.jpg)
BAKI, 20 iyun. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Elxan bəy, Azərbaycan Prezidenti İlham Əliyevin bu dəfəki Türkiyə səfəri Ermənistan Baş naziri Nikol Paşinyanın İstanbula səfərindən öncə baş tutub. Bir çox ekspertlər Bakı-Ankara-İrəvan xəttində yeni gəlişmələrin olacağına dair proqnozlar verir. Buna dair gözləntilər nədən ibarətdir?
- Prezident İlham Əliyevlə Ərdoğan arasında Paşinyandan öncə keçirilən görüş əslində İrəvana bir mesaj idi. Bununla Türkiyə Prezidenti Ermənistanın Baş nazirinə mesaj verir ki, “bir gün qabaq öz müttəfiqini qəbul edir və onunla fikir mübadiləsi aparır”. Bu, Türkiyənin Ermənistanla sərhədi qeyd-şərtsiz aça bilməməsi ilə bağlı da bir xəbərdarlıq idi.
Azərbaycan və Türkiyə prezidentləri Kahramanmaraşda bu məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Buna qədər Türkiyədə üçtərəfli görüşün keçiriləcəyinə dair iddialar da səslənirdi. Görünür, bu dəfə belə bir görüş alınmadı. Amma görüşün baş tutması faydalı olardı.
Ermənistanın Rusiya və Fransa kimi dövlətlərin orbitindən çıxarılması əsas hədəf olmalıdır. İrəvanın Bakı və Ankarının təsiri altına düşməsinə çalışmaq lazımdır. Vaxtilə Azərbaycan və Ermənistan rəhbərləri arasında görüşlər Avropa İttifaqının, Rusiyanın və Fransa kimi ölkələrin vasitəçiliyi ilə baş tuturdu. İndiki halda vasitəçilik olmasa da, üçtərəfli görüş ünvanı kimi Türkiyənin seçilməsi daha məqbuldur.
Bir qədər qəribə səslənsə də, gələcəkdə Azərbaycan-Türkiyə-Ermənistan arasında üçtərəfli formatın təsis olunması mümkün variantlardan bir ola bilər. Sözsüz, bütün bunlar Azərbycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından sonra mümkün olacaq.
- Bu gün Prezident Rəcəb Tayyip Erdoğanın dəvəti ilə Baş nazir Nikol Paşinyanın Türkiyəyə ilk rəsmi səfəri baş tutacaq. Bu səfəri proseslərin sonrakı inkişafı baxımından əhəmiyyətini necə dəyərləndirmək olar? Bakı-İrəvan, Ankara-İrəvan xəttində bu kimi gedişlərin təsiri haqqında proqnozlar nədən ibarətdir?
- Bu, Ermənistan rəsmilərinin Türkiyəyə ilk səfəri deyil. Türkiyənin və Ermənistanın sabiq prezidentləri Abdullah Gül və Serj Sarkisyanın dövründə iki ölkə arasında “futbol diplomatiyası” adlanan bir proses başlamışdı.
2009-cu ildə o zamankı prezidentlər Abdullah Gül və Serj Sarkisyan əvvəlcə İrəvanda, sonra isə Bursada birlikdə futbol matçına baxmışdılar. Sözsüz ki, bu, rəsmi səfər sayıla bilməzdi. Amma “futbol diplomatiyası” uğur qazanmadı. O vaxt Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altında idi. Sonradan Türkiyənin mövqeyi daha da qətiləşdi və Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra Ermənistanla əlaqələrin qurulmasının mümkünlüyü önə çəkildi.
İkinci Qarabağ müharibəsində Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən sonra Prezident İlham Əliyev Türkiyə-Ermənistan münasibətlərinin bərpa edilməsinin mümkünlüyünü qeyd etmişdi. Çünki Türkiyə-Ermənistan sərhədləri 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının, konkret 1993-cü ildə Kəlbəcərin Ermənistan tərəfindən işğalına görə bağlanmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.
Bu mənada İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə Ermənistan arasında təmaslar artıb. Hər iki tərəfdən münasibətlərin nizama salınması ilə bağlı xüsusi nümayəndəlik təsis edilib.
- Rəsmi İrəvanın Ankara ilə münasibətləri qısa zamanda bərpa etmək cəhdlərində əsas məqsədi nədir?
- Ermənistanın ən böyük istəyi odur ki, Türkiyə qeyd-şərtsiz olaraq iki ölkə arasında sərhədləri açsın və diplomatik əlaqələrin qurulmasına razılıq versin. Paşinyanın Türkiyəyə səfərinin ana qayəsini də məhz bu təşkil edəcək.
O, Ərdoğandan xahiş edə bilər ki, Azərbaycanla sülh sazişi imzalamaq istəyir. Amma bu məsələ bir qədər yubanır. Gələn il Ermənistanda referendum keçiriləcək və s. O vaxta qədər Türkiyə ilə sərhədlər açılsın və diplomatik münasibətlər bərpa edilsin.
- İndiki halda bu nə dərəcədə real görünür? Azərbaycanla Ermənistan arasında sülh və digər məsələlər aydınlaşmadan Ankara-İrəvan xəttində hansısa dəyişiklik ola bilərmi?
- Türkiyənin bu mövzuya aid mövqeyində dəyişiklik yoxdur. Prezident Ərdoğan da bunu dəfələrlə bəyan edib, ünvan kimi Azərbaycanı göstərib. Ankarının əsas şərti odur ki, “Azərbaycanla məsələləri həll edin, konstitusiyanı dəyişdirin, sülh sazişini imzalayın, Zəngəzur dəhlizini açın!”
Bundan sonra sərhədlər açıla və Ermənistanla münasibətlər qurula bilər.
- Ermənistanda daxili vəziyyətin gərginliyi fonunda Paşinyanın Türkiyə səfəri hansı reaksiyalara səbəb olacaq?
- Hazırda Ermənistanda vəziyyət gərgindir. Paşinyana qarşı Ermənistan daxilində radikal müxalifət, kilsə və son zamanlarda daha çox müzakirə olunan iş adamı Samvel Karapetyanın həbsi üzərindən təzyiqlər var. Belə olan halda Paşinyan üçün çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri bərpa etməkdən ibarətdir. Bu məsələləri gecikdirmək onun özünə ziyan ola bilər.
- İran-İsrail qarşıdurması fonunda Türkiyə-Ermənistan yaxınlaşmasının əhəmiyyətini necə şərh etmək olar?
- Sözsüz ki, proseslərdə digər amil İranla bağlıdır. İran uzun müddət Ermənistanın müttəfiqi kimi Zəngəzur dəhlizinin əleyhinə çıxan əsas dövlət olub. İndi isə Tehranın başı özünə qarışıb.
İsrail-İran müharibəsi fonunda Tehran üçün Zəngəzur dəhlizi və Ermənistan əhəmiyyətini itirib. İndiki vəziyyətdə Ermənistanda çoxları bunu başa düşməsə də, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına ehtiyac var. Ərdoğanla Paşinyanın görüşündə də bu mövzulara dair müzakirələr aparılacaq. Ərdoğan bir daha ona xatırladacaq ki, “ilk növbədə gərək Ermənistan Azərbaycanla sülh sazişi imzalasın”.