BAKI, 12 may. TELEQRAF
Milli Məclisin deputatı, ATƏT PA-nın komitə sədri Azay Quliyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azay müəllim, Baş nazir Nikol Paşinyan tezliklə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər deyib. Sizcə, onun sülhlə bağlı bu qədər əmin danışmasına hansısa əsaslar varmı?
- Bu erməni tərəfinin vermiş olduğu növbəti populist bəyanatdır. Paşinyanın komandası deyir ki, “biz sabah Azərbaycanla sülh sazişi imzalaya bilərik”. Bu beynəlxalq və daxili rəyi ciddi formada manipuliyasiya etmək cəhdidir. Yəni, demək istəyirlər ki, “biz hazırıq, amma Azərbaycan sülh sazişini imzalamaq istəmir”. Amma bunun əsl səbəbini isə elə Paşinyan özü daha yaxşı bilir. Dünya ictimaiyyətinə də məlumdur ki, Ermənistan konstitusiyasında dəyişiklik edilməyənə və ATƏT-in Minsk Qrupunu rəsmən ləğv olunmayana qədər sülh sazişi imzalanmayacaq.

- Bir çox hallarda sülh sazişi ilə Minsk Qrupunun ləğvinin eyni vaxtda baş verməsinin mümkünlüyü gündəmə gətirilir. Bu məntiqi cəhətdən realdırmı?
- Erməni tərəfinin iddiası belədir. Sülh müqaviləsi ilə Minsk Qrupunun ləğvi ilə əlaqədar ATƏT-ə müraciət eyni gündə baş versin. Bu ermənilərin növbəti tələsi və hiylə işlətmək cəhdidir. Onlar öz ağılları ilə guya bizi aldatmağa çalışırlar. Hamı bilir ki, Minsk Qrupunun ləğvi konsensus tələb edir. Hətta Ermənistan Azərbaycanla Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etsə, ona Fransa kimi ölkələr veto qoyub, əngəlləyə bilər.
- Bu halda nə baş verə bilər?
- Belə olan halda Ermənistan məsuliyyəti üzərindən atmış olacaq. İddia edəcək ki, biz Minsk Qrupunun ləğvi ilə bağlı birgə müraciətə qoşulduq, amma bunun üçün konsensus yoxdur, biz nə edə bilərik?
Ona görə də, Azərbaycan tərəfi çox ağıllı siyasət yürüdərək Minsk Qrupunun rəsmən ləğv edilməsini görmək istəyir, haqlı olaraq bəyan edir ki, bu baş verməyənə və Ermənistan konstitusiyasında ölkəmizə qarşı olan ərazi iddiaları aradan qaldırılmayana qədər sülh müqaviləsini imzalamaq mümkün deyil. Dəfələrlə bununla bağlı Azərbaycan tərəfindən ən yüksək səviyyədə, cənab Prezidentin bəyanatlarında açıq mövqe ifadə edilib. Qısacası, sülh müqaviləsinin mətni üzərində əldə olunan razılaşma fonunda manipuliyasiya etmək əvəzinə yaxşı olardı ki, Paşinyan vaxt itirmədən ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etsin və ölkə konstitusiyasında dəyişikləri həyata keçirsin. Məhz bundan sonra, bu tələblər felən yerinə yetirildikdən sonra sülh müqaviləsinin imzalanması haqqında danışmaq olar. Başqa sözlə desək, Ermənistanın primitiv taktikasına qarşı Azərbaycanın ağıl və güc mexanizmi masaya qoyulub.
- “Bütün daxili və xarici təxribatlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında müharibə yox, sülh olacaq” - Paşinyan belə deyib. Daxili və xarici qüvvələr dedikdə baş nazir kimləri nəzərdə tutur?
- Çox gümankı Paşinyan daxili qüvvələr dedikdə bir çox hallarda Rusiyaya bağlı “Qarabağ klanı”nı, revanşist xülyalarla yaşayanları nəzərdə tutur. Bunlar da keçmiş hərbi canilər olan Serj Sarkisyan və Robert Köçəryan cütlüyüdür. Hələ də bu şəxslərin Ermənistan ordusunda və digər strukturlarda təsirləri qalıb. Xarici təsirlərə gəldikdə isə Paşinyan kimləri nəzərdə tutduğunu bilmirəm, amma burada bir nömrəli kənar təhdid faktoru “sülh fondu” adı altında Ermənistanı silahlandıran Avropa İttifaqı və Fransadır. Bura Hindistanı da əlavə etmək olar. Digər tərəfdən şimal qonşumuz Rusiya da Azərbaycanla Ermənistan arasında gərginliyin davam etməsində həmişə olduğu kimi yenə də maraqlıdır.

- İddialar var ki, sülh prosesinin sürətləndirməmək ortaya fəsadlar çıxara bilər. Ona görə proses ləngiyir. Sülh üçün əsas təhdidlər nədən ibarətdir?
- Azərbaycanın bütün məsələlərdə o cümlədən ordu, siyasət, iqtisadiyyat və beynəlxalq konyuktura baxımından mövqeyi çox güclüdür. Ölkəmiz bu gün “orta güc” statusuna yüksəlib. Cənubi Qafqaz və Xəzər dənizi regionunda Azərbaycanın əvəzedilməz mövqeyi var və hamı ölkəmizlə hesablaşır və hesablaşmalıdır. Ölkəmiz bu gün beynəlxalq siyasətin formalaşmasında ciddi rol oynayır. Sülh sazişi imzalanmasa belə, qalib Azərbaycan heç nə itirməyəcək. Ona görə də yaranacaq potensial təhlükə ilə bağlı bütün ssenarilərə hazırdır, bu məsələdə heç bir qorxusu və narahatlığı yoxdur. Hər hansı yeni müharibə təhlükəsi olarsa bundan ilk növbədə haylar narahat olmalıdır. Çünki hadisələrin belə inkişafı Ermənistan üçün növbət faciəyə çevriləcək. Revanşizm baş qaldırarsa, Azərbaycana qarşı hansı hərbi əməliyyatlara başlayarlarsa, bu Ermənistanın mövcudluğunun sonu ola bilər. Ona görə də rəsmi İrəvan ən azı sülh oyununa və vaxt qazanmaq cəhdlərinə son qoymalı, Minsk Qrupunun ləğvi ilə bağlı gecikmədən müraciət etməlidir ki, buna qarşı reaksiyaların necə olduğu indidən bilinsin. Konstitusiya dəyişikliyinin ediləcəyi ilə bağlı artıq Ermənistan hökuməti müəyyən bəyanatlar səsləndirib. Ancaq biz rəsmi İrəvan tərəfindən boş bəyanatları deyil, real və praktiki addımlar atılmasını gözləyirik. Yalnız bu proseslər yekunlaşdıqdan sonra fundamental sülh sazişi imzalamaq olar. Azərbaycana sonradan kağız parçasına çevriləcək sülh müqaviləsi yox, real sülh lazımdır. Regionda inkişafı, stabilliyi, birgə yaşayışı, əməkdaşlığı təmin edən mexanizm formalaşmalıdır.
- Bu mexanizm nədən ibarətdir?
- Azərbaycan neçə ildir ki, Cənub Qafqaz ölkələri üçün belə bir mexanizm təklif edir. Bu Azərbaycan, Gürcüstan, Ermənistandan ibarət “Qafqaz evi” layihəsidir. Hələ, ulu öndər Heydər Əliyevin dövründən yəni, 1994-cü ildə üç Qafqaz ölkəsinin birlik mexanizmi təklifi irəli sürülüb. Əsas amil məhz bunun üzərində formalaşmalıdır. Paşinyan özünü yalandan sülhpərvər göstəməkdənsə, bu istiqamətdə addım atmalıdır.
- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı yaxşı xəbərlər olmasından danışır. Amma ondan bir gün əvvəl Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sülh müqaviləsinin imzalanmasında heç bir irəliləyiş müşahidə olunmadığını deyib. Bu paradoksu necə izah etmək olar? Bəzən bu komandanın daxilində sülh istəyən və istəməyən qüvvələrin savaşı kimi də izah olunur...
- Görünür Paşinyan komandası daxilində ya etibarlı kommunikasiya və koordinasiya problemi var, ya da bilərəkdən ayrı-ayrı məmurlar fərqli fikir səsləndirirlər. Bu daha çox razılaşdırılmış erməni taktikasına bənzəyir. Çünki xarici işlər nazirinin verdiyi bəyanat beynəlxalq aləm tərəfindən daha tez diqqəti cəlb edir, həzm olunur deyə elə bir taktiki gedişin olması mümkündür. Bu cür pozitiv mesajlar verməklə erməni tərəfi özlərinin “sülhpərvər” imcini möhkəmləndirmək istəyirlər. Azərbaycan xarici işlər nazirliyi də bu bəyanata verdiyi açıqlamada ortada praktiki irəliləyişin olmadığını bildirmişdi. Azərbaycanın iki mühüm tələbi olan konstitusiya dəyişikliyi və Minsk Qrupunun ləğvi ilə bağlı konkret nəticələr yoxdur və Mirzoyanın yaxşı xəbərinin nədən ibarət olacağı bəlli deyil.

- İrəvanın bu məsələdəki gözləmə mövqeyi nəyə hesablanıb?
- Əgər bu edilmirsə, demək ki, sülh deyil, başqa gizlin planları var. Minsk Qrupunu saxlamaqla onlar nə vaxtsa, “münaqişə” fonunu yenidən qabartmaq istəkləri şübhə doğurmur. Ona görə də Paşinyan komandasının sülhlə bağlı vermiş olduğu bütün bəyanatlar inandırıcı və səmimi deyil. İndiyə kimi sülh gündəliyi ilə bağlı nə əldə olunubsa, bu Paşinyanın və yaxud Mirzoyanın və Qriqoryanın sülh istəyindən qaynaqlanmayıb. Bunu Azərbaycanın gücü və birbaşa diktəsi və “Dəmir Yumruğu” ilə etmək mümkün olub.
Görünür bundan sonra da bu belə olacaq. Ermənistan hələki normal və sivil qaydada üzərinə düşən öhdəliyi yerinə yetirmək istəmir.