BAKI, 30 aprel. TELEQRAF
"Azərbaycan və Türkiyə bayraqlarının İrəvanın mərkəzində bir qrup şəxs tərəfindən yandırılması, edilən təxribat xarakterli çağırışlar, revanşizmi və ərazi iddialarını ehtiva edən bəyanatlar sözsüz ki, Ermənistan cəmiyyətinin ümumi əhval-ruhiyyəsinin göstəricisi kimi ortaya çıxır. Ermənistan növbəti dəfə sivil normalara riayət etməkdən uzaq olduğunu sübut edir. Ölkə administrasiyası bayraqların yandırılmasını pisləsə də, hüquq-mühafizə orqanları onun qarşısını ala bilərdilər. Amma bunun şahidi olmadıq. Ermənistan cəmiyyətinin müəyyən bir hissəsi hələ də revamşizm, qonşu dövlətlərin torpaqlarına iddia əhval-ruhiyyəsi ilə yaşayır".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Aydın Mirzəzadə İrəvanın mərkəzində Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirərkən deyib.
O bildirib ki, bayraqların yandırılması əslində, siyasətin ən primitiv formasıdır: “Siyasətdə, tarixi yarışmada uduzan qruplar bu cür yaramaz hərəkətlərlə özünün mövcudluğuna haqq qazandırmağa çalışırlar. Anlamırlar ki, Ermənistanın bu günü və sabahı ilk növbədə qonşu dövlətlərlə münasibətlərdən asılıdır. Azərbaycanla yaxşı münasibətlərin qurulması Ermənistanın bir dövlət kimi ayaqda durmasına, iqtisadiyyatının dirçəlməsinə, onun dünya səviyyəsinə çıxmasına böyük kömək olardı. İfrat millətçilik, aqressivlik, revanşizm hələ heç bir cəmiyyətə fayda verməyib”.

Deputat hesab edir ki, bu cür hərəkətlər iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına xidmət etmir: “Azərbaycan bu məsələni qətiyyətlə pisləyir. Belə təxribatların heç bir zaman Ermənistana fayda verməyəcəyini düşünür. Ermənistanda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmadığı, revanşizm cəmiyyətin müəyyən bir hissəsinin ideologiyasına çevrildiyi halda bu ölkədə inkişafdan danışmağa dəyməz. Qatı millətçilik, aqressiv hərəkətlər heç bir siyasətə fayda verməyib”.
Politoloq Fərhad Mehdiyev də hesab edir ki, İrəvanın mərkəzində Azərbaycan və Türkiyə bayraqlarının yandırılması əslində bir çox mətləbləri üzə çıxarır.
Onun fikrincə, indiki dövrdə Nikol Paşinyan hökuməti həssas tarazlıq üzərində fəaliyyət göstərməyə çalışır: “Daxili müxalifət, revanşistlərin təzyiqi fonunda qondarma soyqırım məsələsi üzərində olanlar da Paşinyan üçün əlavə yük deməkdir. Amma bu hadisə göstərdi ki, bütövlükdə erməni cəmiyyəti Azərbaycanla barışmağa hazır deyil. Sözsüz ki, hökumət bu məsələyə müdaxilə edə bilərdi və s. Görünür onlar cəmiyyətdən özlərinə qarşı növbəti bir təpki almaq istəmir. Təbii ki, bayraqların yandırılmasını, təxribatçılar, revanşist qüvvələrin təmsilçiləri də edə bilər. Bu, o deməkdir ki, onların Ermənistan cəmiyyətində müəyyən dayaqları var”.

Politoloq Azərbaycanla sülh məsələsində Bakının da əsas tələblərindən biri olan konstitusiya dəyişikliyi ilə bağlı referendumun vacibliyinə toxunub: “Çünki referenduma getməklə erməni cəmiyyəti Azərbaycanla barışmaq istəyib-istəmədiyinə münasibət bildirəcək. Referendumda bunu açıq şəkildə görmək mümkün olacaq”.