BAKI, 2 iyul. TELEQRAF

"Azərbaycana səfər çərçivəsində Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin 17-ci Zirvə görüşündə iştirak edəcəm. Təşkilata üzv ölkələr arasında turizm, təhsil və ticarət istiqamətində əlaqələr inkişaf etdiriləcək".

Teleqraf xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar deyib.

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Azərbaycan Prezidenti İlham Əliyevə qardaşlığı və bizimlə eyni hissi yaşadığına görə təşəkkür edirəm. Dünyada münaqişələr davam edərkən məzlum insanların qətl edildiyini görürük.

Biz artıq birlik və bərabərlik içində xüsusilə türk dövlətləri ilə birlikdə gələcəyə daha güclü addımlarla irəliləməliyik. Prezident İlham Əliyevin də dediyi kimi türk dövlətlərini gücləndirmək və daha inamlı addımlarla irəli getməliyik", - E.Tatar bildirib.