BAKI, 23 may. TELEQRAF
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) almaniyalı millət vəkili Frank Şvabe bildirib ki, ermənilərin xoşuna gəlməsə də, Qarabağ Azərbaycan ərazisidir. Bundan öncə isə təşkilat rəhbərlərinin rəsmi Bakı ilə münasibətləri bərpa etməklə bağlı cəhdlərinin olduğu qeyd edilib. Bu mesajlar fonunda əməkdaşlığın bərpasından danışmaq olarmı?
- Şvabenin bu məsələlərə münasibəti həqiqəti dəyişdirmir və bu onsuz da belədir. Söhbət Azərbaycanın qlobal səviyyədə rolunun, əhəmiyyətinin qəbul edilməsindən gedir. Müasir Azərbaycan tarixində ilk dəfə olaraq regionda elə bir siyasət həyata keçirildi ki, bölgə və onun içərisində olan ölkələrlə dünyanı idarə edən qüvvələr hesablaşmağa məcbur edildi. İndiyə kimi başqalarının iradəsi, onların istəkləri bu regionda özünü açıq şəkildə göstərirdi. Amma Azərbaycanın apardığı siyasət bu konsepsiyanı kökündən dəyişdi. Ölkəmiz bu gün elə bir səviyyəyə, mərhələyə yüksəlib ki, dünyada gedən proseslərin, trendlərinin hansısa formada müəyyən edilməsini əks etdirir. Azərbaycan real neokoloniolizmə qarşı Qoşulmama Hərəkatı çərçivəsində fəal mübarizə apara biləcəyini kimsə gözləmirdi. Halbuki XXI əsrin eybi olan bu məsələ haqqında dünyanı idarə edən qüvvələr danışmaqdan utanırdılar, çəkinirdilər. COP29 kimi mötəbər beynəlxalq tədbirə uğurla ev sahibliyi etməklə Azərbaycanın tarixi nailiyyət əldə edəcəyini, ədalətli maliyyələşmənin aparılmasını müəyyənləşdirəcəyini ağıllarına belə gətirmirdilər. Sülh və tərəfdaşlıq məsələsində Azərbaycanın uğurla vasitəçilik missiyasını da heç kim təsəvvür etmirdi. Bütün bunlarla yanaşı, Azərbaycanın Çindən sonra “Bir kəmər bir yol” layihəsində ikinci investor kimi qəbul ediləcəyi də heç kimin ağlına gəlmirdi. Sözsüz ki, bütün bunlar Avropada gedən prosesləri, bu məkanda Azərbaycanın qəbul edilməsi ilə bağlı yanaşmaları istər-istəməz dəyişir. Çünki güclü, təsirli, özünü doğrultmuş dövlətlə ünsiyyətdə olmaq hamı üçün şərəf və xeyir gətirir.
.jpg)
- Prezident İlham Əliyevin Albaniyada “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı, ölkəmizə olan yüksək səviyyəli münasibət bu xüsusda nə dərəcədə təsirli göründü?
- Sözsüz ki, bu Zirvə toplantısında Prezident İlham Əliyevə olan yüksək münasibət yanaşmalardakı kardinal dəyişiklərin bariz nümunəsi və bir çox məsələlərin də açıq məntiqi cavabı idi. Kimin, kim olduğu, kim qalibdir, kiminlə ünsiyyətdə olmaq istəyirlər, kimin siyasəti doğrudur - anlayışı artıq bütün parametrləri ilə özünü təsdiq edir. Bu mənada Şvabe kimiləri də artıq başa düşür ki, o, indən belə heç kimə lazım deyil. Onun bu saat hansısa formada “valı” dəyişdirib, başqa mahnı oxumağa başlaması da buna dəlalət edir. Sözsüz ki, bu hələ prosesin ilkin cücərtiləridir.
- Şvabe deyir ki, “artıq musiqi bitdi” biz Azərbaycanla əməkdaşlıq üçün qapını açıq saxlamışıq…
- Qapını açıq saxlayıblarsa, özlərini toparlasınlar, normal aparsınlar. Avropa insan haqqları ilə bağlı onlar öz öhdəliklərini yerinə yetirməlidirlər. “Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etməlidir” kimi tələblər düzgün olmamaqla yanaşı, qeyri-qanunidir. Əslində, bunu Şvabe hamıdan yaxşı bilir. Ona görə də açıq qapı haqqında danışmağa başlayıb. Sadəcə, onun dili bir vaxtlar qapı arasında qaldığına görə bar-bar bağırırdı. Zamanla isə biz bu prosesləri daha aydın və qabarıq şəkildə görəcəyik.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 24-də Azərbaycanın nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bunun AŞPA-dan Azərbaycana qarşı qeyri-obyektiv qərarların verilməsi ilə bağlı olduğu açıqlanıb.
Həmçinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər təşkilat üzvləri kimi Frank Şvabenin da adı qara siyahıya daxil edilib.