BAKI, 24 aprel. TELEQRAF

“Qloballaşan dünyada din siyasəti: yeni reallıqlar və perspektivlər” mövzusunda Zaqatalada keçirilən regional konfrans işini panel sessiyalarla davam etdirib.

Teleqraf xəbər verir ki, konfransın “Dini radikalizmin yaranma səbəbləri və ictimai təsirləri” mövzusuna həsr edilən I panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov moderatorluq edib.

Aİİ-nin İlahiyyat fakültəsinin dekan müavini, Sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov çıxış edərək, dini radikalizmin təşəkkül tapması, dinin siyasiləşməsi tendensiyalarından bəhs edib. Bildirib ki, İslam dünyasında dinin siyasi yönlərini ön plana çəkən hərəkatlar XX əsrin ortalarından etibarən yüksəlməyə başlayıb. Son dövrlərdə bu istiqamətdə radikal qrupların yaranması müşahidə edilib.

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, Komitə yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev dini radikalizmin siyasi-iqtisadi səbəblərindən, mövcud reallıqlar və təhdidlərdən söhbət açaraq qeyd edib ki, separatizim, islamafobiya, ksenofobiya və antisemitizim kimi hallara qarşı mubarizə aparmaq üçün ilk növbədə həmin anlayışların yaranma səbəblərini və mahiyyətini təhlil etmək lazımdır. “Dini radikalizm özündən olmayan dini qruplara qarşı barışmaz mövqe tutan, başqalarına qarşı fiziki, mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorçu qrupların fəaliyyətlərinə şamil edilir” – deyə E.Mustafayev əlavə edib.

“Dini radikalizmin mahiyyəti, yaranmasının dini səbəbləri və təzahür formaları” mövzusunda məruzə ilə çıxış edən Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov mövzu ilə bağlı anlayışlara aydınlıq gətirib. Radikallığın əsas səbəblərindən birinin dini doğru-düzgün başa düşməmək, yalnız öz mövqeyini haqlı bilib başqalarının fikirlərini rədd etmək olduğunu diqqətə çatdırıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin moderatorluğu ilə “Din, ənənə və müasirlik” mövzusunda II panel sessiyasında Bakı İlahiyyat Kollecinin direktoru, İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov müasir inkişaf yolunda Azərbaycanın öz dəyərlərinə, ənənələrinə sahib çıxması haqqında danışıb. Vurğulayıb ki, ənənə-müasirlik balansının dini sahədəki təzahürü milli kimliyimizin mühafizəsinə mühüm töhfələr verir.

Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov müasir çağırışlar kontekstində ənənəvi İslam mövzusuna toxunub. Diqqətə çatdırıb ki, dinə yanaşmada insan faktorunun olması fərqli anlayışların meydana gəlməsinə, bu da öz növbəsində müxtəlif baxışlar və çoxlu sayda məzhəblərin yaranmasına səbəb olub. Ə.Niyazov hər bir baxış tərzinin öz ictimai-siyasi, sosial-mədəni dairəsində meydana gələrək zamanla adətlərə və köklü ənənələrə çevrilməsindən də danışıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Bakı şəhəri Nərimanov rayon “Cümə” məscidinin imamı Ceyhun Rüstəmov ölkəmizdə tarix boyu müxtəlif mədəniyyətlərin, dinlərin, millətlərin və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət, dostluq şəraitində bir ailə kimi yaşadıqlarını və bu ənənənin günümüzdə də davam etdiyini deyib. Vurğulayıb ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, hər zaman milli-mənəvi dəyərlərə sadiq qalıb.

Regional konfransın yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qarşıda duran mühüm vəzifələrin həyata keçirilməsi istiqamətində səsləndirilən təkliflərlə bağlı fikirlərini bildirib. Qeyd edib ki, aktual mövzuya həsr olunmuş bu tip tədbirlərdə ümumi işimizə töhfə verən ideyaların müzakirəsi gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Dövlət Komitəsi tərəfindən ötən ildən etibarən keçirilən regional konfranslar 3 mühüm ideya üzərində qurulub. R.Məmmədov vurğulayıb ki, dini dəyərlərin qorunmasında din xadimləri daha geniş auditoriyaya və daha asan yollarla xitab etmək imkanına malikdirlər. Bu baxımdan din xadimləri barəsində ictimai şüurda stereotipləşmiş təsəvvürləri dəyişmək əsas prioritetlər sırasında yer alır. Eyni zamanda Azərbaycanda dövlət-din münasibətləri modelinin güclü dövlət, vətəndaş kimliyi, milli-mənəvi dəyərlər və multikulturalizm ənənələrinə əsaslanmasını təşviq etmək, eləcə də qlobal çağırışlar kontekstində mövcud riskləri, dini-ideoloji təhdidləri təhlil edərək daha doğru nəticələr çıxarmaq əsas hədəflərdəndir.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda müvafiq dövlət orqanlarının nümayəndələri, Zaqatala, Qax və Balakən rayonlarında fəaliyyət göstərən 160-dan çox din xadimi iştirak edib.