BAKI, 29 may. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyətində parlamentin ev sahibliyi ilə Birinci Türk Dünyası Qadın Parlamentarilər Zirvəsi keçirilib.

Teleqraf xəbər verir ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) təşkilatçılığı ilə reallaşan bu tarixi zirvə qadın parlamentarilərin təhsil, mədəniyyət və sahibkarlıq mövzularında ortaq həll təklifləri irəli sürdüyü güclü bir platformaya çevrilib.

Tədbirdə ŞKTC Cümhuriyyət Məclisinin Sədri Ziya Öztürkler qeyd edib ki, zirvə yalnız fikir deyil, həm də qardaşlıq və vizyon paylaşımıdır:

“ŞKTC-nin 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi qəbul edilməsi ilə başlayan yeni dövr Türk dünyası ilə könül körpülərini yenidən qurdu".

Öztürkler qadınların cəmiyyətdəki rolunun artırılması üçün ortaq layihələrə çağırış edib: "Qadınlar əhalinin yarısı deyil, həm də cəmiyyətin vicdanı və ümidi olmalıdır".

ŞKTC Məclis sədrinin müavini Fazilət Özdenefe öz çıxışında qadınların qərar qəbul etmə mexanizmlərində fəallığı zərurətini vurğulayıb. O, TÜRKPA daxilində qadın parlamentarilər arasında qurulan dialoqun gücləndirilməsinin təkcə gender bərabərliyi üçün deyil, qanunvericilik orqanlarının güclənməsi baxımından da önəmli olduğunu bildirib.

Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova çıxışında Türk dünyasında qadınların sahib olduğu dəyərlərin ortaq mədəni irslə möhkəmləndirilməsinin vacibliyinə diqqət çəkib.

S.Qafarova qadınların təhsil və sahibkarlıq sahələrində dəstəklənməsinin yalnız qadınların deyil, bütövlükdə cəmiyyətlərin güclənməsi anlamına gəldiyini vurğulayıb: “Qadınlar olaraq ortaq hədəflərə yalnız birlikdə addımlasaq nail ola bilərik”.

Türkiyə Böyük Millət Məclisinin Ankaradan millət vəkili Zeynəb Yıldız çıxışında qadınların iqtisadiyyatda, siyasətdə və texnologiyada daha fəal iştirak etməsinin vacibliyini vurğulayıb.

“Qadınlar təkcə evdə deyil, həyatın bütün sahələrində olmalıdır. Bu bizim üçün lüks deyil, zərurətdir”,- deyə o qeyd edib.