edəcək. Rəqibləri bu addımlara görə, onu növbəti dəfə xəyanətdə günahlandırcaq. Bu da sözsüz ki, seçkidə ona ciddi itgilər gətirəcək. Bu baxımdan Ermənistan cəmiyyətində olan iddialar fonunda bu addımların atılması düşündürücü görünmür. Amma seçkidə uğur qazandıqdan sonra Paşinyan referendumun keçirilməsi ilə bağlı qərar verə bilər ki, bu da 2026-cı ildən sonraya təsadüf edəcək.

- Yekun sülh sazişinin uzanması bölgə dövlətləri və konkret tərəflər üçün nə vəd edir?

- Əslində, sülh sazişinin imzalanması Azərbaycandan daha çox Ermənistana lazımdır. Çünki sülh sazişi imzalanmayana qədər rəsmi İrəvan bölgədə həyata keçirilən bir çox layihələrdən kənarda qalacaq. Türkiyə ilə sərhədlərin açılmaması, kommunikasiya xəttlərinin bağlı qalması Ermənistan üçün əlavə çətinliklər yaradır. Bütün bunların əksinə olacaq hadisələr isə qarşı tərəf üçün daha faydalı ola bilər.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizi və digər mövzulara aid açıqlamları diqqətlə izlənilir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərindən sonra bu mövzular daha da aktuallaşıb. İndiki halda rəsmi Ankarının bu məsələlərdə təsir imkanlarını necə dəyərləndirmək olar?

- Qardaş Türkiyənin bu məsələdə olan mövqeyi yüksək qiymətləndirilir. Türkiyə birmənalı şəkildə Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Eyni zamanda Ermənistana da bir mesaj verilir ki, bu onun üçün da faydalıdır. Əgər Zəngəzur dəhlizi açılsa və Azərbaycanla sülh sazişi imzalanmış olsa, Türkiyə-Ermənistan sərhədlərinin açılması reallaşa bilər. Bununla da Ermənistan üçün yeni bir nəfəslik yaranar. Dəhlizdən erməni tərəfinin faydalanacağı ehtimalı da böyükdür. Azərbaycan sülh danışıqlarından ayrıca olaraq dəhliz məsələsinə yanaşır. Ölkəmiz alternativ vasitələrlə Naxçıvana gediş-gəlişi təmin edə bilir. Amma regional kommunikasiya xəttlərinin açılması hamı üçün faydalıdır. Bu xüsusda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sülh və dəhlizlə bağlı sərgilədiyi mövqeyi yüksək səviyyədə təqdir edilir. Paşinyanın Türkiyəyə səfərində də bu məsələlər ona izah edilib. Sadəcə olaraq indiki halda Ermənistanın Baş naziri üçün vəziyyət o qədər də yaxşı deyil. Daxildə kilsə və revanşistlərin təsiri fonunda Paşinyan bir qədər ehtiyyatlı davranmağa çalışır. Sözsüz ki, bütün bunlar da prosesi mümkün qədər atələtdə saxlayır.