BAKI, 25 aprel. TELEQRAF
Şimali Kipr Türk Respublikasının milli təhsil naziri Nazim Çavuşoğlu “Teleqraf” İnformasiya Agentliyinə müsahibə verib.
Onunla müsahibəni təqdim edirik:
- Cənab nazir, Azərbaycanın Şimali Kipr Türk Respublikasının beynəlxalq platformalarda tanınması istiqamətində atdığı təşəbbüsləri necə qiymətləndirirsiniz?
- Şimali Kipr Türk Respublikası (ŞKTC) və Azərbaycan dövləti qardaşlıq bağları günü-gündən daha da güclənən, “bir millət, üç dövlət” anlayışının konkret təmsilçiləri olan türk dövlətləridir. Bu iki dövlət arasındakı əlaqələr ortaq tarix, mədəniyyət və dil bağları, möhkəm dostluğa əsaslanır. Azərbaycan keçmişdən bu günə qədər ŞKTC xalqının mübarizəsinə həmişə hörmətlə yanaşıb və dəstək nümayiş etdirib. Son illərdə bu dəstək iqtisadi, mədəni və sosial əməkdaşlıqlar vasitəsilə daha aydın görünür. ŞKTC-nin beynəlxalq aləmdə tanınmasını artırmaq üçün gördüyümüz işlərə Azərbaycanın müsbət münasibəti iki dövlət arasında qardaşlıq əlaqələrini daha da dərinləşdirir.
Xüsusilə, ŞKTC-nin beynəlxalq aləmdə layiq olduğu yeri tutması üçün Azərbaycanın həyata keçirdiyi təşəbbüslər bizim üçün böyük məna və dəyər daşıyır. Azərbaycan hökumətinin ŞKTC-ni müxtəlif platformalara dəvət etməsi, tədbirlərdə bayrağımıza yer verməsi, yüksək səviyyəli Azərbaycan rəsmilərinin ŞKTC nümayəndələri ilə təmasda olması ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə məlumatlılığın artmasına töhfə verir. İki dövlət arasında qarşılıqlı mədəni tədbirlər, incəsənət layihələri və rəsmi səfərlər də əlaqələrin çoxşaxəli əsasda inkişafına dəstəkdir. ŞKTC-nin beynəlxalq aləmdə tanınması prosesini intensivləşdirmək üçün gördüyümüz işlərə Azərbaycan dövlətinin müsbət münasibəti iki dövlət arasında qardaşlıq əlaqələrini daha da dərinləşdirir. Xüsusilə, ŞKTC-nin beynəlxalq aləmdə layiq olduğu yeri tutması üçün Azərbaycanın həyata keçirdiyi təşəbbüslər bizim üçün böyük məna və dəyər daşıyır.
Azərbaycan hökumətinin ŞKTC-ni müxtəlif platformalarda təmsil etməyə dəvət etməsi, tədbirlərdə bayrağımıza yer verməsi, yüksək səviyyəli Azərbaycan rəsmilərinin ŞKTC nümayəndələri ilə təmasda olması ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə məlumatlılığın artmasına töhfə verir. İki dövlət arasında qarşılıqlı mədəni tədbirlər, incəsənət layihələri və rəsmi səfərlər də əlaqələrin çoxşaxəli əsasda inkişafına dəstək verir.
Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan danışıqlarda Azərbaycanın ŞKTC-nin yanında olması bizim üçün son dərəcə vacibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi bu diplomatik təşəbbüs Kipr türk xalqı üçün böyük ümid mənbəyidir. Azərbaycanın qətiyyətli mövqeyi ŞKTC-nin tək olmadığını və onun haqlı davasının türk dünyasının ortaq narahatlığı olduğunu göstərir. Buna görə də Azərbaycan dövlətinə və xalqına təşəkkür etmək istəyirəm. Ümid edirik ki, bu dostluq və əməkdaşlıq gələcək illərdə daha da inkişaf edəcək və möhkəmlənəcək.

- Prezident İlham Əliyev Bakıda keçirilən “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda “Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Beynəlxalq ictimaiyyət tərəfindən tanınana qədər sizinləyik” deyə dəstək mesajını verdi. Azərbaycanın bu münasibətini necə şərh edirsiniz?
- Azərbaycan Prezidentinin “Yeni dünya düzəninə doğru” adlı beynəlxalq forumda səsləndirdiyi bu tarixi bəyanatı böyük məmnunluq və qürur hissi ilə alqışlayırıq. Cənab Əliyevin sözləri sadəcə siyasi bəyanat deyil. Bu, həm də iki qardaş xalq, ortaq tariximiz, dilimiz və mədəniyyətimiz arasında mövcud olan dərin köklü əlaqələrin güclü təzahürüdür.
Azərbaycanın və Prezident İlham Əliyevin bu aydın və qətiyyətli mövqeyi ŞKTC-nin beynəlxalq aləmdə öz layiqli yerini tutması uğrunda mübarizəmizə ruh və güc qatır. Bu dəstək xüsusilə gənc nəsillərimizə “Bizim haqq işimizin təkcə bizimlə məhdudlaşmadığını, türk dünyasının ortaq məsələsi olduğunu” göstərmək baxımından son dərəcə dəyərlidir. Həmçinin bu ifadə bizim üçün qardaşlığın, həmrəyliyin, ədalətin səsi olub. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nümayiş etdirdiyi bu səmimi mövqe təkcə ŞKTC xalqı üçün deyil, bütün türk dünyası üçün ümid və həmrəylik mesajı daşıyır. Cənab Əliyevin bu sözləri ŞKTC-nin tək olmadığını və Azərbaycan kimi qüdrətli bir ölkənin dəstəyinə sahib olduğunu göstərir.
- Prezident İlham Əliyevin yüksək səviyyəli bəyanatı Şimali kiprli qardaşlarımız tərəfindən necə qarşılandı?
- Prezident İlham Əliyevin beynəlxalq platformada ŞKTC ilə bağlı verdiyi tarixi bəyanat Şimali Kipr Türk Cümhuriyyəti xalqı tərəfindən böyük sevinc, qürur və minnətdarlıq hissi ilə qarşılandı. Bu bəyanat xalqımızın qəlbində dərin əks-səda doğurdu və qardaş Azərbaycanın səmimiyyətini bir daha bizdə hiss etdirdi. Kipr türk xalqı olaraq bu cür qətiyyətli və mehriban ifadələr bizim üçün mənəviyyat mənbəyi olmaqla yanaşı, həm də Türk dövlətlərinə birlik və bağlılıq hissimizi gücləndirir.
ŞKTC-nin müxtəlif vətəndaş cəmiyyəti təşkilatları, universitetləri və ictimaiyyət nümayəndələri bu bəyanatı yüksək qiymətləndiriblər. ŞKTC xalqı Azərbaycanın yanında olmaqdan qürur duyur və bu qardaşlığın əbədi olacağına inanır. Bu bəyanatdan sonra cəmiyyətin bütün təbəqələrindən müsbət reaksiyalar aldıq. Ümid edirik ki, bu cür dəstəklər daha da artacaq. Bizə göstərdikləri dəstəyə görə Prezident Əliyevə və azərbaycanlı qardaşlarımıza ürəkdən təşəkkür edirəm.
- Milli təhsil naziri kimi Şimali Kiprdə ali təhsil imkanları haqqında məlumat verə bilərsinizmi?
- ŞKTC ali təhsildə çox güclü infrastruktura malikdir. Beynəlxalq akkreditasiyaya malik universitetlərimiz, müasir kampuslarımız, tədqiqat və inkişafa önəm verən universitetlərimiz var. Biz həm ingilis, həm də türk dillərində təhsil verən proqramlarımızla geniş akademik spektr təklif edirik. ŞKTC-də tələbələrə təkcə təhsil deyil, həm də sosial inkişaf və beynəlxalq şəbəkələşmə imkanı verilir. ŞKTC keyfiyyətli ali təhsil imkanları və beynəlxalq standartlara uyğun universitetləri ilə Şərqi Aralıq dənizinin mühüm təhsil mərkəzinə çevrilib. Ölkəmizdə fəaliyyət göstərən universitetlər, multikultural quruluşu, ingilis və türk dillərində təklif olunan təhsil proqramları, akkreditasiya proseslərindəki uğurları ilə diqqət çəkir.
Elmi tədqiqat, texnologiya, mühəndislik, səhiyyə elmləri, sosial elmlər və incəsənət sahələrində geniş proqramlar təklif olunur. Universitetlərimiz dünyanın hər yerindən minlərlə beynəlxalq tələbə qəbul edir. Müasir kampuslar, qabaqcıl laboratoriyalar, kitabxanalar və sosial obyektlər təkcə akademik deyil, həm də tələbələrin fərdi inkişafına töhfə verir. ŞKTC ali təhsil müəssisələri Avropa, Asiya və Afrika ölkələri ilə tələbə mübadiləsi proqramları və elmi əməkdaşlıq vasitəsilə qlobal akademik şəbəkələrin bir hissəsinə çevrilib. Tədris dili, münasib təhsil haqları və təhlükəsiz yaşayış şəraiti ölkəmizi cəlbedici edən amillərdəndir. ŞKTC ölkəyə gələn tələbələrə təkcə keyfiyyətli təhsil deyil, həm də tolerant və qonaqpərvər həyat təklif edir.
Qeyd etmək istərdim ki, ŞKTC universitetlərində çoxlu sayda azərbaycanlı tələbələrin təhsil alması da iki xalq arasında davamlı əlaqələrin qurulmasında mühüm rol oynayır. Biz Azərbaycanla ali təhsil sahəsində əlaqələrimizi gücləndirmək və bu qardaşlığı tələbə və akademik mübadilə proqramları, birgə layihələr və mədəni əməkdaşlıqlar vasitəsilə möhkəmləndirmək əzmindəyik.

- Azərbaycanlı tələbələr ŞKTC-də hansı universitetləri seçməlidirlər və necə müraciət edə bilərlər?
- Əvvəllər Doğu Akdeniz Universiteti, Yaxın Şərq Universiteti, Girne Amerika Universiteti, Lefke Avropa Universiteti kimi köklü universitetlərə azərbaycanlı tələbələr tez-tez üstünlük verirdilər. Bununla belə, ŞKTC universitetlərinin Azərbaycandakı tanıtım ofisləri vasitəsilə tələbələrə bələdçilik xidməti göstərməsi və universitetlərin Azərbaycanda təşkil edilən yarmarkalarda iştirak etməsi azərbaycanlı tələbələrin bütün universitetləri seçməsinə səbəb olub. Bu gün ŞKTC-nin bütün universitetlərində azərbaycanlı tələbələr təhsil alır. Müraciətlər universitetlərin rəsmi internet saytları vasitəsilə onlayn şəkildə edilə bilər. Azərbaycanlı tələbələr üçün ŞKTC-də ali təhsil almaq təkcə keyfiyyətli akademik təhsil almaq demək deyil. Eyni zamanda mədəni oxşarlıqlar sayəsində tələbələr özlərini evdəki kimi hiss etdikləri bir mühitdə inkişaf etmək imkanı əldə edirlər. ŞKTC hökuməti olaraq biz də azərbaycanlı tələbələrin ölkəmizdəki universitetləri seçməsinə önəm veririk və bu səbəbdən ötən il Bakıda Ali Təhsilin Təşviq Sərgisini təşkil etdik. Universitetlərimiz yarmarkada özlərini tanıtmaq imkanı əldə etdilər.
Daha sonra universitetlərimizdə azərbaycanlı tələbələrin sayının artdığını görmək bizi sevindirdi. Müraciət prosesi çox asan və tələbələr üçün əlverişlidir. Tələbələrin universitetlərin öz internet saytında onlayn ərizə formalarını dolduraraq birbaşa müraciət ünvanlamaq imkanları var. Onlar orta məktəb diplomu, transkript, pasportun surəti və dil biliyi sertifikatı kimi sənədləri sistemə yükləyərək müraciət edə bilərlər. Universitetlərimiz də Azərbaycan vətəndaşlarına xüsusi təqaüdlər və güzəştlər təklif edir. Bu çərçivədə, müraciət zamanı təqaüd tələb etmək mümkündür. ŞKTC ilə Azərbaycan arasında qurulan möhkəm əlaqələrin təbii nəticəsidir ki, azərbaycanlı tələbələr universitetlərimizdə böyük diqqət çəkir və sürətlə inteqrasiya olunurlar. Bu qardaşlıq mühitində tələbələr özlərini təkcə akademik deyil, həm də sosial və mədəni cəhətdən təkmilləşdirərək məzun olurlar. Bu tələbələri ŞKTC ailəsinin bir hissəsi kimi görməkdən qürur duyuruq.
- Azərbaycanda təhsil alan ŞKTC vətəndaşı varmı?
- Azərbaycan universitetləri xüsusilə mühəndislik, tibb, əczaçılıq və beynəlxalq əlaqələr kimi sahələrdə təqdim etdikləri təhsillə seçilir. ŞKTC vətəndaşları da bu sahələrə böyük maraq göstərirlər. ŞKTC tələbələrinin Azərbaycan universitetlərinə üstünlük verməsi fərdi karyera inkişafı üçün son dərəcə vacibdir və iki ölkə arasında mədəni və diplomatik körpü rolunu oynayır. Bu səbəbdən biz Azərbaycan universitetləri ilə əməkdaşlıq proseslərinin daha da dərinləşdirilməsi, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi və qarşılıqlı diplomların tanınması üçün səylə çalışırıq.
Azərbaycanda təhsil alan ŞKTC vətəndaşları qardaşlığımızı daha da gücləndirəcək və ortaq gələcəyimizin möhkəm təməllər üzərində qurulmasına töhfə verəcəklər. Ötən illərdə Azərbaycan universitetlərini bitirmiş və hazırda ölkəmizdə öz peşələrini icra edən vətəndaşlarımız var. Bu gün biz həm Bakıdakı diplomatik nümayəndəliyimiz, həm də birbaşa Milli Təhsil Nazirliyi olaraq Azərbaycanda təhsil alan tələbələrimiz üçün ünsiyyət və dəstək mexanizmlərini səmərəli şəkildə həyata keçiririk.
- Dünyanın hər yerində qarşılıqlı tələbə mübadiləsi ölkələrə bir-birini tanımaq və bir çox cəhətdən öz təcrübələrini bölüşmək imkanları yaradır. ŞKTC-nin təhsil diplomatiyasında prioritet məsələlərini qeyd edə bilərsinizmi?
- Təhsil diplomatiyasında əsas məqsədimiz beynəlxalq tələbə müxtəlifliyini artırmaq, akademik əməkdaşlığı gücləndirmək və mədəniyyət mübadiləsini təşviq etməkdir. ŞKTC müxtəlif ölkələrdən olan tələbələr üçün təhlükəsiz, keyfiyyətli və qonaqpərvər təhsil mühiti təklif edir. Tələbə mübadiləsi proqramları, birgə layihələr və akademik konfranslarla bu strukturu daha da inkişaf etdirməyi hədəfləyirik. ŞKTC olaraq təhsil diplomatiyasını həm ölkəmizi beynəlxalq aləmdə tanıtmaq, həm də qalıcı dostluqlar qurmaq üçün ən təsirli yollardan biri kimi görürük. Bu baxımdan, təhsil sahəsində xarici əlaqələrimizi həyata keçirməkdə prioritetimiz qarşılıqlı anlaşma və əməkdaşlığa əsaslanan çoxölçülü baxışın inkişaf etdirilməsidir.
Təhsil diplomatiyasında prioritetlərimiz, ixtisaslı akademik əməkdaşlıq, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi və qarşılıqlı tanınmanın təmin edilməsidir. Bu anlayışla Bakıya səfərimiz zamanı müxtəlif universitetlərlə əlaqələr qurduq. Biz ŞKTC universitetləri ilə Azərbaycan universitetləri arasında tələbə-akademik mübadilə və birgə proqramın həyata keçirilməsini dəstəkləyirik. ŞKTC-nin beynəlxalq səviyyədə tanınmasının artırılması baxımından təhsil diplomatiyası da böyük əhəmiyyət kəsb edir. Universitetlərimizin beynəlxalq tələbə qəbulu üçün açıq strukturu, qlobal miqyasda inteqrasiya olunmuş təhsil proqramlarımız və elmi fəaliyyətlərdə fəal rolumuz bu səyin ən mühüm göstəriciləridir. Əsas məqsədlərimiz təhsil vasitəsilə dostluq əlaqələri qurmaq, qarşılıqlı anlaşmanı artırmaq və mədəni qarşılıqlı əlaqəni zənginləşdirməkdir.

- ŞKTC universitetlərini bitirən azərbaycanlı tələbələrin diplomları Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən tanınırmı? Tanınmayan universitetlərlə əlaqə saxlamağa cəhd etmisinizmi?
- ŞKTC universitetlərini bitirmiş azərbaycanlı tələbələrin diplomlarının Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən tanınması bizim üçün böyük əhəmiyyət kəsb edir. ŞKTC-nin bir çox universitetlərinin diplomları Azərbaycan tərəfindən tanınır və məzunlarımız Azərbaycanda akademik və peşəkar həyatlarını uğurla davam etdirirlər. Bu vəziyyət iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın əldə edildiyi müsbət məqamı göstərir. Lakin zaman-zaman bəzi universitetlərin və ya müəyyən proqramların tanınması ilə bağlı texniki problemlər yarana bilər. Belə hallarda biz ŞKTC Milli Təhsil Nazirliyi olaraq Azərbaycanın müvafiq qurumları ilə birbaşa əlaqə saxlayır, lazımi məlumat və sənədləri təqdim edir, proseslərdə asanlaşdırıcı rol oynayırıq.
Məqsədimiz hər iki ölkədən olan tələbələrin zərər çəkmədən təhsillərini davam etdirmələrini və diplomlarının hər iki ölkədə qarşılıqlı etibarlı olmasını təmin etməkdir. Bununla bağlı biz bu yaxınlarda bir sıra ikitərəfli görüşlər keçirmişik və texniki komissiyalar yaratmaqla bu prosesi daha sistemli şəkildə həyata keçirməyi hədəfləyirik.
Bundan əlavə, ŞKTC universitetlərinin akkreditasiya proseslərinə verdiyimiz əhəmiyyət sayəsində beynəlxalq etibarlılığa malik diplomların nisbəti günü-gündən artır. Biz Azərbaycanla əməkdaşlığımızı təhsilin keyfiyyətini artırmaq və qarşılıqlı tanınmanı gücləndirmək əzmi ilə davam etdiririk.
- ŞKTC universitetlərinin üstünlükləri nələrdir? Azərbaycanlı tələbələr ŞKTC universitetlərini seçsələr, nə əldə edə bilərlər?
- ŞKTC universitetləri beynəlxalq standartlarda təhsil təklif edərkən, eyni zamanda tələbələrə mədəni müxtəliflik və sosial inkişaf baxımından zəngin təhsil mühiti təqdim olunur. Kiçik, lakin təhlükəsiz coğrafiya olan ŞKTC-də tələbə mərkəzli təhsil yanaşması ilə böyümək imkanı olan tələbələr türk və ingilis dillərində təhsil almaq imkanı ilə qlobal rəqabətə hazır fərdlər kimi yetişdirilir.
ŞKTC universitetləri təqdim etdikləri keyfiyyətli təhsil, təhlükəsiz yaşayış mühiti və beynəlxalq standartlara cavab verən akademik strukturları ilə diqqəti cəlb edir. Universitetlərimiz müasir kampusları, qabaqcıl texnoloji infrastrukturu, tədqiqat mərkəzləri və çoxdilli təhsil imkanları ilə tələbələrinə hərtərəfli öyrənmə təcrübəsi təklif edir. Universitetlərimiz xüsusilə səhiyyə, mühəndislik, sosial elmlər və beynəlxalq əlaqələr kimi sahələrdə geniş akademik proqramlar təklif edir.
Azərbaycanlı tələbələr üçün ŞKTC universitetlərində təhsil, mədəni oxşarlıqlar, ortaq dil və həyat tərzləri sayəsində uyğunlaşmanın asan olduğu bir mühitdə inkişaf etmək imkanı təqdim edir. Eyni zamanda, universitetlərimizin təklif etdiyi təqaüd proqramları sayəsində maliyyə baxımından tələbələr üçün əlverişli təhsil modeli mövcuddur. İngilis dilində təhsil almaq imkanı həm də tələbələrə beynəlxalq əmək bazarında rəqabət üstünlüyü verir. ŞKTC universitetləri Avropa və Asiya ölkələrinin bir çox universitetləri ilə akademik əməkdaşlıq edir. Bu yolla tələbələr Erasmus+ kimi mübadilə proqramlarında iştirak etmək imkanı ilə başqa ölkələrdə təhsil ala bilərlər. Təhlükəsiz kampus həyatı, çoxmillətli tələbə icmaları, mədəni tədbirlər və sosial məsuliyyət layihələri tələbələrin təkcə akademik deyil, həm də şəxsi inkişafına böyük töhfə verir.
- Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətində əlaqələrində təhsil və mədəniyyət sahəsində nələri planlaşdırırsınız?
- Biz tələbə-akademik mübadilə proqramlarını artırmağı, birgə tədqiqat layihələrini təşviq etməyi və mədəni tədbirlər təşkil etməyi planlaşdırırıq. İki ölkə arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün təhsil və mədəniyyət sahələrində hər cür əməkdaşlığa açıq olduğumuzu vurğulamaq istərdim. Azərbaycan-ŞKTC münasibətlərində təhsil və mədəniyyət sahələri əməkdaşlığımızın ən güclü və daimi sütunlarını təşkil edir. Bu kontekstdə qarşıdakı dövrdə bu sahələrdə tərəfdaşlığımızı daha da dərinləşdirməyi və onları daimi strukturlarla institusionallaşdırmağı hədəfləyirik. İlk növbədə, prioritetlərimizə tələbə və akademik mübadilə proqramlarının daha sistemliləşdirilməsi, qarşılıqlı təqaüd imkanlarının genişləndirilməsi və birgə tədqiqat layihələrinin hazırlanması daxildir. Bu məqsədlə Azərbaycanda təmaslarım zamanı yüksək səviyyəli Azərbaycan rəsmilərinə dedim ki, göndərəcəkləri on azərbaycanlı tələbəyə biz ŞKTC dövlət təqaüdü verə bilərik. Hazırda biz universitetlərimizdə təhsil alan üç azərbaycanlı tələbəyə dövlət təqaüdü veririk. Bundan əlavə, biz ŞKTC universitetləri ilə Azərbaycan universitetləri arasında birgə institutların və tədqiqat mərkəzlərinin yaradılmasını təşviq etməyi planlaşdırırıq. Mədəni diplomatiya baxımından, birgə incəsənət və mədəniyyət festivalları, gənclər düşərgələri, musiqi və ədəbiyyat tədbirləri təşkil etməklə iki ölkə xalqları arasındakı qardaşlığı cəmiyyətin hər bir təbəqəsində görmək istəyirik. Təhsil sahəsində tanınma, akkreditasiya proseslərinin uyğunlaşdırılması və təhsil məzmununun paylaşılması da gündəmimizdə olan məsələlərdəndir. Biz həmçinin ŞKTC-də təhsil alan azərbaycanlı tələbələr üçün dəstək mərkəzləri yaradaraq onların sosial, akademik və mədəni inteqrasiyasını asanlaşdırmağı hədəfləyirik. Bu baxımdan biz azərbaycanlı həmkarlarımızla daimi dialoq aparırıq. Ortaq məqsədimiz iki qardaş dövlətin gənc nəsillərini bir-birinə daha da yaxınlaşdırmaq, təhsil və mədəniyyətlə türk dünyasının birliyini və həmrəyliyini gücləndirməkdir.

